Avqustda maaş və pensiyalar artırılacaq? - “Büdcəyə yenidən baxılanda...”

Avqustda maaş və pensiyalar artırılacaq? -  “Büdcəyə yenidən baxılanda...” backend

Azərbaycanda son 2 ildə inflyasiya səviyyəsinin artması və bəzi kommunal xidmətlərin dəyərinin yüksəlməsi müşahidə edilib. İki il ərzində mal və xidmətlərin dəyəri 7 faizdən çox, ərzaq məhsullarının qiyməti 10 faizdən çox artıb. 

Bu dövrdə əhalinin nominal və real gəlirləri azalıb. 2020-ci ildə nominal gəlirlər 2,5 faiz, real gəlirlər 5,3 faiz, 2021-ci ilin yanvar-may ayları ərzində nominal gəlirlər 0,2 faiz, real gəlirlər 4,4 faiz azalıb. 

Qiymətlərin  yüksəldiyi, əhalinin gəlirlərinin isə azaldığı bir şəraitdə tələbin gücləndirilməsi üçün əmək haqqı və pensiya artımları zəruridirmi?

Sfera.az saytına danışan iqtisadçı-ekspert Xalid Kərimli Azərbaycanda uzun müddətdir ki, minimum əmək haqqının səviyyəsinin dəyişdirilmədiyini dedi. Ekspert söylədi ki, sonuncu dəfə 2019-cu ilin sentyabrın 1-də minimum əmək haqqı artırılıb. Dövlət sektorunda sonuncu maaş artımlarının da həmin dövrə təsadüf etdiyini bildirən X.Kərimli hesab edir ki, ötən müddətdə çox şey dəyişib və maaş artırılması zəruridir: 

"Sonuncu dəfə maaş artımları 2 il öncə baş verib. Ondan sonra həm dünyada, həm də ölkədə qiymət səviyyəsi yüksəlib, kommunal xidmətlərin tarifləri artıb. Bahalaşma ilə əlaqədar olaraq əhalinin sahib olduğu pul əvvəlki dəyərini itirib.  

Bu ona gətirib çıxarıb ki, əhalinin, xüsusən də sosial cəhətdən zəif olan insanların real gəlirləri azalıb. Düşünürəm ki, bu vəziyyəti nəzərə alaraq, minimum əmək haqqı, pensiya və dövlət sektorunda çalışanların maaşına yenidən baxılmalıdır”. 

X.Kərimli gözləyir ki, bu ilin avqustunda 2021-ci ilin dövlət büdcəsinə yenidən baxılacaq. Onun fikrincə, büdcəyə yenidən baxılan zaman maaş və pensiyaların artırılması nəzərə alınmalıdır. 

Diaspora