Atasını vuranı bağışladı, ölümünə dostu bais oldu, öləcəyini internetdən öyrəndi...

Atasını vuranı bağışladı, ölümünə dostu bais oldu, öləcəyini internetdən öyrəndi... backend

Bu gün əməkdar artist, uşaqların Ələkbər əmi kimi tanıyıb sevdiyi Ələkbər Hüseynovun doğum günüdür.

Qazilər.az Kulis.az-a istinadən bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Ələkbər Adıgözəl oğlu Hüseynov 1961-ci ildə Bakıda əslən Gəncədən olan, Bakı Dəmir yolunda maşinist işləyən Adıgözəl kişinin və Yaqut xanımın ailəsində evin yeganə övladı kimi dünyaya göz açıb.

1983-cü ildə Ələkbərin atası Binəqədi şosesini keçəndə “Volqa” markalı avtomobil vurur. Ovaxtkı Abşeron Tərəvəz İnstitutunun direktorunu gəzdirən maşının sürücüsü hər gün onlara gəlib yalvar-yaxar edir, göz yaşları axıdıb deyir: “Mənim beş balaca uşağım var. İndi hər şey sizdən asılıdır. Onları yetim qoymaq istəmirsinizsə, şikayətçi olmayın”.

Ələkbər o vaxt əsgərlikdə imiş. Atasının başına gələni eşidəndən sonra icazə alıb evə gəlir və sürücünün yalvarışlarına ürəyi dözməyib anasına deyir: “Ay ana, yazıqdır. Hər bir adamın başına gələ bilər. Onsuz da onu tutdurmaqla atam sağalan deyil”. Beləliklə, anasını razı salıb şikayət etməkdən çəkindirir.

Ata isə yataq xəstəsinə çevrilir. On bir il yataqda qalır. 1994-cü ildə Adıgözəl kişi elə yataqda ikən ikinci dəfə insult keçirib dünyasını dəyişir.

Ələkbər təbiətcə sakit uşaq olub. Səkkizinci sinfə qədər o biri uşaqlardan heç nə ilə fərqlənməsə də öz otağına çəkilər, özünə müxtəlif məşğuliyyətlər tapar, təyyarə, maşın, qatar düzəldərdi. “Texnika-molodyoji” jurnalını alar, ordan maraqlı konstruksiyalar seçib qurar, redaksiya ilə əlaqə saxlayar, gənc texniklər üçün keçirilən tədbirlərdə iştirak edərdi. 13-14 yaşlarından isə texnikadan daha çox musiqiyə, rəqsə meyl göstərməyə başlayır. Valideynlərinin ona verdiyi pulu yığıb günlərin birində özünə nağara, qarmon, mikrofon alır. Dərnəklərə yazılır. Ona baş rollar verirlər. Bir gün isə Mark Tvenin əsəri əsasında hazırlanan “Şahzadə və dilənçi” tamaşasında iştirak edir.

Onuncu sinfi qurtaran kimi sənədlərini İncəsənət İnstitutunun aktyorluq fakültəsinə verir və daxil olur. O, 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsinə qəbul olunur. İnstitutda ixtisasdan ona Nəsir Sadıqzadə dərs deyirdi.

Anası həmin günləri belə xatırlayır: “İnstituta imtahan verəndə mən də qarşıdakı bağda oturub nəticəni gözləyirdim. Mənimlə yanaşı dayanan, skamyada əyləşən valideynlər dilənçilərə pul verir, dua eləyirdilər ki, uşaqları yaxşı qiymət alsın. Mənsə, ürəyimdə Allaha yalvarırdım ki, qoy, Ələkbər qəbul olmasın. İstəmirdim aktyor olsun. İstəyirdim, texniki elmlərə yiyələnsin, alim olsun. Bu fikirlərlə institutun qarşısında məşhur aktyorların içəri girdiyini, içəridən çıxdığına baxır və onları ilk dəfə həyatda gördüyümə görə xoş təəccüb, maraq hissi keçirirdim. Rasim Balayev, Şəfiqə Məmmədova, Mikayıl Mirzə… Birdən gördüm ki, Ələkbər institutdan çıxıb, sevincdən əllərini havada yellədə-yellədə mənə doğru gəlir. O anda başa düşdüm ki, Allah belə məsləhət görür, oğlum aktyor olacaq. Mənim yalvarışlarımın heç bir əhəmiyyəti yoxdur”.

Təhsilini başa vurandan sonra Ələkbər Hüseynov təyinatla Şəki Teatrına yollanır. 1982-ci ildə bir il hərbi xidmət keçəndən sonra yenə öz işinə qayıdır. 1987-ci ildə onlar Şəkidən Bakıya dönür. Ələkbər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında işləməyə başlayır.

Həyat yoldaşı Afaq xanımın anası ilə Ələkbərin anası bir yerdə işləyiblər. Ələkbərin anasının Afaqdan xoşu gəlir, qızın anası ilə qərara alırlar ki, gəncləri bir vasitə ilə görüşdürsünlər. Bir axşam Yaqut xala oğlunu da götürüb gələcək gəlinigilə gedir. Ələkbər ilk baxışda Afaqın xoşuna gəlməsə də, ikinci görüşdə onu byənir.

Afaq xanım müsahibələrinin birində deyir: “Mən konservatoriyada oxuyurdum. Dərsdən çıxanda gördüm o gün anamın rəfiqəsi ilə bizə gələn oğlan dayanıb məni gözləyir. Üzündə elə xoş ifadə var ki, sanki biz bir-birimizlə bir dəfə yox, dəfələrlə, ömrü boyu görüşmüşük. Onun bu ovqatı beş dəqiqədən sonra mənə keçdi. Sən demə, evdə görüşəndə hər ikimiz sıxılırmışıq. İndi isə Ələkbər sıxıntını aradan qaldırıb danışmağa başladı, özü də nə başladı… Heç özümdən xəbərim olmadan bir də gördüm, qəşş eləyib gülürəm. O qədər maraqlı, məzəli, mənim üçün yeni olan söhbətlər edirdi ki, bütün varlığımla ona diqqət kəsilmişdim. Bütün şəhəri gəzdik, elə bildik, beş dəqiqə keçib. Xəbərimiz olmadı ki, artıq gün keçib, axşam olub. Mən o görüşü heç vaxt, heç vədə yadımdan çıxarmayacağam. O görüş bizi bir-birimizə əbədi bağladı.”

Uroloji xəstəxanada əməliyyat keçirmişdi. “Qətl günü” tamaşasının televiziya variantı hazırlanırdı. Onu heç kimlə əvəz etmədilər. Əsərin müəllifi Yusif Səmədoğlu özü imkan vermədi ki, onu kiminləsə əvəz etsinlər. Gözlədirlər. Ələkbər azca sağalan kimi gəlib xəstəxanadan onu çəkilişə aparır, sonra yenə gətirib yatdığı palataya qoyurdular. Hətta çəkilişlərin birində qan azlığından huşunu itirir. Telestudiyaya təcili həkim çağırırlar.

2002-ci ildə Ələkbər Hüseynov Beynəlxalq Kukla Teatrları Birliyinin xətti ilə Parisdə keçirilən böyük tədbirlərdə iştirak etməliydi. Bu tədbirə ciddi hazırlaşırdı. Amma diş ağrısı ona əziyyət verirdi. Getməzdən əvvəl diş həkimi olan dostunun yanına yollanır ki, ağrılı dişdən canını qurtarsın. Fransaya gedir, gələndən sonra ailəsini də götürüb Yessentukiyə dincəlməyə gedir. Hər şey yaxşı idi, yaradıcılıqda da, həyatda da işləri əla gedirdi. Amma həmin ilin sonlarında səhhəti pisləşdi.

Günü-gündən rəngi saralırdı. Gözlərinin içində də sarılıq əmələ gəlməyə başladı. Yoldaşı onu məcbur həkimə apardı. Ciddi yoxlamadan sonra məlum olur ki, onda “Hepatit C” virusu var. Fərqli yerlərdə təkrar analizlər eyni nəticəni verir. 2004-cü ildə Moskvada məşhur xəstəxanalardan birində yenə həmin diaqnoz təsdiqlənir. Bu virus yalnız qanla keçə bilərdi. Ələkbər özü üçün müəyyən edə bilmirdi ki, harda bu virusa yoluxub? Moskvadakı həkimi diş dibindən şübhələndiyini deyir. Onda Ələkbərin yadına düşür ki, 2002-ci ildə Paris səfərindən əvvəl dişini çəkdirmişdi. Artıq qara ciyəri şişməyə başlamışdı.

Təzə ev alırlar. Ələkbərin əl qabiliyyəti yaxşı olduğundan çardağı qəşəng düzəldib, yerə metlax döşəyib, oranı səliqəli iş otağına çevirmişdi. Evdə olanda internetə girər, maraqlı məlumatlarla tanış olardı. Bir gün yenə internetə girir və anasını yanına çağırıb deyir: “Görürsən, ana? Burda yazılıb ki, bu virusa tutulanlar üç ildən səkkiz ilə kimi yaşayırlar. Mənim üç ilim başa çatmaq üzrədir… Ana, mən öləcəm…”

Artıq ömrünün sonuna az qaldığını duyan Ələkbər işinə həmişəkindən daha ciddi yanaşmağa, bir-birinin ardınca yeni layihələrə imza atmağa başladı. Ölümünə bir neçə ay qalmış onu teatrın baş rejissoru təyin etdilər.

Teatrda uşaqlar üçün keçirilən böyük bir tədbirdə direktor Rəhman Quliyev valideynlərə müraciət etdi. Sonra televiziyalarda, onun iştirak etdiyi və etmədiyi proqramlarda, qəzetlərdə xəstəliyi və ciddi, böyük məbləğ tələb edən müalicəyə ehtiyacı olduğu barədə məlumat verildi. Onun üçün hesab nömrəsi açıldı.

Lakin, bədəni antibiotikləri qəbul etmədi. Bu xəstəliyin tələb etdiyi çoxsaylı və güclü antibiotiklərlə onu müalicə eləmək qeyri-mümkün idi. Xarici xəstəxanalara göndərməyin də xeyri yox idi. Orada da antibiotiklə müalicə edəcəkdilər. Odur ki, bir yol qalırdı: yüngül vasitələrlə onu saxlamaq, xəstəlik hallarının gərginləşməsindən qorumaq.

Ölümündən az öncə Polşada ona 1968-ci ildə təsis olunan “Təbəssüm” ordenini aldı. Bu, dünyada yeganə orden-mükafatdır ki, onunla kimin təltif olunmasını yalnız uşaqlar müəyyən edir.

Uşaqlar onu çox sevirlər. Hətta, balaca bir qızcığaz yeməyini yemək istəmirmiş. Anası deyir, yeməyini yeməsən Ələkbər əmi bizə gəlməyəcək. Axı, o gün tamaşada sənə dedi ki, yeməyini ye, bir gün sizə gəlib anandan soruşacam, yemək yemisən, ya yox. Qız dərhal ağzını açıb yeməyini həvəslə yeməyə başlayır.

90-cı illərdə aktyor maddi sıxıntılar çəkir, amma deyir, mən öz peşəmə xəyanət edib, başqa yolla pul qazana bilmərəm. Nəhayət qərar verir ki, bağçalara, məktəblərə şaxta baba obrazında getsin. Televiziyada daha geniş kütləyə tanınandan sonra isə şəhərin məşhur klublarında öz komandası ilə birgə çıxış etməyə başlayır. Bəzən gün ərzində 5 seans konsert olur. Onun hamısını yüksək səviyyədə başa vurur, pulunu alın təri ilə qazanır.

Oğlu Cavidan universitetə daxil olanda xəstəxanaya gəlib qulağına yavaşca deyir ki, ata, mən instituta qəbul olundum. O da danışa bilmədiyi üçün əlini qaldırıb “ura” işarəsi göstərir.

Avqustun 29-dan 30-na keçən gecə komaya düşür. Ayın 31-də onu xəstəxanadan evə gətirirlər. Evdə cəmi 3 gün yaşayır. Avqustun 2-də dünyasını dəyişir.
Diaspora