"Qarabağın məşhur müəllimləri" – Mehdi Məmmədov

"Qarabağın məşhur müəllimləri" – Mehdi Məmmədov backend

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Mehdi Məmmədovdur.

O, 1918-ci il mayın 22-də Şuşada anadan olub. Azərbaycan teatr sənətinin yaranması, inkişafı və təbliğində müstəsna xidmətləri olan Mehdi Məmmədov milli teatr tarixinin ən parlaq nümayəndələrindən biridir.

Görkəmli rejissor, teatrşünas, pedaqoq, tənqidçi, tərcüməçi, Xalq artisti Mehdi Məmmədov Milli Dram Teatrının baş rejissoru olduğu 10 il ərzində 12 səhnə əsərinə quruluş verib. Müsahibələrinin birində Mehdi Məmmədov etiraf etmişdi ki, quruluş verdiyi səhnə əsərləri arasında dünya səhnəsinə çıxarmağa ən çox layiq bildiyi məhz “Dəli yığıncağı”dır. Mehdi Məmmədovun adı Azərbaycan mədəniyyətində yüksək intellektli, universal dünyagörüşlü sənətkar nümunəsi ilə assosiasiya olunur.1945-ci ildən ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə məşğul olub. M.Əliyev adına İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) çalışmaqla yanaşı, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) etika və estetika dərslərini tədris edib. Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib, kafedra müdiri vəzifəsində çalışıb.

Teatr tariximizdə fəlsəfi-psixoloji üslubun ustadı olan Mehdi Məmmədov bu barədə deyib: “İnsan, ümumiyyətlə, fəlsəfəyə meyillidir. Fəlsəfə həyatın dərin idrakıdır. Rejissor ciddi düşünürsə, elə o da filosofdur”.

Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.
Diaspora