Avropa Birliyinin Şərq Tərəfdaşlığı ölkələrinə yaxın 5 il üçün ayırdığı 17 milyard avro yardım ciddi şəkildə müzakirə olunmaqdadır.
Qazilər.az xəbər verir ki, 2 iyulda qəbul edilən qərarın detalları ictimaiyyətə tam açıqlanmayıb və bu da ciddi informasiya qırlığı və yanlış nəticələrə səbəb olub. Şərq Tərəfdaşlığı çərçivəsində Cənubi Qafqaz ölkələri içərisində ən çox vəsaitin Ermənistana ayrılması barədə iddiaların yaranmasına da səbəb budur.
Bu barədə Axar.az-ın AB-nin Bakı nümayəndəliyinə göndərdiyi sorğuya da 3 gündür cavab verilməyib. Maraqlıdır ki, AB tənqidlərə baxmayaraq, situasiyanı aydınlaşdırmaq və səbəbləri izah etməkdə maraqlı görünmür. Bu isə ayrılan vəsaitdə doğrudan da ikili standartlar olduğu təəssüratını gücləndirir.
Əldə edilən məlumatda isə əslində ən çox vəsaitin Ukraynaya ayrıldığı qeyd olunur. Cənubi Qafqaz ölkələrində də ən böyük yardımı Gürcüstan alacaq – 3,9 milyard avro. Ermənistana əvvəlcə 1,6 milyard avro yardım ayrılsa da, sonradan daha 1 milyard faizsiz kredit verilməsi qərara alınıb.
Vəsaitlər hissə-hissə, 5 il müddətində köçürüləcək.
Bəs, niyə Cənubi Qafqaz ölkələri arasında Gürcüstana 3,9 milyard, Ermənistana 1,6+1 milyard, Azərbaycana isə 145 milyon avro yardım nəzərdə tutulur?
İqtisadçı ekspertlər (o cümlədən Natiq Cəfərli) hesab edir ki, buna səbəb Gürcüstan və Ermənistanın AB ilə assosiativ saziş imzalamasıdır. Gürcüstan daha üst, Ermənistan isə alt səviyyədə saziş imzaladığı üçün yardım da buna uyğun ayrılıb. Azərbaycan isə hələ AB ilə müqavilə imzalamadığı üçün yardım da simvolikdir.
İlk baxışda olduqca əsaslı arqumentdir. Ancaq bu suallar açıq qalır:
1. Belarus nəinki AB ilə saziş imzalayıb, hətta AB-nin Şərq Tərəfdaşlığı proqramından rəsmən çıxdığını elan edib. Bəs, necə olur ki, Şərq Tərəfdaşlığından imtina edən Belarusa 850 milyon civarında, Şərq Tərəfdaşlığında fəaliyyətini davam etdirən və AB ilə müqavilə şərtlərinin artıq 90 faizini razılaşdıran Azərbaycana 145 milyon avro yardım təklif edilir?
2. AB Şərq Tərəfdaşlığı ölkələrinə (Ukrayna, Belarus, Moldova, Gürcüstan, Ermənistan, Azərbaycan) vəsaiti hansı prinsiplə ayırdığını niyə elan etmir?
3. Bu layihənin tam mətni və ölkələr üzrə ayrılan vəsait niyə əlçatan deyil? Niyə indiyə qədər detallı məlumat yayılmır?
4. AB-nin yerli nümayəndəlikləri bu yöndən sorğuları niyə cavablandırmaq və ayırmalardan narazı olan ölkələrdəki anlaşılmazlıqlara aydınlıq gətirmək istəmir?
Bu suallara cavab tapılsa, mənzərə aydınlaşar...