M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında “Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi” mövzusunda geniş kitab sərgisinin açılış mərasimi və “Azərbaycan əlyazmaları Praqa Milli Kitabxanasında” adlı qədim əlyazmaları kitab kataloqunun təqdimatı olub.
Qazilər.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tədbirdə çıxış edib.Komitə sədri Nizami ili ilə yanaşı, eyni zamanda, Şuşanın Mədəniyyət Paytaxtı elan olunması və Mədəniyyət Paytaxtında Xarıbülbül Festivalının, Vaqif Poeziya Günlərinin bərpa olunmasını da nəzərə alaraq, 2021-ci ili bütövlükdə Azərbaycan mədəniyyəti üçün xüsusi il kimi xarakterizə edib:
"Cənab Prezidentin qəbul etdiyi mühüm qərarlar və planlaşdırılan tədbirlər mədəniyyətimizin dünyada tanıdılması ilə yanaşı, gənc nəslin mədəniyyətimizi dərindən idrakına kömək edəcək. Nizaminin daha çox gənclərimizə tanıdılmasına böyük ehtiyac var. Bu baxımdan bugünkü tədbirdə təqdim olunan kitablar, nəzərdə tutulan yeni tədbirlər, bir sözlə, Nizami irsinə məqsədyönlü diqqət böyük önəm daşıyır. Özəlliklə Oksford Universitetində Nizami Mərkəzinin yaradılması və Bertelsin "Böyük Azərbaycan şairi Nizami" kitabının ingilis dilində çapını Nizami irsinin tanıdılmasında mühüm addım hesab edirəm.
Ölkəmizdə bir çox əməli fəaliyyət sahələrində ciddi yeniliklər, islahatlar aparılıb; işğalçı düşmən üzərində tarixi zəfər qazanmışıq; bütün bunlar mədəniyyət sahəsində, mədəniyyət təsərrüfatında da yeni yanaşmalar, yeni strateji baxışlar doğurub. Fürsətdən istifadə edib, yeni Mədəniyyət nazirimizə işində uğurlar arzulayıram. İnanıram ki bütün əlaqədar qurum-quruluşlarla birgə Nizami İlini yaddaqalan il kimi keçirəcək və Şuşamızın Mədəniyyət Paytaxtı statusunu birlikdə doğrulda biləcəyik".