Bu gün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və "Qalereya 1969" qalereyasının təşkilatçılığı ilə Bakı-2015 I Avropa Oyunlarına həsr olunmuş görkəmli Azərbaycan rəssamlarının əsərlərindən ibarət "Zamanın rəngləri" adlı sərgi açıldı.
QAZİLER.AZ nazirliyin saytına istinadən məlumat verir ki, sərginin keçirilməsində əsas məqsəd I Avropa Oyunları zamanı ölkəmizə gələcək turistləri və ölkə vətəndaşlarını qalereyanın fondunda saxlanılan qiymətli əsərlərlə tanış etməkdir.Sərginin açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev I Avropa Oyunları ərəfəsində ölkəmizin mədəniyyətinin təbliği üçün çoxsaylı tədbirlərin keçirildiyini vurğuladı. Bildirdi ki, bugünkü sərgidə nümayiş olunan əsərlərin Azərbaycan rəssamlığı tarixində mühüm yer tutur. I Avropa Oyunları zamanı teatrlarda, muzeylərdə, konsert salonlarında turistlərə Azərbaycan mədəniyyətini, incəsənətini təbliğ edən xüsusi proqramların təqdim olunacağını qeyd etdi.
Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov nümayiş olunan əsərlərin yüksək bədii dəyərə malik olduğundan söz açaraq bu işlərin I Avropa Oyunları zamanı ölkəmizə gələcək turistlərdə Azərbaycan rəssamlığı haqqında əyani təsəvvür yaradacağını xüsusi vurğuladı.
Qeyd edək ki, "Zamanın rəngləri" adlı sərgidə görkəmli Azərbaycan rəssamlarının kolleksiyasına aid olan əsərləri təqdim olunur. Onların sırasında Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Abdulxalıq, Vəcihə Səmədova, Mahmud Tağıyev, Oqtay Sadıqzadə, Mirismayıl Cəfərov, Cabbar Qasımov və başqa tanınmış rəssamların əsərləri sərgilənir. Sərgidə nümayiş olunan əsərlərdə Azərbaycan tarixi və memarlığı xüsusi olaraq öz əksini tapıb. Əsərlərin işlənmə texnikası, orijinal bədii və kompozisiya həlli, koloriti onların hər birinin mənsub olduğu janrda böyük ustalıqla işləndiyini göstərir.