Qoşunların təmas xəttinə yaxınlıqda yerləşən taxıl sahələrində el arasında taxıl böcəyi həşəratlarının çoxalması müşahidə olunur. Bu barədə QAZİLER.AZ. APA-nın Qarabağ bürosuna istinadən məlumat yayıb. Bu haqda yerli sahibkarlar məlumat veriblər. Hazırda Ağdam, Ağcabədi, Xocavənd və Füzuli rayonlarının ərazisində yerləşən Ergi və Haramı düzlərində dəmyə şəraitdə becərilən 3500 hektardan çox sahədə bu növ həşəratlar yayılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin Füzuli rayonu üzrə mütəxəssisi Yusif Hüseynov APA-nın Qarabağ bürosuna bildirib ki, rayon ərazisində 281 hektar taxıl sahəsində taxıl böcəklərinin olduğu aşkarlanıb və zərərvericilərə qarşı tədbir görülüb.Mərkəzin Beyləqan rayonundakı nümayəndəliyindən də bildirilib ki, taxıl böcəklərinin rast gəlindiyi sahələr ciddi nəzarət altına alınıb və dərmanlama işləri aparılır.
Mütəxəssislərin sözlərinə görə, bir taxıl böcəyi bir dəfədə 16-30 yumurta qoymaqla sürətlə çoxalmaq qabiliyyətinə malikdir. Bir kvadratmetr sahədə 3-dən çox böcək müşahidə olunursa, bu artıq, taxıl sahəsinin ciddi təhlükə altında olmasına işarədir.
Suvarıla bilən taxıl sahələrində isə sümürgən, məftil qurdu və şaqqıldaq böcəyə rast gəlinir.
Kənd təsərrüfatı mütəxəssislərinin sözlərinə görə, bölgədə yerləşən yonca sahələrində isə gödəkquyruq siçanların sürü halında meydana gəlməsinə təsadüf olunur. Hazırda bu zərərvericilərə qarşı da dövlət vəsaiti hesabına mübarizə aparılır.