Azərbaycanın səfirliyinin təşəbbüsü ilə Şəki şəhər İcra Hakimiyyəti tərəfindən göndərilən materiallar və şəkillər əsasında Bolqarıstanın Qabrovo şəhəri ilə qardaşlaşmış Şəki şəhəri haqqında bu ölkədə bolqar dilində broşürlər nəşr olunub.
Səfirlikdən Trend-ə verilən xəbərə görə, broşürdə Şəki və Qabrovo şəhərləri arasında əlaqələrin xronikası barədə məlumat verilir, 2004-cü ildə sözügedən şəhərlərin İcra hakimiyyətləri tərəfindən qardaşlaşma haqqında birgə bəyannamənin imzalanmasından, yüksək səviyyəli şəxslərin qarşılıqlı səfərlərindən bəhs edilir. Bundan əlavə, Şəkinin əsrarəngiz təbiəti, iqlimi və qədim tarixindən söz açılır, “Şəki” sözünün etimologiyası barədə qeyd olunur. Həmçinin Şəkinin qədim dövrdən başlayan tarixi, eləcə də Şəki xanlığı barədə məlumat verilir, Şəkinin Azərbaycan tarixində mühüm rolundan bəhs edilir.Broşürdə, eyni zamanda, Şəkinin mədəni-tarixi abidələri, xüsusilə də Şəki xanlarının iqamətgahı olan Xan sarayı haqqında ətraflı məlumat verilir. Qədim tarixi abidələr olan Aşağı və Yuxarı karvansaralar, Cümə məscidi, Kiş kəndində yerləşən Alban məbədi ilə yanaşı, 2012-ci ildə inşa edilmiş Yay teatrından bəhs edilir. Müasir dövrdə Şəkinin ölkəmizin mədəni həyatında oynadığı vacib rolu, burada təşkil edilən beynəlxalq musiqi festivalları barədə də məlumat verilir. Qədim xalq sənətləri olan misgərlik, dəmirçilik, təkəlduzçuluq, xalçaçılıq, dulusçuluq, papaqçılıq haqqında ətraflı qeyd olunur.
Həmçinin Şəki mətbəxi və Şəki şirniyyatlarının zənginliyindən və müxtəlifliyindən bəhs edilir.
Qeyd edək ki, sözügedən broşürlər Bolqarıstanın dövlət və özəl qurumlarına, Bolqarıstanda akkreditə olunmuş diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara, eləcə də 30-dan çox kitabxanaya göndərilib.