İnzibati icraatın təkmilləşdirilməsinin mühüm amillərindən biri kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq 103 xidmət, yəni qurumun xidmətlərindən 3-də 2-si elektronlaşdırılıb. Həmin 103 xidmət bütünlüklə e-ifrastruktur üzərindən göstərilir.
Qazilər.az bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mediaya müsahibəsində deyib.
O bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, son illərdə əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində geniş elektronlaşma proqramı icra olunur və bu sahədə mühüm irəliləyişlər var. Elektronlaşma proqramı həm məmur-vətəndaş təmaslarının azaldılmasına, idarəçilik və xidmətlərin şəffaflaşmasına, müasirləşməsinə, həm də xidmətlərin operativliyinə və vətəndaşlar üçün daha əlçatan olmasına imkan yaradır. Son illərdə həm DOST mərkəzlərinin timsalında “vahid pəncərə”dən xidmətlərin göstərilməsi təmin olunur, həm də Nazirlik üzrə elektron xidmətlərin dairəsi dəfələrlə genişlənib. Artıq sosial təminat növləri, aktiv məşğulluq tədbirləri, əmək münasibətləri və s. üzrə xidmətlər elektron müstəvidə təqdim edilir.
S.Babayev təkcə bu ilin 7 ayında Nazirlik üzrə 15 milyon xidmətin elektron şəkildə göstərildiyini, elektron qaydada 400 min arayışın verildiyini deyib: “Bu müddətdə 120 min pensiya, müavinət və təqaüdün təyinatı e-qaydada həyata keçirilib. Yəni vətəndaşların pensiya, müavinət və təqaüd hüquqları yarandığı halda proaktiv şəkildə bu ödənişlər təyin olunub. Bununla da vətəndaşın əvvəllərdə olduğu kimi hansısa quruma müraciətinə, sənəd toplayıb təqdim etməsinə ehtiyac qalmayıb”, deyə nazir bildirib.
E-sosial portalının əhəmiyyətindən bəhs edən nazir qeyd edib ki, bu portal vətəndaşlara həm onlar barədə toplanmış bütün sosial məlumatlara çıxış imkanı verir, həm də onların öz sosial hüquqlarının təminatına nəzarət etməsinə şərait yaradır. Hər kəsin e-sosial.az portalından rahat istifadəsi üçün portalın “Android” və “İOS” əməliyyat sistemləri üzrə tətbiqləri də mövcuddur. Artıq 1 milyondan çox insan e-sosial portalının aktiv istifadəçisidir və bu say getdikcə artmaqdadır.