Azərbaycanın xalq artisti dünyanın ən tanınmış ifaçısı oldu

Azərbaycanın xalq artisti dünyanın ən tanınmış ifaçısı oldu backend

Fidan Qasımova Azərbaycanın musiqi mədəniyyətində bu ali mükafata layiq görülən yeganə ifaçıdır.

Azərbaycanın və SSRİ-nin xalq artisti Fidan Qasımova Böyük Britaniyanın Kembric Universitetinin tərtib etdiyi ensiklopediyada dünyanın ən tanınmış ifaçısı adına layiq görülərək xüsusi diplomla mükafatlandırılıb. Fidan Qasımova Azərbaycanın musiqi mədəniyyətində bu ali mükafata layiq görülən yeganə ifaçıdır.

QAZİLER.AZ Milli.Az-a istinadən bildirir ki, Kembric Universiteti hər il dünyada araşdırma apararaq yüksək peşəkarlığı ilə seçilən şəxsləri mükafatlandırır. Bu il bu yüksək ada məhz Azərbaycanın şöhrətli opera müğənnisi Fidan Qasımova layiq görülüb. Yüksək xidmətlərinə görə onun adı musiqi mədəniyyəti ensiklopediyasında həmişə yaşayacaq.

Dünya opera sənəti tarixində bu janrın tələblərinə uyğun ifa tərzi, yaratdığı bu və ya digər obrazı ilə tamaşaçıların yaddaşında qalan istedadlı müğənnilər çoxdur. Lakin təqdim etdiyi bütün obrazları öz varlığından keçirərək ruhu ilə onları canlandıran, sağlığında ikən əfsanələşən sənətkarlar azdır.

Fidan Qasımova məhz belə sənətkarlardandır. Onun gözəl tembri, intonasiya təmizliyi, güclü və zəngin çalarlı səsi uzun illərdir pərəstişkarlarının diqqətini cəlb edir. Təqdim etdiyi müxtəlif dövrlərə mənsub qəhrəmanlarının poetik lirizmi müasir tamaşaçılara ən gözəl emosiyalar bağışlayır, onları mənən zənginləşdirir. İfa zamanı dinləyici ilə məharətlə ünsiyyət quran Fidan Qasımovanın hər çıxışı tamaşaçı auditoriyası üçün böyük bayramdır. Yaşlı və gənc nəsildən olan dinləyicilərin sürəkli alqışları isə onu yeni yaradıcılıq uğurlarına istiqamətləndirir. Öz sənətini böyük məhəbbətlə sevən müğənni üçün bundan böyük xoşbəxtlik ola bilməz.

Bəli, zəngin tarixi olan Azərbaycan vokal sənəti məhz F.Qasımova kimi müğənnilərimizin simasında bu gün ən yüksək zirvəsinə çatıb. Eyni zamanda, müğənni dünya musiqisinə də ölçüyə gəlməyəcək töhfələr verib. Təsadüfi deyil ki, o, qatıldığı bütün beynəlxalq müsabiqələrdə böyük uğurlar qazanıb.

F.Qasımovanın parlaq ifaçılığının geniş diapazonu klassik musiqidən başlayaraq müasir dünya bəstəkarlarının əsərlərinə qədərki dövrü əhatə edir. XIV-XVIII əsr bəstəkarlarının ən incə əsərlərini oxumaqla ilahi gözəlliyi tərənnüm etməkdə isə müğənninin rəqibi yoxdur.

F.Qasımovanın yaratdığı unudulmaz obrazlar qalereyası - Dezdemona ("Otello", C.Verdi), Toska, Turandot, Mimi, Çio-Çio-san ("Toska", "Turandot", "Bohema", "Çio-Çio-san", C.Puççini), Mikaela ("Karmen", C.Bize), Tatyana ("Yevgeni Onegin", P.Çaykovski), Nigar ("Koroğlu", Ü.Hacıbəyli), Marqarita ("Faust", Ş.Quno), Sevil ("Sevil" F.Əmirov) və digərlərindən ibarətdir. Onun zəngin repertuarına Azərbaycan bəstəkarlarından Ü.Hacıbəyli, A.Zeynallı, Q.Qarayev, A.Məlikov, Niyazi, rus bəstəkarlarından M.Qlinka, P.Çaykovski, S.Raxmaninov, Qərbi Avropa bəstəkarlarından A.Stradella, İ.S.Bax, G.F.Hendel və başqalarının kamera-vokal əsərləri, eləcə də xalq mahnılarımız "Laçın", "Qubanın ağ alması", "Girdim yarın bağçasına", "Evləri var xana-xana" və s. daxildir.

Geniş konsert proqramları ilə dəfələrlə ABŞ, Almaniya, Böyük Britaniya, İsveç, Avstriya, Meksika, Rusiya, Fransa, İtaliya, Danimarka, Kuba, Türkiyə və dünyanın digər ölkələrində qastrolda olan sənətçi musiqisevərləri heyran qoymuşdur. Keçən əsrin 70-ci illərində böyük sənətkar Müslüm Maqomayev italyan tanışlarına fərəh hissi ilə Fidan Qasımova ilə bir məktəbdə oxuduğunu söyləmişdi.

Klassik və müasir vokal sənətində uğurlu ifaya bir çox amillər: sənətçinin zövqü, intonasiya seçimi, ifa mədəniyyəti, nüanslardan istifadə bacarığı, ifa edilən əsərin üslubunu duymaq əhəmiyyətli dərəcədə təsir edir. Bütün bu vasitələrdən düzgün istifadə, ən çətin ariyaları boğaza güc vermədən asanlıqla səsləndirmək, ifa üçün seçilmiş əsərdə qarşılaşdığı yeni üslubu dərhal mənimsəyərək tamaşaçıya uğurla çatdırmaq isə Fidan xanımın yaradıcılığının özünəməxsus keyfiyyətləridir.

Bəli, Fidan Qasımova bu gün musiqi dünyasının Olimp zirvəsinə yüksəlmiş bir sənətkardır. Belə bir zirvə isə məhz böyük zəhmətlə daim öz üzərində çalışanlara nəsib olur. Diqqətlə, səbrlə, incəliklə işləmək onun yaradıcılıq yoludur. Ulu Tanrının vergisi olan məlahətli səsindən bacarıqla istifadə edən müğənni öz sənət yolunu düzgün müəyyənləşdirib. Təsadüfi deyil ki, XX əsrin məşhur dirijoru Y.Mravinski F.Qasımovanın səsinin vokal və texniki imkanlarının ona məhz opera, kamera müğənnisi olmaq imkanı verdiyini xüsusilə qeyd edib. Görkəmli bəstəkar Qara Qarayev sənət yoluna təzəcə qədəm qoymuş Fidanın səsini fleytanın incə səsinə bənzədib, maestro Niyazi isə onu parıltılı tünd mirvari daşla müqayisə edib. Hələ 20 yaşında gənc qızın maestro tərəfindən ona təklif edilmiş Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) yaradılmasının 50 illik yubileyi münasibətilə keçirilən tədbirdə A.Zeynallının "Ölkəm" mahnısını uğurla ifa etməsi vokal sənətinin körpə fidanının ilk səhnə triumflarından olub.

Məşhur operalardan ən çətin ariyalar F.Qasımovaya uğurlar gətirib. 1973-cü ildə İsveçrənin paytaxtı Cenevrədə keçirilmiş vokalistlərin beynəlxalq müsabiqəsinin finalında C.Puççininin "Bohema" operasından oxuduğu Miminin ariyası Avropa musiqisevərlərini sehrləmiş, münsiflər heyəti onu gümüş medala layiq görmüşdü. Təsadüfi deyil ki, bir il sonra "Berlinqske Tidende" qəzetində gənc qızın ifası o dövrün əfsanəvi opera müğənnisi Mirella Freni ilə müqayisə edilmişdi. F.Qasımova lətif ifası, hər musiqi frazasını dəqiq çatdırması, mahir sənətkarlığı sayəsində bir-birindən nüfuzlu müsabiqələrə qatılıb. 1975-ci ildə Niderlandda keçirilən beynəlxalq müsabiqənin iştirakçısı olub, 1977-ci ildə İtaliyada musiqiçilərin C.Viotti adına müsabiqəsinin birinci mükafatına layiq görülüb. Sənətçi beynəlxalq müsabiqələr laureatı adına layiq görülmüş ilk azərbaycanlı qadın müğənnidir.

Musiqi tənqidçiləri F.Qasımova haqqında "Maria Kallas və Renata Tibaldi kimi oxuyur" yazaraq müğənninin ifasından heyrətləndiklərini gizlətməyib, onun səs çalarını, səhnə mədəniyyətini, zahiri gözəlliyini, fitri istedadını, fərdiliyini xüsusilə qeyd edib, xarici mətbuat onun sənətini "Xəzər sahilindən olan möcüzə" və digər adlarla dəyərləndirib.

Nadir soprano sahibinin dünyaya göz açdığı ziyalı ailəsi, boya-başa çatdığı mühit onun musiqiyə bağlanmasının ilkin mənbəyi olub. Fidan və Xuraman Qasımova bacılarının valideynləri daim incəsənətlə bağlı olub, şeir yazıb, musiqiyə meyl göstəriblər. Niyazi, F.Əmirov, T.Quliyev və Bakı musiqi elitasının digər nümayəndələri tez-tez bu ailənin evində olublar. O zaman 4 yaşlı balaca Xuraman qonaqların xahişi ilə oxuyar, Fidan isə qonşu otağa keçərək daha çox skripkada çalardı. Hər iki qızın musiqiyə meyli uşaqlıqdan formalaşıb.

Bülbül adına musiqi məktəbini bitirdikdən sonra Fidan 1966-cı ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, məhz parlaq istedadı və zəhməti sayəsində eyni vaxtda iki ixtisas - skripka və vokal üzrə təhsil almışdır. Təbii ki, qabaqcadan seçdiyi yola ciddi hazırlaşmaq lazım idi. 1974-cü ildə Moskva Konservatoriyasının aspiranturasını bitirdikdən sonra Bakıya qayıtmış, həmin vaxtdan M.F.Axundzadə adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuş, həmçinin Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deməyə başlayıb.

Azərbaycanın (1983), SSRİ-nin (1988) xalq artisti fəxri adlarına layiq görülmüş, Azərbaycan Dövlət Mükafatı laureatı (1984) olan F.Qasımova 1990-cı ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, 1992-ci ildən Türkiyənin İstanbul Dövlət Konservatoriyasının professorudur.
Onun əməyi müstəqil Azərbaycan dövlətində layiqli qiymətini alıb. Heydər Əliyev tərəfindən "Şöhrət" (1997) ordeninə, prezident İlham Əliyevin sərəncamı ilə "Şərəf" ordeninə (2010) layiq görülüb.

F.Qasımovanın 2008-ci ildə "Besame mucho" adlı albomu buraxılıb. "Eta Production" studiyasında yazılmış disk ölkənin birinci xanımı Mehriban Əliyevaya həsr olunub. Böyük sənətkarın adı "Dünyanın 100 qadını" kitabına salınıb.

Bakı Musiqi Akademiyasının professoru F.Qasımova son illər istedadlı gənclərə xeyli vaxt sərf edir, yorulmadan yeni gənc vokalçılar nəslini yetişdirməklə məşğul olur. Onların arasında beynəlxalq müsabiqələr diplomantları və laureatları da az deyil. Azərbaycan opera sənətinin fəxri olan müğənni Vətənini dünyanın ən möhtəşəm salonlarında uğurla təmsil edir və ustad dərsləri keçir.
Diaspora