Məğlub olacağımı bilə-bilə yaşamaq uğrunda mübarizə apardım - Nakam aktrisanın doğum gününə ağrılı status

Məğlub olacağımı bilə-bilə yaşamaq uğrunda mübarizə apardım - Nakam aktrisanın doğum gününə ağrılı status backend

Bu gün Azərbaycanın nakam sənətkarlarından biri, 42 yaşında həyatla vidalaşan aktrisa Vəfa Fətullayevanın doğum günüdür

Yaşasaydı bu gün 75 yaşı tamam olacaqdı. Amma Vəfaya ömür vəfa etmədi, tez köçdü bu vəfasız dünyadan.

Feysbuk sosial şəbəkəsində "Vəfa Fətullayeva" adlı səhifə var. Kim yaradıb, bilmirəm. Amma onu sevən, onun pərəstişkarının yaratdığı açıq-aydın görünür. 33 il keçsə belə onun ölümü ilə barışmayan biri yazır bu statusları: sevgi ilə, ürək ağrısı ilə...Vəfanın özü yazırmış kimi verilir statuslar. Maraqlı və təsirli alınır. İnsan bəzən göz yaşını saxlaya bilmir...

Bu status Vəfanın ad günü üçün yazılıb. Oxumağa dəyər:

“Avqust...Təqvimdə bu yayın sonuncu ayı hesab olunur. Mənim həyatımda isə avqust ayının məxsusi bir yeri vardı...Ona görə ki, mənim doğum günüm məhs bu aya təsadüf edib. Bəli, mən 1945-ci ilin avqustun 25-də dünyaya göz açmışam. Bu gün mənim 75 yaşım tamam olur. Düz 75 il bundan əvvəl Əzizbəyov adına doğum evinin divarları arasında, körpə bir qız uşağının çığırtısı hər tərəfə səs saldı. Həmin o uşaq mən idim: Vəfa Nüsrət qızı Fətullayeva...

Allah mənə 42 illik bir ömür payı verdi. Bilmirəm azdı, yoxsa çox, mənim də qismətimə bu qədər düşdü...Yaşadığım bu illər ərzində, bütün insanlarda olduğu kimi bilərəkdən ya bilmədən çox səhvlərim oldu, ancaq mən şərəfli bir ömür yaşadım...Allah mənə təmiz, saf bir ömür vermişdi...Məndə paxıllıq, yaltaqlıq, ikiüzlülük, qısqanclıq, kin, yalan, xəyanət, satqınlıq kimi xüsusiyyətlər olmayıb...Bunu məni yaxından tanıyanların hamısı təsdiq edə bilər...Bu hər insana qismət olmur...Mən əminliklə deyə bilərəm ki, 42 illik həyatımda heç kimin xətrinə dəyməmişəm, heç kimi incitməmişəm, heç kimə pislik etməmişəm...Allah məni bütün mənfi xüsusiyyətlərdən azad etmişdir...Bəlkə də aktrisa olmasaydım, savadlı həkim, gözəl müəllim, elm xadimi, hətta yaxşı kitabxanaçı ola bilərdim...Ancaq mən aktrisa oldum...Mənə bu sənəti anam sevdirmişdi...Mən hələ uşaq vaxtımdan hər dəfə onu səhnədə görəndə, anam kimi aktrisa olmaq istəmişdim...Əlbəttə akrtisa oldum, ancaq Hökumə Qurbanova ola bilmədim...Bu sənət yolunda bəlkə də anamdan daha çox qurban verdim...Peşimanlıq çəkdiyim anlar da oldu, təkliyə çəkilib hönkür-hönkür ağladığım vaxtlar da...Çox pisliklər gördüm, çox zərbələr aldım. Hətta ən yaxın bildiyim insanlar belə, mənə xəyanət etdi. Məndən sanki kiminsə qisasını almağa çalışdılar. Anam olmasaydı onlar məni məhv edərdilər. Bütün bunlara baxmayaraq getmədim bu sənətdən, heç gedəcək yerim də yox idi. Mən bu sənətə bütün varlığımla bağlanmışdım, özümü səhnədən ayrı təsəvvür edə bilmirdim. Xəstəliyimin ən ağır vaxtlarında belə, yenə də özümdə güc tapıb rollarımı əzbərləyirdim. Tezliklə sağalıb yenidən səhnəyə çıxmaq ümüdü ilə yaşadım. Çünki mən sənətimin vurğunu idim. Bu idi mənə güc verən, məni amansız xəstəliklə mübarizə aparmağa sövq edən. Məğlub olacağımı bilə-bilə yaşamaq uğrunda sona qədər mübarizə apardım. Bu gün mənim 75 yaşım tamam olur. Sizə atamın mənimlə bağlı bir xatirəsini danışacam. Mənim hətta dünyaya gəlişim belə, çox iztirablı olub. 1945 ci il, avqustun 25-i...Atam danışardı ki, həmin gün doğum evini bayırında səbirsizliklə həkimdən xəbər gözləyirdim, məndən başqa üç nəfər də vardı. Neçə saat idi ki, Krupskaya küçəsi ilə o tərəf bu tərəf var-gəl edirdim. Həyəcandan dilim, ağzım qurumuşdu. Birdən doğum evinin qarovulçusu, qoca kişi idi, qapını açdı və xırıltılı səslə məni çağırdı. Tez qaçdım qapıya tərəf içəri keçmək istəyəndə qolumdan tutdu qoymadı. Bir anlıq yerimdə donub qaldım. O kişinin simasında illərin yığılıb qalmış yorğunluğu vardı. Siqaret çəkməkdən ağ bığları saralmışdı. Əlini qoydu çiynimə və düz gözlərimin içinə baxaraq "övladın tələf olub" dedi. Sonra isə soyuqqanlı şəkildə mənə təsəlli verməyə başladı. Hələ cavansan həyatın qarşıdadır, yəqin yolun bir də bu tərəflərə düşər, inşaallah hər şey yaxşı olar. Kişi danışdıqca dizlərim əsməyə başladı, artıq onun dediklərini eşitmədim. Bir anın içərisində gözlərim qaraldı, başım gicəlləndi və özümü saxlaya bilmədim divardan tutub oturdum aşağı. Başladım ağlamağa. Kişi isə heç nə olmamış kimi arxasını çevirib öz otagına tərəf getdi. Bir neçə dəqiqə keçmişdi birdən doğum evinin pəncərəsindən tibb bacısının səsini eşitdim. Məni çağırırdı. Özümü güclə toparladım ayağa qalxdım və ümüdsüz halda pəncərəyə tərəf getdim. Tanıyırdım onu, yaşlı ancaq çox nurlu qadın idi. Tez-tez nəvəsi ilə teatra tamaşalara baxmağa gəlirdi. Dedi ki, bilirsiz, sizin əkiz övladınız olub, biri oğlan, o biri qız. Ancaq təssüf ki, oğlan ölü olaraq doğulub, qız isə tam sağlamdı, sanki bir ay parçadıdır. Təbrik edirəm sizi. İndi isə gedin evə, bütün gün ayaq üstə dayanmısız, istirahət edin, sabah gələrsiz uşağı sizə göstərərəm. Atam deyirdi ki, bu xəbəri eşidəndə sevincimdən az qaldı ürəyim yerindən qopsun. Əlbəttə qardaşının ölü doğulmasına çox sarsılmışdım. Daha sonra sevindiyimdən nə etdiyimi xatırlamıram. Sən demə, qarovulçu sanitarkadan Hökumə Qurbanovanın uşağının tələf olduğunu eşidib və xəbəri dəqiqləşdirmədən atama çatdırıb. Görünür o, belə xəbərləri çox atalara deyib. Artıq ölüm xəbəri çatdırmaq onun üçün adiləşibmiş. Atamın da az qalsın ürəyi partlayacaqdı. Tibb bacısı onu vaxtında çağırmasaydı. Atam bu hadisəni mənə çox sonralar danışmışdı. Onun səsində hələ də həmin günün həyacanı hiss olunurdu. Mən dünyaya gələn gündən onun gözləri yaşlı olub. Atam məni çox istəyirdi...Mən düz 42 ildən sonra onun ürəyini partladacaqdım. Bu dəfə onun ürəyi mənim həqiqi ölüm xəbərimə dözməyəcəkdi. Bu gün mənim ad günümdür. Artıq 33 ildir mən bu günü qeyd etmirəm. Məni hər il təbrik edən yaxınlarım, doğmalarım da artıq həyatda yoxdur. Daha məni təbrik edəcək heç kimim qalmayıb. Ancaq Allahın mənə bəxş etdiyi 42 illik ömürü hədər yaşamadım. Taleyin mənə qarşı bu qədər VƏFAsız olacağını heç ağlımdan belə, keçirmədim. Çoxlu arzularım vardı, hamisi bir anın içərisində məhv oldu...

Bu şəkili 1953-cü ildə, 8 yaşım olanda, Şekspirin "Qış Nağılı"nda "Mamili" rolunu oynayarkən çəkdirmişdim. Bu mənim böyük səhnədə ilk çıxışım idi. Həmin tamaşadan 17 il sonra 1970-ci ildə yenidə səhnəyə çıxdım və 17 il ardıcıl bir-birindən bənzərsiz obrazlar yaratdım.

Sonuncu rolumu isə 1987-ci ildə, öz ölüm tamaşamda oynadım...“

Qaziler.az

Diaspora