Toylardan yığılan cərimələr hara xərclənəcək? - AÇIQLAMA

Toylardan yığılan cərimələr hara xərclənəcək? -  AÇIQLAMA backend

Verilən qərara görə, Azərbaycanda toylara qonaq sayının 50 və 150 nəfər olmaq şərtilə icazə verilib. Bunun üçün isə insanların hər birində "COVID" pasportunun olması və toy sahibinin insan sayına nəzarət etməsi tələbi qoyulub. Hər gün verilən xəbərlərdən isə görürük ki, insanların çoxu bu tələblərə əməl etmir və cərimələnirlər.

Bəs toylardan yığılan cərimələr hara xərclənəcək?

Qazilər.az xəbər verir ki, İqtisadçı Rəşad Həsənov Sonxeber.az-a açıqlamasında bildirib ki, cərimə prosesi inzibati xətalar məcəlləsinə uyğun olaraq həyata keçirilir:

"Bu pullar dövlət büdcəsinə yönlənir və sonradan ayrı-ayrı istiqamətlərdə paylaşdırılır. Bura sosial, infrastruktur, pandemiya ilə mübarizə, əməyin ödənişi, tibbi ləvazimatların, ərzaqların alınması, sosial müdafiə və hökumətin saxlanması (inzibati) xərcləri aiddir. Dövlət büdcəsinin strukturunda nə qədər xərc istiqaməti varsa, bu xərclərin maliyyələşməsinə hansısa formada qatqısı olur. Burada hər hansı xüsusi bir qruplaşdırma aparılmır. Hansı qurumun cərimələri təyin etməsindən asılı olaraq, həmin qurumun çalışanlarının sosial müdafiəsinin təmin edilməsi ilə bağlı qanunvericilikdə 25%-lik ayırmalar vardır. Bu da inzibati xətalar məcəlləsində nəzərdə tutulan cərimələr üzrə hesablanır. Həmin gəlirlərin bir qismi də aiddiyatı qurumların kənar fondunun formalaşmasına yönəldilən vəsaitlərdir. Məndə olan məlumata görə, həmin cərimələrin bir qismi də məhkəmələrə daşınır və sahibkarların pandemiya dövründə itkiləri nəzərə alınaraq, bu cərimələr ya azaldılır, ya da ləğv edilir".

İqtisadçı Elşad Məmmədovun sözlərinə görə, toylarda yığılan cərimələr dövlət büdcəsinə daxil edilib, aiddiyatı olaraq büdcə xərcləri formasında iqtisadiyyatın müxtəlif istiqamətlərinə yönəldilə bilər:

"Büdcə daxilolmaları ilə bağlı elə bir yanaşma yoxdur ki, filan sahədən gələn mədaxil məhz filan sahəyə gedəcək. Yığılan cərimələr və vergilər dövlət büdcəsinə daxil olunandan sonra ya iqtisadiyyata qaytarılır, ya da dövlət tərəfindən xarici borcların ödənilməsinə yönləndirilə bilər".

Diaspora