Vətən müharibəsi qəhrəmanları üçün nəzərdə tutulan güzəşt və imtiyazlar genişləndirilir

Vətən müharibəsi qəhrəmanları üçün nəzərdə tutulan  güzəşt və imtiyazlar genişləndirilir backend

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib.

Qazilər.az xəbər verir ki, iclasın müzakirəsinə üç qanun layihəsi çıxarılıb.

Komitənin sədri Ziyafət Əsgərov qanun layihələri haqqında məlumat verərək bildirib ki, gündəliyin birinci məsələsi olan “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunda dəyişiklik edilməsi barədə” sənəd bu qanunun təsir dairəsində olan ictimai münasibətlərin dəqiq tənzimlənməsi və təkmilləşdirilməsi xarakteri daşıyır. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi isə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər üçün nəzərdə tutulan güzəşt və imtiyazlarla əlaqədardır.

Komitədə baxılan üçüncü məsələ “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Gənclər siyasəti haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsini nəzərdə tutur. Layihəyə əsasən hərbi ehtiram göstərilən şəxslərin sırasına “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, “Zəfər” və “Qarabağ” ordeni ilə təltif edilmiş şəxslər də daxil edilir. Dəyişiklik həmçinin Vətən Müharibəsi Qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsini və qorunmasını təsbit edir.

Sonra gündəlikdəki hər üç məsələ Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Onlayn iclasda komitə sədrinin müavini Hikmət Məmmədov, komitənin üzvləri - Aqil Abbas, Əminə Ağazadə, Kamal Cəfərov, Oqtay Əsədov, Nurlan Həsənov, Erkin Qədirli, Elman Məmmədov, Elşad Mirbəşiroğlu, Aydın Mirzəzadə, Arzu Nağıyev, Bəxtiyar Sadıqov və Nizami Səfərov iştirak ediblər.

Diaspora