Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafael Dadaşovun dəfn mərasimi keçirilib.
Trend-in məlumatına görə, xalq artisti II Fəxri Xiyabanda dəfn edilib.Dəfn mərasimində iştirak edən Mədəniyyət naziri Əbülfəz Qarayev bildirib ki, Rafael Dadaşovun ölümü Azərbaycan üçün böyük bir itkidir.
O qeyd edib ki, aktyor Azərbaycan mədəniyyətində böyük bir səhifə yazıb:
“Mən şəxsən çox gözəl bir insanı, dostu itirmişəm. Bizim Rafael Dadaşovla həmişə xoş münasibətlərimiz olub. O, Azərbaycan mədəniyyətində çox böyük bir səhifə yazıb. Onun doğulub böyüdüyü ailədə də teatra böyük yer ayrılırdı və o da bu mühitdə böyümüşdü”.
Nazir əlavə edib ki, R.Dadaşov bir çox regionlarda çalışsa da, onun əsas işi Dövlət Dram Teatrında olub və Azərbaycan onun canlandırdığı qəhrəmanları elə bu gün də görür.
Qeyd edək ki, Rafael Dadaşov dünən günorta saatlarında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.