“Müqayisəsi mümkün olmayan əsər – Ovçu”

“Müqayisəsi mümkün olmayan əsər – Ovçu” backend

Nizami Cəfərov: ""Ovçu" romanında Yunus Oğuz bu günlə tarixi çox peşəkar bir şəkildə birləşdirib"

"Azərbaycan ədəbiyyatında tarixi roman janrının təşəkkülünün çox zəngin ideya- estetik qaynaqlara əsaslandığı barədə kifayət qədər aydın, müfəssəl elmi qənaət mövcuddur. Həmin qənaətin mahiyyətinə gəldikdə onu deyə bilərik ki, Azərbaycan mədəni- ictimai fikrində tarix həmişə möhtəşəm epik vüsəti ilə iştirak edib, öz mükəmməl süjetləri, çoxsaylı motivləri və epoxal qəhrəmanları ilə elə bir ciddi etnoqrafik yaddaş struktur- sisteminə çevrilib ki, tarixi romançı əlinə qələm almaq fikrinə düşəndə ilk növbədə həmin yaddaş struktur- sistemi ilə hesablaşmağa məcburdur. Və ən asan yol tarixi mövcud kütləvi təsəvvürlər (və etnoqrafik yaddaş) miqyasında "köçürmək"dən ibarətdir ki, bu zaman yazıçının uğurunu (və romanın populyarlığını) təmin edən əsas cəhət müəllifin "təhkiyeyi- kəlam"ı, başqa sözlə, dil-üslub maneralarıdır. Fikrimizcə, Azərbaycan tarixi romanlarında bu istiqamət həmişə aparıcı olsa da, daha bir neçə yaradıcılıq "təmayül"ü də mövcuddur ki, buraya ilk növbədə aşağıdakılar aiddir:

elmi- analitik, siyasi- ideoloji və fəlsəfi "təmayül"lər.

Yazıçı Yunus Oğuzun bu günə qədər nəşr olunmuş tarixi romanlarında həmin yaradıcılıq- üslub "təmayül"lərinin, demək olar ki, hamısına təsadüf edilir, lakin müəllif daha çox fəlsəfi ümumiləşdirməyə- tarixin fəlsəfi dərkinə çalışır. Və yazıçının tarix fəlsəfəsinin məğzində "tarixdə bu günü, bu gündə tarixi axtarmaq" kimi kifayət qədər əsaslı bir metod dayanır ki, bu metod Yunus Oğuzun ümumən yaradıcı təfəkkürünü dəyərləndirmək baxımından olduqca səciyyəvi sayıla bilər." Bu fikirləri millət vəkili, akademik Nizami Cəfərov tarixi əsərlər müəllifi, publisist Yunus Oğuzun tarixi əsərlərini təhlil edərkən bildirib.

Millət vəkili, Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov Yunus Oğuzun əsərlərindəki tarixi məqamların Azərbaycan tarixi üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb: "İstedadlı yazar Yunus Oğuz indiyə qədər əsərlərində daha çox tarixdən yazıb. Məlum olduğu kimi onun çoxlu tarixi romanları var: "Atabəylər" "Nadir şah", "Əmir Teymur" , "Təhmasib Şah" kimi tarixi romanların müəllifidir. Bizim tariximizin elə bir dövrü yoxdur ki, Yunus Oğuz o barədə yazmamış olsun. Onun həmin əsərlərində də müasirlik var, müasir dövrdə baş verən hadisələr, bugünkü dövrümüzün ictimai-sosial fəlsəfəsi əksini tapıb. Onu da xatırladım ki, Yunus Oğuz yazıçılıqdan əlavə həm də peşəkar filosofdur. Elə bu səbəbdən onun tarixdən yazdığı əsərlərdə tarixi faktlar nə qədər dəqiqdirsə, eyni dərəcədə də o faktlar müasir dövrümüzü əks etdirir. Bu mənada Yunus Oğuzun tarixi əsərlərinə biz yalnız bir tarixçinin yazdığı xronika kimi yox, yaxud yazıçının tarixə ədəbi münasibəti kimi yox, həm də bir fəlsəfi əsər kimi baxırıq. Ovçu əsəri müasir dövrdən, 2016-cı ilin Aprel döyüşlərindən bəhs edir. Azərbaycan ədəbiyyatını bir-birinin ardınca (və kifayət qədər böyük istedadla) qələmə aldığı tarixi romanlarla zənginləşdirmiş Yunus Oğuzun 2016-cı ilin məşhur aprel hadisələrinə, yəni müasir dövrün olaylarına müraciət etməsi, fikrimcə, tarixdən uzaqlaşmaq deyil, əksinə, ona daha da yaxınlaşmaq, məzmun-mündərəcəsinə, metafizikasına, mahiyyətinə daha dərindən varmaq və nəticə etibarilə, tarixdə bu günü, bu gündə isə tarixi anlamaq istəyindən irəli gəlir.

"Ovçu" romanı (və onun müəllifi), ilk növbədə, bizim yaddaşımızdakı belə bir məlum fəlsəfi müddəanı təzələyir (və təfərrüatca zənginləşdirir) ki, tarix özünəməxsus şəkildə təkrar olunduğuna görə, onun gərdişindən dərs almayan xalqlar çox tez-tez "sürprizlər"lə qarşı-qarşıya dayanmalı olurlar. Ancaq, görünür, müəllifin (və "Ovçu"nun) əsas ideyası, tarixdən (istər Alp Arslan, istərsə də Nadir şah dövrlərindən) nə qədər tutarlı "misallar" gətirsə də, həmin məlum fəlsəfi müddəanın xatırladılmasından daha çox, 2016-cı ilin məşhur aprel hadisələrinin tarixi məzmununun bütün miqyası ilə fəlsəfi-estetik dərkinə xidmət edir.

Düzdür, o hadisələr də artıq bizim üçün tarixdir, amma yaxının tarixdir. Baxmayaraq ki, bu əsər müasir dövrdən bəhs edir, ancaq Yunus Oğuz yenə də çalışır ki, hadisənin tarixi mahiyyətini kəşf eləsin. Əsərdə konkret obrazlar var, əsərin qəhrəmanı Aprel hadisələrində öz həyatı və hərbçi fəaliyyəti, millətin öz torpağını qorumaq instinktinin hadisəsi olaraq konkret Murad Mirzəyevin obrazını yaradıb. Əsərdə həmçinin Murad Mirzəyevin atası Telman müəllim, həyat yoldaşı Fizzə xanımın, o cümlədən milli qəhrəmanların obrazı var. Onlar dövlətin, ordunun, vətənpərvərliyin birbaşa göstəriciləridir. Belə düşünmək olar ki, əsər xeyli dərəcədə müasirlik və publisistik bir səviyyədədir. Amma bu publisistik zahiridir və Yunuz Oğuzun yazıçı kimi ustalığı ondan ibarətdir ki, öz qəhrəmanlarını tarixdə itirmir. Yəni, tarixin içində həddindən artıq obrazlaşdırmır. Daha dəqiq, əsərdə bizim bu günümüzün real mənzərəsini yaradıb".

Nizami Cəfərov bildirir ki, ilk dəfədir ki, Azərbaycan ədəbiyyatında Ali Baş Komandanın, Azərbaycan Prezidentinin obrazı yaradılıb. Prezident Administrasiyasında birbaşa ölkənin ictimai-siyasi həyatına, ölkədə gedən proseslərə, cəmiyyətin idarə olunmasına rəhbərlik edən şəxslərin obrazı yaradılıb: "Əslində bu çox çətin məsələdir. Yadımdadır, görkəmli yazıçımız Anara sual verəndə ki, siz 20-ci əsrin 50-ci illərinə qədər yaşayan şəxsiyyətlərlə bağlı əsərlər yaratmağa meyillisiniz, amma onları film, teatr kimi ortaya çıxarmırsınız. Cavab verdi ki, bu çox çətin məsələdir, çünki onların nəsilləri yaşayır, onlar haqqında xatirələr həddindən artıq təzədir, istidir. Ədəbiyyat isə obrazları mütləq müəyyən qədər fundamentallaşdırmalı və soyutmalıdır. Bu problem təbii ki, müasir dövrdən yazanda hər bir yazıçının qarşısında dayanır. Bu problemin öhdəsindən bir sənətkar, düşüncə adamı, böyük üslub sahibi olaraq Yunus Oğuz gəlib və ədəbiyyatımıza həqiqətən müqayisəsi mümkün olmayan bir əsər bəxş edib".

Akademik qeyd edib ki, belə bir gözəl əsərin meydana çıxmasının ən birinci şərti bizim Aprel hadisələrindəki qələbəmizdir: "Belə gözəl əsərin ortaya çıxmasının əsas şərti Murad Mirzəyev kimi qəhrəmanın olmasıdır, onun ailəsinin Vətən barədə verdiyi təəssürat, vətənpərvərlik, insanpərvərlikdir. Əlbəttə ki, bu yazıçının işini asanlaşdırır. O yerdə ki, millət, cəmiyyət, dövr, zaman qəhrəman yetirirsə, bu yazıçı üçün çox böyük bir dəstəkdir. Çünki hər bir siyasi, fiziki, təbii hadisənin sonu mütləq ideyadır. Ona görə də bu qəhrəmanlar bizim üçün yalnız tarixdə qalmış obraz yox, həm də ideallardılar, bizim gələcəyimizdir. Mən də bu əsər haqqında bir yazı yazmışam, adını da qoymuşam "Tarix yalnız keçmişdə qalmır, həm də qarşıdan gəlir". Bu əsərdə Yunus Oğuz öz yazıçı üslubuna sadiq qalaraq bu günlə tarixi çox peşəkar bir şəkildə birləşdirib. Həmişəki Yunus Oğuz tarixdə bu günü görür, bu əsərdə isə bu tarixi bu gündə görür və bu qəhrəmanlığın təsadüfi olmadığını, bu qəhrəmanlığın özünün də çox böyük varisliyin olduğunu göstərir".
Diaspora