Xalq artisti Elmira Rəhimova yenə səhhətindəki problemlərdən şikayətlənib.
Bu haqda Moderator.az-a E.Rəhimova özü məlumat verib və titrək səsiylə həkim nəzarətində olduğunu bildirib:“Səhhətim heç cür düzəlmir. Təzyiqim hər gün yüksək olur və elə ona görə də həkim nəzarətindəyəm. Həm də şəkər xəstəsiyəm. Danışanda da əziyyət çəkirəm, əlim-ayağım titrəyir. Sözsüz ki, yaş özünü göstərir. Ancaq səhhətimdəki xəstəliklərlə mübarizə aparmağa çalışıram ki, yaşayım. Diqqətiniz üçün hamınıza təşəkkür edirəm, bağışlayın bundan artıq danışmağa taqətim yoxdur”.
Qeyd edək ki, E.Rəhimova əməkdaşımızın əlavə suallarına cavab verə bilməyəcəyini deyib. O, 1941-ci il avqustun 13-də Bakı şəhərində anadan olub. 1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. 1950-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınıb, Hindistanın Baş naziri C.Nehrinin dəfəti ilə iki dəfə Hindistanda olub, hind mahnı və rəqslərini öyrənib. Azərbaycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa edib. Dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış edib.