Tbilisidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdindəki "Sarvan" folklor ansamblı Türkiyənin Dənizli şəhərində keçirilən 15-ci Beynəlxalq Rəqs Festivalında Gürcüstanı təmsil edib. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, ansambl festival boyu gürcü və Azərbaycan xalq rəqslərini ifa edib.
Dənizli şəhər bələdiyyəsi tərəfindən təşkil olunan festivala Bosniya və Herseqovina, Moldova, Makedoniya, Gürcüstan, Kosta-Rika da daxil olmaqla 11 ölkədən 380-ə yaxın rəqqas qatılıb.“Sarvan”ın bədii rəhbəri Cəmilə Məmmədovanın sözlərinə görə, gürcü və Azərbaycan xalq rəqsləri, aşıq mahnıları yerli sakinlər və xaricilər tərəfindən maraqla qarşılanıb. Yeddi gün davam edən festivalın qala gecəsində Gürcüstanı təmsil edən "Sarvan" folklor qrupuna mükafatlar təqdim olunub.
Festivalın sonunda təşkilat komitəsi ən yaxşı iştirakçıları seçərək ənənəvi "Zeybək" rəqsini ifa etmək üçün səhnəyə dəvət alıb, iştirakçıların içində Gürcüstan təmsilçiləri də yer alıb.
Qeyd edək ki, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdindəki "Sarvan" folklor ansamblı 9 ilə yaxındır fəaliyyət göstərir. Ansambla aşıqlar qrupu, gürcü və azərbaycanlı yeniyetmə rəqqaslardan ibarət qrup daxildir. Bir çox beynəlxalq və ölkədaxili müsabiqələrə, festivallara qatılan “Sarvan” uğurlar qazanıb.