Vladimir Menşovun məşhur “Moskva göz yaşlarına inanmır” filminin premyerasından düz 40 il ötür.
AZƏRTAC xəbər verir ki, “Moskva göz yaşlarına inanmır” filmi 1980-ci il fevralın 11-də prokata çıxıb. Valentin Çyornıxın “İki dəfə yalan danışmış qadın” adlı ssenarisi əsasında çəkilmiş film 1981-ci ildə “Əcnəbi dildə ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına və SSRİ Dövlət mükafatına layiq görülüb.Vladimir Menşovun dediyinə görə, melodrama janrında olan bu ssenaridən əvvəlcə imtina etmək istəyib, lakin ssenaridə baş qəhrəmanın zəngli saatı quraraq yatağa uzanması və 20 ildən sonra zəngin səsinə yuxudan oyanması məqamı ona çox maraqlı gəlib. V.Menşov sonralar etiraf edib ki, gələcək filmdə onun üçün və xanımı, baş rolun ifaçısı Vera Alenteva üçün müəyyən avtobioqrafik notlar olub. Belə ki, filmin qəhrəmanları kimi, onlar da yataqxana həyatı yaşayıblar və Moskvanı fəth ediblər.
Vladimir Menşov Bakıda anadan olub. O, Rusiyanın Xalq artisti, tamaşaçılar tərəfindən çox sevilən bir çox filmlərin, o cümlədən “Məhəbbət və göyərçinlər”, “Şirli-mırli” və s. filmlərin rejissorudur.