Azərbaycan xalqına məxsus Xəzər necə zəbt olunub... Tanınmış hüquqşünas Aslan İsmayılov Xəzər dənizinin sahilinin zəbt olunması ilə bağlı satus paylaşıb.
Hüquqşünas ictimai qınağın problemlərin həllində çıxış yolu olduğunu düşünür. Qeyd edək ki, Aslan İsmayılov AZAL - ın inhisarçılığını və vətəndaşları aldatmasını ictimailəşdirdikdən sonra prezident İlham Əliyev AZAL-a qiymətlərin aşağı salınaraq tənzimlənməsinə dair tapşırıq vermişdi.Moderator.az xəbər verir ki, bu dəfə hüquqşunas diqqəti Xəzərin sahilinin qanunsuz zəbt olunmasına çəkib. O paylaşdığı videoda Azərbaycan Respublikası Torpaq Məcəlləsindən sitat gətirərək Xəzərin sahilinin zəbt olunmasının yolverilməz olduğunu bildirib.
Aslan İsmayılov özünü Azərbaycan vətəndaşı hesab edən hər bir şəxsdən bu problemin ictimailəşməsində yardımçı olmasını xahiş edib:"Özünü Vətəndaş hesab edən hər bir şəxsdən bu problemin ictimailəşməsində yardımçı olmasını xahiş edirəm."
Hüquqşünasın sitat gətirdiyi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46 -cı maddəsinin 2-1-ci bəndində deyilir:
"2-1. Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Bu maddənin birinci cümləsinə uyğun olaraq istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər."