“Muzeydə Gecə” intellektual istirahətin yeni hüdudlarını müəyyənləşdirdi

“Muzeydə Gecə” intellektual istirahətin yeni hüdudlarını müəyyənləşdirdi backend

İyunun 6-da YARAT Müasir İncəsənət Mərkəzində “Muzeydə Gecə” adlı mövzu əhatəsi geniş olan tədbir keçirilib. İnsanların diqqətini intellektual istirahət növünə cəlb etmək məqsədilə dünyanın bir sıra ölkələrində 40 ildən çoxdur ki, belə aksiyalar təşkil olunur.


Bir aydan artıqdır ki, planlaşdırılan “Muzeydə Gecə” tədbiri barədə fəal surətdə sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində məlumatlar yayılırdı. Bu səbəbdən də səhərdən - saat 11-dən başlayaraq, iştirak etmək arzusu ilə adamların tədbir keçirilən yerə axışması təəccüblü deyildi.

YARAT-dan Trend-ə verilən məlumata görə, “Muzeydə Gecə” tədbirinin proqramına yoqa, kulinariya, rəqslər, art-terapiya seansları, Bakının sirləri haqqında tarixi məruzə və başqa mövzular daxil idi. Tədbir gecə yarıdan keçənədək davam edib.

YARAT Müasir İncəsənət Məkanının icraçı direktoru Fərid Abdullayev aksiya barədə bunları söyləyib: “Müasir incəsənəti təmsil edən kolleksiyalar və ekspozisiyaların nümayiş etdirildiyi mərkəzə bır sıra köməkçi xarakterli tədbirlərin vasitəsilə daha çox ziyarətçi cəlb etmək niyyətindəydik. Deyə bilərik ki, istəyimiz tam baş tutdu. Ustad dərslərində iştirak etdikdən sonra insanlar dağılışmadılar. Əksinə, məmnuniyyətlə bələdçilərimizin ekskursiyalarına yazılır və nümayiş olunan ekspozisiyayla maraqlanırdılar. Məqsədimizə nail olduq, bu isə o deməkdir ki, gələcəkdə belə aksiyaların daha çox keçirilməsinə çalışacağıq.”

Tədbirdə iştirak etməyənlər YARAT Müasir İncəsənət Mərkəzinə çərşənbə axşamı-cümə günləri saat 11-dən 20-dək, şənbə günü saat 11-dan 23-ə, bazar günü isə saat 12-dan 20-dək baş çəkə bilərlər.

Ünvan: Bayıl qəsəbəsi, Dövlət Bayrağı Meydanından yuxarıda, Dənizkənarı Milli Park (Bulvar) ərazisində.
Diaspora