Bu gün metronun “Gənclik” stansiyasının yenicə təmirdən çıxmış keçidində “Bakı Metropoliteni” QSC-nin “Kapital Bank” ASC ilə birgə həyata keçirdiyi sosial layihənin rəsmi açılışı olub.
QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, açılış mərasimində “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov, İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev, İspaniyanın Azərbaycandakı müvəqqəti işlər üzrə vəkili Xose Luis Dies, Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu, fotoqraflar Ruslan Məmmədov, Nicat Rzayev, İlkin Kəngərli iştirak ediblər.“Bakı Metropoliteni” QSC-nin sözçüsü N.Paşayev qeyd edib ki, yeni layihənin ideyası metropoliten rəhbərliyinə məxsusdur: “Təşkilatı işləri Metropolitenin reklam və marketinq şöbəsinin rəisi Lalə Babayeva həyata keçirib. Layihə çərçivəsində 126 müraciət əsasında 1857 foto təqdim olunub. Daha istedadlı 39 iştirakçının 92 əsəri Əməkdar mədəniyyət işçisi Fərid Xayrulinin rəhbərlik etdiyi peşəkar münsiflər heyəti tərəfindən seçilərək sərgiyə təqdim olunub”.
Fotosərgi 15 noyabr 2015-ci il tarixinədək davam edəcək.
Qeyd edək ki, bu, “Bakı Metropoliteni” QSC-nin sosial yönümlü ikinci sərgisidir. Daha öncə metronun “Nərimanov” stansiyasının təmirdən çıxmış keçidləri talassemiyalı uşaqlara yardım məqsədilə sərgilənən rəsm əsərləri müəlliflərinin ixtiyarına verilmişdi.