Səməndərin Rəşidi niyə intihar etdi?

Səməndərin Rəşidi niyə intihar etdi? backend

“Rəşid Səməndər” yazıb, internet üzərindən məlumatlara baxdım. Heç biri Rəşid deyildi.


Səməndər Rzayev haqqında bir televiziya filmi çəkilib. Dünən göstərdilər. Orda bir şəkil məni kövrəltdi. Balaca Rəşid Səməndərin qucağında...

Biz uşaqlar əslində ata-anamız dünyadan gedəndə, deyəsən, ölürük.

Deyəsən, bu dünyanın biz görmədiyimiz tərəfi var.

Rəşid öləndən sonra bəzi insanlar, sənətçilər özlərini günahkar bildilər. Uzun müddət ipə-sapa yatmayan Rəşidi qoruya bilmədik. Heçmi o uşağa kömək etmək mümkün deyildi? Axı o bizə böyük sənətkarın əmanəti idi.

1992-ci ildə İncəsənət Universitetində ilk dərs günü idi. Rəşid çox gözəl, gənc bir oğlan idi. Aktyorluq qrupunun yerinə bizim qrupda gəlib oturmuşdu. Hər şey aydın olduqda, çıxıb getdiyində bayaqdan bəri onu süzən qızlar çox məyus oldular.

İndi bu xatirəni çox dumanlı xatırlayıram: şüşəli, iri bir otaq idi. Sərçələr içəri uçub sonra çıxmağa yolu tapmırdılar. Özlərini şüşəyə çırpırdılar. Mən uşaq kimi partanın üstünə çıxıb, “burdan çıx, ay sərçə” deyib, sərçəni ölümdən qurtarmaq istəyəndə mənə çoxlu gülmüşdü Rəşid. Elə möhkəm gülmüşdü ki, ağlamaq istəmişdim.

Sonra sevgi dönəmi başladı. Tələbələr sanki sevgini universitetin digər fənləriylə bir öyrənməyə gəlmişdilər.

Yadımdadı, Rəşidin də sevdiyi var idi. Ondan bir-iki kurs böyük. Bir gün qız koridorda hönkürtüylə ağlayırdı. Ona yaxınlaşdım. Mənə yalvardı ki, Rəşıdi çağırım. Qərb Ədəbiyyatı dərsində idi. İçəri girib onu çağırdım.

Rəşid qızla danışıb yanımdan keçəndə mənə “çox sağ ol” da demişdi.

Sonra mən Rəşidi az gördüm. Sonra da heç görmədim...

Mən bilmirəm o, nə zaman bu həyatın pəncərəsindən içəri boylanıb, sonra öz yolunu tapmadı.

Bundan sonra mən onun necəliyini bacısı Rübabənin gözlərindən oxudum. Bütün ailəni atasından sonra çiynində daşıyan bu qızdan.

Çox doğma insanlar doğulur bizdən xəbərsiz. Bəzi insanlar hətta özləri də bilmədən bizim doğmalarımız olur. Bu baxımdan, mən Rəşidin həmin an nə düşündüyünü hiss edirdim. Biz onu danladıq, cəmiyyət onu qəbul edə bilmədi. Onu ətrafı ayrı bir çalarda və duyğuda görməyi bacarmadı.

Bir gün də intihar.

Düşünürsən, Rəşid sevgidən yıxıldı, ya sevgisizlikdən?

Rəşid güllər üstünə düşdü, ya daş-kəsəyin?

Rəşidi orda kim qarşıladı?

Rəşid indi özünü tapa bildimi?

Mən onu onun haqqında eşitdiklərimlə tanımıram. Rəşid həmişə mənim yaddaşımda bir sərçənin ölümünə çırpınması, atılıb-düşən halıma dizlərini yerə qoyb uğunub gedən qrup yoldaşı kimi qalacaq.

Rəşid mənim üçün həmişə saf, yazılmayan bir həyat hekayəsidir. Onu yazan olmadı.

Onun bizə sözü var idi - onu eşidən olmadı.

O, bizə atasının qucağından gülümsündü, biz başa düşmədik.

Hüznlə anıram səni, Rəşid. Bəlkə də yadına heç düşmərəm.

Yazını yazıb bitirincə ayaqlarımdan daş asıldı. Görəsən səni yerə çəkən daş deyil ki?!

Aysel Fikrət
axar.az
Diaspora