SSRİ xalq artisti ad gününü qeyd edir

SSRİ xalq artisti ad gününü qeyd edir backend

Bu gün Azərbaycanın opera müğənnisi, xalq artisti, Dövlət mükafatı laureatı, SSRİ xalq artisti Fidan Qasımovanın doğum günüdür.


QAZİLER.AZ saytı xəbər verir ki, Lent.az-ın kino.org.az saytına istinadən məlumatına görə, 1947-ci il iyunun 17-də Bakıda anadan olan Fidan Əkrəm qızı Qasımova hələ uşaq yaşlarından musiqi sənətinə, müğənniliyə meyl edib və ilk vokal təhsilini Bül-bül adına musiqi məktəbində alıb. 1966-cı ildə Ü. Hacıbəyov adına Dövlət Konservatoriyasında- eyni zamanda iki şöbəsində simli alətlər və vokal siniflərində təhsilini davam etdirib. 1974-cü ildə Moskva Konservatoriyasının aspiranturasını bitirdikdən sonra Bakıya qayıtmış, həmin vaxtdan M. F. Axundzadə adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuş, həmçinin Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deməyə başlayıb. 1992-ci ildən Türkiyənin İstanbul Dövlət Konservatoriyasının professorudur.
O, ölkə rəhbərliyi tərəfindən 1997-ci ildə “Şöhrət”, 2010-cu ildə isə “Şərəf” ordenlərinə layiq görülüb. Böyük sənətkarın adı “Dünyanın 100 qadını” kitabına salınıb.
Azərbaycan opera sənətinin fəxri olan müğənni vətənini dünyanın ən möhtəşəm salonlarında uğurla təmsil edir və ustad dərsləri keçir.
Görkəmli sənətkarımızı doğum günü münasibətilə təbrik edir, ona can sağlığı və yaradıcılıq uğurları diləyirik.
Diaspora