Üzeyir Hacıbəylinin 130 illik yubileyinə həsr olunmuş konfrans keçiriləcək

Üzeyir Hacıbəylinin 130 illik yubileyinə həsr olunmuş konfrans keçiriləcək backend

Təhsil Nazirliyi və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 130 illik yubileyi münasibətilə respublika elmi-nəzəri və praktiki konfransı keçiriləcək.


Akademiyanın elmi və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar İncəsənət Xadimi Gülnaz Abdullazadə AZƏRTAC-a bildirib ki, “Üzeyir Hacıbəyli – Azərbaycan bəstəkarlıq məktəbi XX-XXI əsrlərdə: ənənə və novatorluq, yeni cərəyanlar” adlı konfransda mədəniyyət və incəsənət xadimləri, elm adamları və akademiyanın professor-müəllim heyəti ilə yanaşı, bir sıra dövlət xadimlərinin də iştirakı gözlənilir. Belə ki, noyabr ayında keçiriləcək və iki gün davam edəcək konfransda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor, Dövlət mükafatı və beynəlxalq müsabiqələr laureatı Fərhad Bədəlbəyli məruzə ilə çıxış edəcək. Daha sonra “Azərbaycan estrada mahnısında yeni təmayüllər”, “Söz və musiqi probleminin araşdırılması”, “Üzeyir Hacıbəylinin Azərbaycan himninin 1990-cı il mayın 28-də Bakı Musiqi Akademiyasında səslənmə tarixi”, “Müasir zamanda ümumtürk musiqi anlayışının aydınlaşdırılması və onun əhəmiyyəti”, “Ü.Hacıbəylinin bərpa və redaktə olunmuş bəzi əsərləri”, “Ü.Hacıbəylinin Azərbaycan xalq musiqisinin əsasları” kitabı və s. mövzularda məruzələr dinlənəcək.

Konfransda Üzeyir Hacıbəyli yaradıcılığı ilə yanaşı, Qara Qarayev, Vasif Adıgözəlov, Fikrət Əmirov, İsmayıl Hacıbəyov, Zülfüqar Hacıbəyov və Azərbaycanın digər görkəmli bəstəkarlarının əsərlərinə dair elmi məruzələr səslənəcək.
Diaspora