Teatrşünas məsələyə aydınlıq gətirdi: “Böyük ehtimalla bu torpaqlarda...”
90-cı illərdə Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal edildikdən sonra həmin ərazilərdə yerləşən teatrlar da Bakıya köçürüldü. Beləliklə həmin illərdə 1 qaçqın, 3 məcburi köçkün teatrı paytaxtda qəra tutmuşdu. Bunlar İrəvan, Şuşa, Ağdam və Füzuli Dövlət Dram Teatrlarıdır. Adi çəkilən teatrlar uzun illər bir neçə dəfə ünvan dəyişdikdən sonra hazırda hərəsi bir yerdə məskunlaşıb.Məsələn, İrəvan Dövlət Azərbaycan Dram Teatrı. Bu teatr zamanında İrəvanda yaradılan Azərbaycan dilində ilk teatr olub. Ermənistandan deportasiya olunduqdan sonra teatrın kollektivi Bakıda Akademik Milli Dram Teatrının nəzdində teatr–studiya kimi fəaliyyətini davam etdirməyə başladı və Abşeron mədəniyyət sarayında yerləşdirildi. Lakin 1995-ci ildə teatra yenidən dövlət statusu verildi. İndiki H.Sarabski adına Mədəniyyət Sarayında məskunlaşdırıldı.
Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı — Azərbaycanda fəaliyyət göstərən dram teatrlarından, eləcə də Qarabağ mədəniyyətinin nümumələrindən biri. Ağdam Dövlət Dram Teatrı Qarabağın Ermənistan ordusu tərəfindən işğalından sonra məcburi köçkün rayonun müəssisəsi kimi çətin şəraitdə fəaliyyətini davam etdirir. Teatrın yaradıcı kollektivi Ağdam şəhərinin ermənilər tərəfindən işğalı və məhvi nəticəsində iş yerlərini tez-tez dəyişmək məcburiyyətində qalır.
Üzeyir Hacıbəyli adına Şuşa Dövlət Musiqili Dram Teatrı. 1992-ci ildə teatr Bakıya köçmək məcburiyyətində qalıb. 1992-2005-ci ilə qədər Gənc Tamaşaçılar Teatrının binasında məskunlaşıb, daha sonra isə Bakıdakı "Savalan" kinoteatrının binasında fəaliyyət göstərməyə başlayıb.
Füzuli Dövlət Dram Teatrı. 1992-ci ildən rayona ara-sıra hücumlar edildiyindən həmin ilin fevral ayından Füzuli teatrı öz fəaliyyətini Horadiz qəsəbə mədəniyyət evində davam etdirməli oldu. Horadizdə normal yaradıcılıq məşqləri və normal iş ahəngi məlum işğalla əlaqədar 1993-cü il 23 avqust tarixinə, Füzuli teatrı Sumqayıta köçürülənə kimi davam etdi. Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 25 avqust 192 saylı əmri ilə Füzuli teatrı Sumqayıt şəhərində H.Ərəbliniski adına SDDT-nın yerləşdiyi S.Vurğun adına Mədəniyyət sarayında məskunlaşdı. 2003-cü ilin noyabr ayına kimi teatr öz fəaliyyətini Sumqayıtda davam etdirdi. Lakin sonra teatr əsaslı təmirdən çıxan Horadiz şəhər Mədəniyyət sarayında fəaliyyət göstərməyə başlayıb.
Məlum olduğu kimi, Azərbaycan 44 günlük Vətən müharibəsini qələbə ilə başa vurdu. Bu gün Ağdam, Şuşa, Füzuli erməni işğalından azaddır. Adı çəkilən qaçqın və məcburi köçkün teatrlarının da geri köçürülmə prosesi nə zaman başladıla bilər?
Mövzu ilə bağlı teatrşünas Xəyalə Rəis “Yeni Müsavat”a danışıb. Teatrşünas qeyd edir ki, işğaldan azad olunan torpaqlarda teatrların yenidən fəaliyyətə başlaması ilə Azərbaycan mədəniyyətinin inkişafına öz töhfəsini göstərəcək: “28 ildir ki, torpaqlarımız işğal altındadır. Bu illər ərzində düşmən tapdağında olan Qarabağımızın mədəni abidələri, muzeylərimiz, teatr binalarımız erməni vandalları tərəfindən məhv edilib. Artıq o torpaqlarda heç bir mədəni nümunə qalmayıb”.
X.Rəis Qarabağın zəngin turizm imkanlarına malik olduğu üçün I Qarabağ döyüşlərindən əvvəl bu torpaqlarda mədəni abidələrin, eyni zamanda teatrlarımızın da kifayət qədər tamaşaçısı olduğunu qeyd etdi: “O gündən bu günə Qarabağda Azərbaycanın yüzlərlə qədim maddi və qeyri maddi abidəsi məhv edilmək təhlükəsi ilə üz-üzə qaldı. Teatr da onların sırasında idi. Canlı sənət növü olan teatrlarımız burada fəaliyyətini dayandırdı. Ancaq işğal altında olan torplarımızda fəaliyyət göstərən teatrlarımızın bir qismi Bakıda faəliyyətini məcburi köçkün statusu ilə davam etdirdi. Üzeyir Hacıbəylinin adını daşıyan Şuşa Dövlət Musiqili Dram Teatrı 1992-ci ildə Qarabağ hadisələri ilə bağlı paytaxta köçürüldü. Tetrın heyəti burada uzun illər Gənc Tamaşaçılar Teatrının binasında məskunlaşdırıldı və teatra yeni bina verildi. Həmin bina son 2 ildə təmir edildi. Nəinki Şuşada, digər bölgələrdə də dövlət teatrları var idi, o cümlədən Xankəndi Dövlət Dram Teatrı. Bu teatr hazırda fəaliyyətini dayandırıb. Teatrın binası XI əsr abidəsi kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqustda “Daşınmaz Tarix və mədəniyyət abidələri” siyahısına daxil edilib.
Qarabağda maraqlı və sevilən tamaşaları ilə diqqət çəkən Ağdam Dövlət Dram Teatrını əsrin qəhrəman teatrı da adlandırmaq mümkündür. Belə ki, bu teatr Qarabağın Ermənistan ordusu tərəfindən işğalından sonra məcburi köçkün rayonun müəssisəsi kimi çətin şəraitdə fəaliyyətini davam etdirib. Teatrın kollektivi şəhərin ermənilər tərəfindən işğalı və məhvi nəticəsində iş yerlərini tez-tez dəyişmək məcburiyyətində qalsalar da fəaliyyətlərini davam etdiriblər.
Füzuli Dövlət Dram Teatrının taleyi də Şuşa və İrəvan Teatrları kimi olub. Bu teatr 1913-cü ildə yaradılıb və 1992-ci ildə buraya ermənilər tərəfindən hücum edildiyindən teatrın yaradıcı heyəti fəaliyyətini Horadiz qəsəbəsinin mədəniyyət evində davam etdirməli olub. 1993-cü ildə Füzuli Teatrı Sumqayıta köçürülüb, beləliklə məcburi köçkün teatrı kimi müxtəlif məkanlarda fəaliyyətini davam etdirməyə çalışıb”.
Teatrşünas qeyd edir ki, qaçqın və məcburi köçkün teatrların paytaxtda konkret bir binası olmayıb: “Paytaxtda həmin teatrlar müvəqqəti məskən salsalar da tamaşa göstərmək üçün heç bir şəraitləri olmayıb. Təbii ki, işğaldan azad olunan torpaqlarımızda quruculuq işləri bərpa olunacaq və böyük ehtimal ki, bu torpaqlarda fəaliyyət göstərən teatrlarımız da bərpa olunar”.
“Yeni Müsavat”