Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tanınmış tar və gitara ifaçısı Rəhman Məmmədli ilə görüşüb.
Qazilər.az xəbər verir ki, millət vəkili onu yubileyi münasibəti ilə təbrik edib."Sizi - tanınmış sənətçi və pedaqoqu, mahir gitara və tar ifaçısını 60 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, yeni uğurlar diləyirəm!
Siz müxtəlif vaxtlarda Ə.Bakıxanov adına xalq çalğı alətləri ansamblının və dünya şöhrətli xalq artisti Zeynəb Xanlarovanın ansamblının üzvü olaraq, fərqli ölkələrdə yaddaqalan konsert proqramı ilə çıxışlar etmisiz.
2008-ci ildə dünya şöhrətli “Duyğu Müzik” şirkəti tərəfindən musiqi albomunuz hazırlanıb və Avropa ölkələrində təbliğ olunub. 2016-cı ildə Tehranda, daha sonra müxtəlif illərdə Ərdəbil şəhərində konsert proqramı ilə çıxış etmiş, Təbriz şəhərində ustad dərsləri keçmisiz. 2016-cı ilin may ayında Bakıda “EtnoClass” orkestri ilə birgə solo konsert proqramınız olub.
2017-ci ildə ABŞ-ın ünlü “Global Heart Media” şirkətinin dəvəti ilə Texas Ştatının Dallas və Hyuston şəhərlərindəki konsert proqramlarınız da yaddaqalan olub.
Siz dəfələrlə döyüş bölgələrində əsgərlər qarşısında konsertlərdə iştirak etmisiz. Hazırda Füzuli şəhər 3 saylı Uşaq musiqi məktəbində tar müəllimi vəzifəsində çalışırsız. Çox şadıq ki, builki yubileyinizi doğma Füzulinin, digər şəhər və rayonlarımızın azad edilməsinin sevinci, qüruru ilə keçirirsiz”, - Q.Paşayevanın təbrik məktubunda bildirilib.
Yubilyara xatirə hədiyyələri təqdim edilib.
Yubilyar səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.