“2015-ci il və növbəti illərdə əsas məqsəd İKT və yüksək texnologiyalar sahəsində istehsalın genişləndirilməsidir. Məqsəd istehsal olunan məhsul və xidmətlərin, əsasən, ixracyönümlü olmasını təmin etməkdir. Artıq nazirlik yarım ildir ki, böyük şirkətlərlə danışıqlar aparır. 2015-ci il ixracyönümlü məhsul və istehsalının genişləndirilməsi ilə yadda qalacaq”
Bu günlərdə ölkə başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident bir sıra məsələlərə toxundu. Ölkə iqtisadiyyatının, qeyri-neft sektorunun inkişafına toxunan ölkə başçısı kosmik sənaye, innovasiya ilə bağlı fikirlərini bildirdi: “Keçən il ikinci peykimiz orbitə buraxıldı. Bu da çox gözəl hadisədir. Bu da nəhəng layihələr arasında özünəməxsus yer tutan bir layihədir. Artıq bizim iki peykimiz var. Biri telekommunikasiya peyki, ikincisi Yer səthini müşahidə edən peyk. Bunun çox böyük əhəmiyyəti var və Azərbaycanda kosmik sənayenin inkişafı sürətlə gedir. Biz yeni texnologiyalara, innovasiya layihələrinə sərmayə qoyuruq və bu layihələr həm elmin inkişafına xidmət göstərir, həm də idarəetmə məsələlərini təkmilləşdirir”.Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov çıxışı zamanı Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilən tapşırıqlardan söz açdı. Ölkədə aparılan iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunduğunu qeyd edən nazir Ə. Abbasov inkişaf tendensiyasının rabitə və yüksək texnologiyalar sektorunda da saxlandığını vurğuladı. Ötən ilin əsas uğurlarından da söz açan nazir, xüsusilə Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində bu ilin iyun ayında orbitə çıxarılmış və yeni adı “Azersky” olan “Spot 7” yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peykinin ölkəmizin milli peyk operatoru və Fransanın “Airbus Defence and Space” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, “Bakutel-2014”-ün açılışında “Azərkosmos” ASC-yə təhvil verilməsini, bu mərasimdə Prezident İlham Əliyevin iştirakının ilin əlamətdar hadisəsi olduğunu vurğuladı. Koreyanın Busan şəhərində keçirilmiş Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransında ölkəmizin ilk dəfə olaraq BTİ-nin Şurasına üzv seçilməsini də uğurlar sırasına daxil edən nazir bunu beynəlxalq arenada ölkəmizin artan nüfuzu kimi dəyərləndirib, eyni zamanda respublikada İKT sektorunun sürətli inkişafı və sektorun inkişafına yaxından dövlət dəstəyinin nəticəsində beynəlxalq təşkilatların hesabatlarında da Azərbaycanın öz mövqeyini ilbəil möhkəmləndirdiyini bildirdi. Belə ki, Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları 2014” hesabatında Azərbaycan “Şəbəkələşmə Hazırlığı İndeksi”nə görə əvvəlki mövqeyindən 7 pillə irəliləyərək dünyanın 148 ölkəsi arasında 49-cu yerə yüksəlib. Bu göstəriciyə görə Azərbaycan MDB ölkələrindən Rusiyanı da qabaqlayaraq, Qazaxıstandan sonra 2-ci yerdə qərarlaşıb. Habelə BMT-nin “E-Hökumət müayinəsi 2014” adlı hesabatında Azərbaycan 193 ölkə arasında “Elektron hökumətin inkişafı indeksi” üzrə əvvəlki mövqeyini 28 pillə artıraraq 96-cı yerdən 68-ci yerə yüksəlib.
Nazirliyin fəaliyyətinin səmərəli təşkili ilə bağlı vacib istiqamətləri önə çəkən Ə.Abbasov kosmik sahənin inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi və yeni layihələrin icrasına başlanılması, genişzolaqlı internet və müasir rabitə infrastrukturunun yaradılmasını nəzərdə tutan layihələrin icrasına başlanılması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, telekommunikasiya və poçt xidməti şəbəkəsinin modernləşdirilməsi, Yüksək Texnologiyalar Parkı, nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üzrə “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin fəaliyyətinin təşkili, “Data Mərkəz”in qurulması, respublikada mərkəzləşmiş avtomatik radiomonitorinq şəbəkəsinin yaradılması, rəqəmli yayımın ölkə ərazisini tam əhatə etməsi və analoq yayımın dayandırılması, istifadəçilərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, həmçinin vətəndaşlardan RYTN-ə daxil olan müraciətlərin diqqət mərkəzində saxlanması və həll olunması, I Avropa oyunlarının yüksək səviyyədə keçirilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsi istiqamətində nazirliyin struktur bölmələrinə konkret tapşırıq və göstərişlərini verdi.
“2015-ci il və növbəti illərdə əsas məqsəd İKT və yüksək texnologiyalar sahəsində istehsalın genişləndirilməsidir. Məqsəd istehsal olunan məhsul və xidmətlərin, əsasən, ixracyönümlü olmasını təmin etməkdir. Artıq nazirlik yarım ildir ki, böyük şirkətlərlə danışıqlar aparır. 2015-ci il ixracyönümlü məhsul və istehsalının genişləndirilməsi ilə yadda qalacaq”
Nazir bildirdi ki, ötən il Azərbaycanda informasiya kommunikasiya texnologiyaları (İKT), informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi əvvəlki illə müqayisədə 16,2% artaraq 1,7 mlrd. manatı ötüb. Onun sözlərinə görə, İKT sektorunun ÜDM-də payı 1,9%, qeyri-neft sektorunda 3,2% təşkil edib: “Gəlirlərdə özəl sektorun payı 77%-dən 80%-ə yüksəlib. RYTN-in tabeli müəssisələri üzrə 108 yeni iş yeri açılıb, rabitəçilərin orta aylıq əməkhaqqı isə 11,1% artaraq 388,7 manata çatdırılıb. Sektor üzrə orta aylıq əməkhaqqı 9,3% artaraq 733,5 manat (telekommunikasiya sektorunda orta aylıq əməkhaqqı 835,6 manat, poçt sektorunda isə 240,9 manat) təşkil edib. (Ölkə üzrə orta aylıq əməkhaqqı 441,8 manat olub). Nazir bildirdi ki, RYTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən maliyyə-iqtisadi göstəricilər üzrə proqnozların, büdcə və büdcədənkənar fondlar qarşısında öhdəliklərin icrası, investisiya proqnozlarının yerinə yetirilməsi istiqamətində zəruri tədbirlər görülüb: “Hesabat ilində 331,6 mln. manat gəlir əldə edilib. İnfrastrukturun modernləşdirilməsi və yeni texnologiyaların tətbiqi üçün RYTN üzrə 57,2 mln. manat, ümumilikdə sektor üzrə isə 142 mln. manat investisiya qoyulub”. Ə. Abbasov qeyd etdi ki, investisiya layihələri çərçivəsində 33 yeni EATS istismara verilib, 54 ATS-də genişləndirmə işləri aparılıb və nəticədə respublikanın ümumi telefon şəbəkəsi üzrə montaj tutumu 23 317 nömrə artırılaraq 1 838 922 nömrəyə, əsas telefon aparatlarının sayı 18 264 nömrə artaraq 1 488 707 nömrəyə çatdırılıb: “1 238,2 km (o cümlədən “Aztelekom” İB 808,1 km, BTRİB 171,8 km, “Azərkosmos” ASC 55,4 km, Naxçıvan MR RYTN 190 km) fiber-optik kabel çəkilib. Həmçinin, sabit şəbəkə üzrə 97 571 ədəd ADSL portu quraşdırılıb və istifadəçilərin sayı 85 998 ədəd artıb. Hesabat ilində əvvəllər ADSL xidməti göstərilməyən respublikanın 44 rayonunun 98 ATS-ində 3376 ədəd port quraşdırılıb və ADSL xidmətinin göstərilməsi üçün imkan yaradılıb”.
“Məqsədimiz 2015-ci ildə İKT sahəsində istehsalın genişləndirilməsi olacaq”
Nazir qeyd etdi ki, indiyə qədər Azərbaycanda infrastruktur layihələrini həyata keçirirdik: “2015-ci il və növbəti illərdə əsas məqsəd İKT və yüksək texnologiyalar sahəsində istehsalın genişləndirilməsidir. Məqsəd istehsal olunan məhsul və xidmətlərin, əsasən, ixracyönümlü olmasını təmin etməkdir. Biz artıq bu istiqamətdə son iki ildə hüququ bazanı, işgüzarlıq mühitini və maliyyə resurslarının əldə olunması üçün şərtləri müəyyən etmişik. Artıq nazirlik yarım ildir ki, böyük şirkətlər ilə danışıqlar aparır. 2015-ci ildə ixracyönümlü məhsul və istehsalının genişləndirilməsi yadda qalacaq”.
“Elektron hökumət” portalına inteqrasiya
olunan xidmətlərin sayı 398-ə çatıb”
Ə.Abbasov onu da vurğuladı ki, Azərbaycanda “Elektron hökumət” portalına qoşulan qurumların sayı il ərzində 6 qurum artaraq 46-ya, Nazirlər Kabineti tərəfindən təsdiq olunan xidmətlərdən portala inteqrasiya olunanların sayı 37 ədəd artaraq 322-yə çatıb. Onun sözlərinə görə, ümumilikdə “Elektron hökumət” portalına inteqrasiya olunan xidmətlərin sayı isə 114 ədəd artaraq 398-ə çatıb: “2014-cü il ərzində elektron xidmətlərdən istifadə sayı 1 milyondan 6,7 milyona qədər artıb, e-hökumət portalına daxil olan istifadəçilərin sayı isə 0,8 milyon nəfər artaraq 1,14 milyon nəfəri ötüb”. Nazir bildirdi ki, əhaliyə verilmiş e-imzaların sayı 10 941 ədəd artırılaraq 28 579 ədədə çatdırılıb: “ASAN” imza ilə birlikdə əhaliyə verilmiş e-imzaların sayı isə 140 mini ötüb. Hesabat dövründə “Mobil hökumət” texnologiyasının tətbiqi məqsədilə “Elektron hökumət” portalının mobil tətbiqi hazırlanıb və 10 e-xidmət daxil edilib. Nazir qeyd etdi deyib ki, bu il xidmətlərin sayının 40-a çatdırılmasının nəzərdə tutulub.
Yaxın vaxtlarda “Azərspace-2” peyki ilə bağlı müqavilə
imzalanacaq
Nazir bildirdi ki, “Azərspace-2” telekommunikasiya peykinin orbitə çıxarılması üzrə texniki iqtisadi əsaslandırma yaxın vaxtlarda hökumətə təqdim ediləcək. Onun sözlərinə görə, “Azərspace-2” peykinin resurslarının 45,9%-nin uzunmüddətli icarəsi və orbital mövqedən istifadə ilə bağlı peyk rabitəsi üzrə dünya liderlərindən olan “İntelsat” şirkəti ilə danışıqlar aparılıb və ilkin razılıq əldə edilib. Nazir qeyd edib ki, yaxın vaxtlarda müqavilənin imzalanması gözlənilir.
“Azerspace-1” peyki 2016-cı ildən öz-özünü
maliyyələşdirəcək”
“Azərbaycanın ikinci telekommunikasiya peyki “Azerspace-1” 2016-cı ildən öz-özünü maliyyələşdirə biləcək”. Nazirin sözlərinə görə, planda nəzərdə tutulan vaxtdan əvvəl kommersiya işlərinə başlanılıb: “2013-cü ilin 6 ayında verilən kreditlərin 50%-i ödənilib, indi bu rəqəm 75 %-ə çatıb, gələn il isə artıq “Azərspace-2” peyki öz xərclərini ödəyərək, gəlir vermə rejiminə keçəcək”.
İnternet tariflərinin ucuzlaşması diqqət
mərkəzindədir
Nazir bildirdi ki, internet tariflərinin ucuzlaşması hər zaman bizim diqqət mərkəzimizdədir: “Biz dünyada gedən prosesləri izləyirik. Bu gün Azərbaycanda internetin qiymətləri Avrasiya məkanındakı orta qiymətlərdən aşağıdır. Məsələn, qiymət səbətinə görə, Azərbaycan 56-cı yeri tutur. Həcmə görə internetin istifadəsinə, yəni 500 meqabayt internetin istifadəsinin reytinqinə baxsaq, Beynəlxalq Telekommunikasiya İttifaqının cədvəlində Azərbaycan 38-ci yeri tutub. Bu da olduqca yaxşı göstəricidir”. Ə. Abbasov əlavə etdi ki, bütün ölkələrin orta danışıq həcminin reytinqi dərc olunub: “Azərbaycanda mobil və stasionar telefonlardan olduqca çox istifadə edilir. Belə ki, mobil telefondan istifadəyə görə azərbaycanlılar Avropada türklərdən sonra 2-ci yeri tuturlar. Bu bir tərəfdən yaxışdır. Bu, həm də internetin nə qədər əlçatan olduğunu göstərir. Digər tərəfdən isə şəbəkənin yüklənməsinə səbəb olur. Amma bu insanların öz seçimidir. Biz Avropada həcmə görə ən çox danışan 2-ci abunəçilər sayılırıqsa, bu yaxşı göstəricidir”. Nazir qeyd etdi ki, internet və mobil danışıq tariflərinin ucuzlaşdırılması və keyfiyyətinin yüksəldilməsi istiqamətində mütəmadi tədbirlər görülür.