Mən bilirəm ki, Müslüm mənim yoxluğuma ağlamışdı, özü də uşaq kimi...

Mən bilirəm ki, Müslüm mənim yoxluğuma ağlamışdı, özü də uşaq kimi... backend

Feysbuk sosial şəbəkəsində az yaşasa da unudulmayan, işıqlı xatirəsi yaddaşlardan silinməyən gözəl aktrisa Vəfa Fətullayevanın adına səhifə açılıb

Profildə Vəfa Fətullayevanın həyatında baş verənlər sanki onun öz dilindən nəql edilir. Bu dəfəki statusda Vəfa Fətullayevanın qohumu Müslüm Maqomayevin onun həyatında oynadığı önəmli rolundan bəhs olunur.

Qaziler.az həmin statusu oxucularla bölüşür:

"Bu gün sizə Müslümlə bağlı xatirələrimi danışmaq istəyirəm. Biz bir yerdə böyümüşük, mən, Müslüm və Nərgiz. Bilməyənlər üçün deyim ki, biz həm də qohum olmuşuq. Müslümün babası Müslüm Maqomayevlə mənim Maleket nənəm doğma bacı-qardaş olub. Nərgizin nənəsi ilə Müslümün nənəsi doğma bacı idi. Müslüm uşaqlıqda çox dəcəl olub, atası Böyük Vətən Müharibəsində həlak olmuşdu, anası Bakıdan getmişdi və o yetim qalmışdı. Ona görə də heç kim onun xətrinə dəymirdi. Nərgiz isə sanki tamam başqa bir dünyanın uşağı idi. Onun da anası tez rəhmətə getmişdi. Elvira xalanın ölümü yaxşı yadımdadı. Onlar Petro Montin küçəsində yaşayırdılar. Elvira xala 1956-ci ildə rəhmətə gedib, anamla getmişdik evlərinə, Ramazan əmi stulda oturub ağlayırdı. Nərgiz məni görən kimi gəldi yanıma, əlimdən tutdu və "Bilirsən, mənim anam ölüb" dedi. Gözlərindən yaş süzülürdü. Nərgizlə bir dəfə piyada getmişik anasının qəbri üstə, Elvira xalanı Patamdar yolundakı rus qəbirsanlığında dəfn etmişdilər. Mən orada İsmayıl Hidayətzadənin qəbrini görmüşdüm, onlar yanaşı dəfn olunmuşdu...

Nərgiz çox qəribə qız idi, həm də onda ilahi bir gözəllik vardı. Onun şərəfinə sonralar Parapetdə kafe açılmışdı - "Nərgiz" kafesi. Nərgizlə sonradan yollarımız ayrıldı. Mən bunun səbəbini sizə danışmışam. Müslümün də, Nərgizin də yetim qalması, hər ikisinin ərköyün böyüməsinə gətirib çıxardı. Heç kim onların xətrinə dəymirdi. Nənəm də çox istəyirdi onu, həmişə deyərdi ki, "Qardaşımın qoxusunu Müslümdən alıram"...

Mən isə çox sakit uşaq olmuşam. Anam mənə onlarla oynamağa icazə vermirdi. Müslüm hər gün gəlirdi bizə öz evi kimi, açırdı qazanı əlinə keçəni yeyirdi, çıxıb gedirdi. Özü də məni ağlatmasa sakit olmurdu. Mənim uzun saçlarım vardı, tuturdu dartırdı, hörüklərimi dağıdırdı. Mən də qışqırırdım. Anam hətta Müslümü bir neçə dəfə evdən qovmuşdu. Bir dəfə anam evdə yox idi, Müslüm bizə gəldi və başladıq dalaşmaga. Bu balışı götürdü, mənə atmaq istəyəndə getdi dəydi divara. Bizdə evdə divarda atam taxtadan şkaf kimi düzəltmişdi, anam ora vaza qoyurdu. Həmin vaza da anama Abbasəli babamdan yadigar qalmışdı. Heç kimə icazə vermirdi ona toxunmağa. Balış dəydi şkafa və vaza yerə düşərək sındı. Çox qəribə vaza idi; sınıqları muncuq kimi dənə-dənə səpələnmişdi hər tərəfə...Bir anlıq sanki dünya başıma fırlandı, anam gəldi gözümün önünə, daha doğrusu, məni gözləyən cəza...Tez balışı yerinə qoydum, heç yerdəki sınıqları da yığmadım. Müslüm qaçdı öz evlərinə, mən də birbaşa nənəmgilə. Həmin gün qorxudan dilim tutulmuşdu. 3 gün nənəmin yanında qaldım. Anam əlbəttə ki, mənim dərsimi yamanca vermişdi, Gülcamal xalaya da tapşırdı ki, Müslüm bir də bizə gəlməsin. Ondan sonra Müslüm gəlirdi həyətimizə İraya deyirdi ki, Vəfanı çağır düşsün aşağı, görürdü məndən xəbər çıxmır, pəncərəmizə daş atırdı. Bu bizim parolumuz idi...

Gözəl günlərimiz vardı. Sonra əlbəttə ki, anamla barışdılar. Anam onun xətrini çox istəyirdi. Biz bacı-qardaş kimi idik, mənə həmişə "bacişka" deyirdi.

Bir gün dərsdən evə gələndə gördüm ki, Müslüm oturub bizdə, yanında da bir qız. Dedim, "Ay Müslüm, bu qız kimdi?" Müslüm də guya utanırmış kimi: "Tanış ol Vəfa, bu Ofeliyadır, mənim nişanlım"...

Ofeliyanı ilk dəfə bizim evdə görmüşdüm. Sonra onlar evləndilər, heç bir il keçməmiş ayrıldılar. Müslüm sonra başqa bir qızla görüşürdü, həmin qız indi tanınmış müğənnidi. O qızla evlənmədi. Sonradan Müslümün Moskva həyatı başladı. Bu ipə-sapa yatmayan bir oğlan illər keçdi SSRİ-nin ən tanınmış məşhur müğənnilərindən biri oldu. Dostluqda çox sədaqətli insan idi. Harda olur olsun, mütləq mənə zəng vururdu, Bakıya gələndə məni bir də nənəmi görməmiş heç yerə getməzdi. Anamla son zamanlar çox da yaxın münasibəti yox idi, səbəbini bilmirəm, ancaq Qəmər xalamı çox istəyirdi. Qəmər xalam da musiqiçi idi, onlar bir-birlərini gözəl başa düşürdülər. Xalam rəhmətə gedəndə Müslüm Moskvada idi, biz də dəfn üçün hələ yer tapa bilmirdik. Həmin dövr artıq anamın zəiflədiyi bir vaxta düşmüşdü. Müslüm gecə ilə gəldi biləndə ki, xalamı basdırmağa yer yoxdu, birbaşa "Baksovet"in sədrinə zəng vurdu və indi mənim də olduğum bu yeri aldı, xalamı dəfn etdik. Mən xəstə olanda Müslüm mənim üçün çox şeylər etdi, Əlindən gələni əsirgəmədi. O məni çox istəyirdi. Mənim üçün Moskvanın ən məşhur professorundan birini göndərmişdi Bakıya. SSRİ-də tapılmayan dərmanları xaricdən alıb göndərirdi. Moskvadan zəng vururdu Leçkomissiyaya, 30, 40 dəqiqə mənimlə telefonla danışırdı...Məni dəfələrlə Almaniya və başqa Avropa dövlətlərinə müalicəyə göndərmək istəyirdi, razı olmadım. Anamı tək qoyub gedə bilməzdim...

Müslüm belə bir oğlan idi...Mənim Müslümlə bağlı çox xatirələrim var, onlardan bəzilərini sizə danışmışam...O çox soyuqqanlı insan idi, ağlamağı heç xoşlamırdı. Mən bilirəm ki, o mənim yoxluğuma ağlamışdı, özü də uşaq kimi...Mən buna əminəm...O nə qədər soyuqqanlı insan olsa belə, mənim ölümüm onu mütləq ki, yandırmışdı...Müslüm məni çox istəyirdi...Çox istəyirdi...Mən isə onu lap çox istəyirdim.
Diaspora