“Sənani” onun təxəllüsüdür. Əsl soyadı Cəfərovdur. 1900-cü ildə Tiflisin "Şeytanbazar" məhəlləsində ruhani ailəsində anadan olub. 5 yaşında ata-anasını itirib, nənəsinin himayəsində qalıb. Nənəsi onu da atası kimi ruhani görmək istəyib və mədrəsəyə yazdırıb. 1908-ci ildə nənəsi vəfat edib, bu dəfə xalası molla Zinyət onu öz himayəsinə götürüb.
Molla Zinyət, respublikanın xalq artisti Əli Qurbanovun anasıdır. O, Möhsünün təhsili ilə şəxsən özü məşğul olub. Ancaq Zinyət xanımın da vəziyyəti yaxşı deyildi. Onun özünün ailə üzvləri də çox idi. Buna baxmayaraq, Zinyət ana Möhsünü dә, onun bacısını da doğma övladı kimi saxlayıb.Səhnə həvəsi gənc Möhsündə yeniyetmə yaşlarından baş qaldırıb. 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulub və özünü bu dərnəklərdə birpərdəli povestlərdə sınamağa başlayıb. Möhsünün ilk rejissoru "Tiflis müsəlman artistləri” dəstəsinin komik aktyoru Mirzəxan Quliyev olub. Beləliklə, Mirzəxan Quliyev və Möhsünə tamaşa edən Mirzəli Abbasov, Mustafa Mərdanov, İbrahim İsfahanlı kimi Tiflis aktyorları, onun istedadına ümid ediblər. Bu ümid Möhsünün səhnəyə olan eşqini daha da artırıb. Möhsünün bu sənətinə paxıllıq edən və onun həvəsini söndürmək istəyənlər atası Molla Sadığın dostları olub. Bununla belə, Möhsünü sevənlər çox idi. İşsiz qalmış Möhsünü yaxın bir gürcü dostunun atası "Vano dayı" tramvay parkında işə düzəldib. O, burada aldığı maaşla özünü, bacısını təmin etməklə yanaşı, xalasının da vəziyyətini yüngülləşdirib.
1915-ci ildə M.Sənani, Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov Tiflis truppasına cəlb ediliblər. Həmin ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanan "Kaveyi-Ahəngər" tamaşasında Möhsünə dəmirçi Kavənin oğlunun rolunu tapşırıblar. O, bu rolu çox böyük ustalıqla ifa edib. Vəziyyətinin ağırlığına, maddi ehtiyac içərisində yaşamasına baxmayaraq, bütün peşələrdən əl çəkib, ancaq aktyorluqla məşğul olub. Bu dövrdə Tiflis teatrı truppasında çox məşhur sənətkarlar fəaliyyət göstərib.
Gənc olmasına baxmayaraq, qısa zamanda ona Heydər bəy, Süleyman bəy, Vəli ("Arşın mal alan"), Hambal ("Məşədi İbad"), Rzaqulu ("Nadir Şah"), Kasio ("Otello") kimi məsul rollar tapşırılıb. Həmin rollar Sənaninin aktyorluğunda bir sıçrayış yaradıb, ona həqiqi aktyor şöhrəti qazandırıb. M.Sənani 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışıb. M.Sənani 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayıb. O, nəinki teatrda, eləcə də kino sənətində də çox yadda qalan, təkrarolunmaz rollar ifa edib. Bunlardan "Səbuhi", "O olmasın, bu olsun", "Sehrli xalat", “Fətəli xan” və s. filmləri qeyd etmək kifayətdir.
O, səhnə üçün yaşayıb, səhnəni sevib, həyatını onun inkişafına həsr edib.
Görkəmli sənətkar 11 fevral 1981-ci ildə Bakıda vəfat edib.