Teatr və kino sahəsində xidmətlərinə görə və anadan olmasının 60 illiyi münasibətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Novruz Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.
Ramiz Qəvvam oğlu Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. 1978-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib.
1981-ci ildən Akademik Milli Dram Teatrında çalışan aktyor səhnədə bir-birindən maraqlı rollar oynayıb.
Teatrla yanaşı, kinoda da istedadını nümayiş etdirən aktyor "Nizami" (Dərbənd elçisi), "Sizi dünyalar qədər sevirdim" (general Həzi Aslanov), "Alman klinikasına şəxsi səfər" (Baba Əliyev), "Cavad xan" (Sisianov) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
Ömrünün 37 ilini teatr və kino sənətinə həsr edən R.Novruz 1993-cü ildə əməkdar artist, 1998-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.
Bu ilin oktyabr ayında Akademik Milli Dram Teatrında R.Novruzun 60 illik yubileyi ilə əlaqədar xalq artistinin iştirakı ilə "Xanuma" tamaşasının nümayişi nəzərdə tutulub.