"Dünənki təəsüratlarımı sözlə ifadə etmək çox çətindir. Möhtəşəm qoyub çıxdığımız Ağdamın möhtəşəmliyindən əsər-əlamət qalmayıb. Sözün əsl mənasında geriyə ruhlar şəhəri, bir xarabalıq qalıb"
Bu sözləri Moderator.Az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov bildirib. Bir qrup nümayəndə heyəti ilə dünən Ağdama gedən Xalq artisti sevinc hisslərini Moderator.Az ilə bölüşüb."Biz o torpağın sahibləriyik, nəhayət ki, torpağımıza qovuşduq. O hisslər çox möhtəşəmdir. Siz bilirsiniz ki, mənim muğam qrupumun adı "Qarabağ"-dır. Biz bu qrupla, sənət dostlarım, Əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovla birlikdə muğamımızı bütün dünyada təmsil edib, haqq səsimizi bütün ölkələrə çatdırmışıq. Ağdamın mərkəzində, Ağdam Dövlət Dram Teatrının qarşısında da 27 ildən sonra Qarabağ şikəstəsi məhz bizim ifamızda səsləndi. Bu da ayrıca bir xoşbəxtlikdir. Bir çox ictimai-siyasi xadimlər, səfirlər, aparıcı mediya nümayəndələri də orada iştirak edirdilər. Səsim də elə işlədi ki... Başqa cür ola da bilməzdi, çünki səsi mən bu torpaqda qazanmışam. Bu torpağın bir parçasıyam.
Bilirsiz ki, erməni vandalları bütün şəhərlərimizi, rayonlarımızı, kəndlərimizi xaraba qoyub. Biz tezliklə Ağdamın əvvəlki şöhrətini özünə qaytaracağıq, burada böyük musiqi festivalları və müsabiqələr keçirəcəyik. Əsas odur ki, bu torpağı qaytarmışıq. Buna görə ali baş komandanımıza, müzəffər ordumuza təşəkkür edirəm. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm" deyə Mənsum İbrahimov bildirib.