Zəhmli Xəlifə, bəyin “sağ əli”, məzara gül gətirən sirli qadın... – Şəhid ziyalılarımız

Zəhmli Xəlifə, bəyin “sağ əli”, məzara gül gətirən sirli qadın... – Şəhid ziyalılarımız backend

“Şəhid” deyəndə birbaşa güllə qabağında şəhid olanlardan getməyəcək söhbət. Onlar haqqında da layihələrimiz var, amma bu layihə el-oba, vətən yolunda mənən şəhid olanlardandır.

***

Şağan məzarlığında tez-tez bir qadın onun məzarını ziyarətə gəlib, üstünə təzə-tər qərənfillər qoyarmış. Son üç ilə qədər…

***

Hüseyn Cavidi çox sevərmiş. “Nə vaxtsa Cavid adına teatrım olacaq” - deyərmiş. Cavidi sevmək üçün gərək onu dərk edəsən, bunsuz sadəcə sevə bilməzsən. Cavidin əsərlərində rol almaq, onu dərk edərək ifa etmək sevdirmişdi Cavidi ona. Məsuliyyətli və peşəsini sevən adam idi. Dərk etmədən obraza bütünlüklə daxil olmadan oynamazdı... Obrazı özününküləşdirmirdi, özündən çıxıb, oynadığı obraz olurdu. Ona görə də ömrü öz ömrünə çatmadı, başqa ömürlərdə sürətləndirdi öz ömrünün çarxını.

Bəlkə bu dərketmədəndir gözlərindəki o ümman dərinlik. Dərk etmək çətin haldır. Dərk edənləri yarıda qalan gördüm.

Hər qülbədə, kaşanədə, viranədə İblis!

Həp Kəbədə, bütxanədə, meyxanədə İblis!...

...İblis nədir?

- Cümlə xəyanətlərə bais...

Ya hər kəsə xain olan insan nədir?

- İblis...”

Bunu duyaraq səhnədə oynayandan sonra həyatda yaşamaq çətindir, çox çətin. Ona görə yaşaya bilmədi.

20 Yanvar şəhididir. Birbaşa güllə qabağında ölmədi. O faciədən cəmi iki həftə sonra beyninə qan sızdı... O iki həftəni də Şəhidlər Xiyabanında yaşadı. Bu dəfə Lent.az -ın “Şəhid ziyalılar” layihəsində aktyor Hamlet Xanızadədir. Dilim çaşıb, düzünü - Xalq artisti deyəcəkdi, amma o, Xalq artisti olacaq qədər yaşamadı, əvəzinə iki dəfə əməkdar artist almışdı, çaşmadım, bəli iki dəfə eyni fəxri ad siyahısında adı təsdiqlənmişdi - səhvən.

Hamlet Bəbir oğlu Xanızadə 1941-ci ildə iyunun 5-də müharibə başlayan dünyaya Bakının sakit, müharibədən uzaq Şağan kəndində gəlmişdi. Atası Bəbir həkim idi, ədəbiyyatı, mədəniyyəti sevən, bilən həkim, Şekspirin şərəfinə üç uşağın böyüyü olan oğlunun adını Hamlet qoyur. Amma qulağına pıçıldamır ki, sənin adını ona görə Hamlet qoymuram ki, aktyor olasan, Hamleti oynamaq arzusu ürəyində bu dünyadan cavankən köç edib gedəsən, unudur bunu pıçıldamağı. Anası da həkim olub. Hər ikisinin arzusu ilə sənədlərini Tibb İnstitutuna versə də, fikri sənətin – teatrın, kinonun yanında qalmışdı. “Niyyətin hara, mənzilin ora” - deyib atalar. Hamlet müsabiqədən keçə bilmir, sevincək sənədlərini alıb, İncəsənət İnstitutuna verir.

50-ci illərin sonu teatrın, kinonun yüksəliş dövrü idi. Qarşıdan 60-ın ədəbiyyatda, mədəniyyətdə intibahı gəlirdi. Hamlet Xanızadənin bəlkə bəxti ancaq bu sarıdan gətirdi ki, üzü intibah dövrünə gedirdi. İncəsənət İnstitutuna qəbul olunub, Adil İsgəndərovun kursuna düşmək də taleyin təbəssümüdür. Müharibə başlayanda doğulub, daha bir müharibə başlamamış dünyadan köçən adam üçün bu tale təbəssümü deyil bəlkə də, onun istehzasıdır əslində...

Üstəlik, Adil İsgəndərov hər tələbəsinə “sən böyük aktyor olacaqsan” – deməzdi. Hamlet Xanızadəyə demişdi bu kəlməni. Sənət diaqnozu idi bu . Tələbə ikən Tədris teatrında oynadığı obrazları görən Tofiq Kazımov 1961-ci ildə onu Akademik teatra dəvət edib. İlk dəfə baş teatrın səhnəsinə Hamlet Şekspirin əsərində çıxır, Tofiq Kazımovun quruluşunda “Kleopatra” tamaşasında.

Sonra yenə Tofiq Kazımovun quruluşunda Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin tamaşasında Hamlet Xanızadə Xəstə obrazını oynayırdı. Əsərdə belə obraz yoxdur. Onu Tofiq Kazımov yaradıb. Əsərdə dirilərdən və ölülərdən bəhs olunur, xəstə obrazı isə nə diridir, nə də ölü, hansı dünyaya məxsus olduğunu ayırd edə bilmir – varlığının belə şübhəsi var. Elə bil bu obraz onun Molla Abbas obrazına sınağı idi.

Gənc Xanızadə, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Məmmədrza Şeyxzamanovla birgə Cəlil Məmmədquluzadənin eyni adlı əsərində Mehdi Məmmədovun quruluşunda “Dəli yığıncağı” tamaşasında bir səhnəni bölüşür. Ona Molla Abbas rolu həvalə olunmuşdu. Artıq dünyanın hər üzünü görmüş, fəlsəfəsini “oxumuş” Molla Abbas. Onu Həsənağa Turabov oynamalı idi, amma həmin vaxt kinoya çəkildiyindən gələ bilmir məşqlərə və rejissor rolu Hamlet Xanızadəyə həvalə edir.

Nəhayət, “İblis” tamaşasında İblis rolu. Mehdi Məmmədovun quruluşunda bu tamaşa ilə Hamlet Xanızadə teatrda zirvəyə çatdı.

Kinoya isə onu Həsən Seyidbəyli gətirib. Çəkdiyi “Bizim Cəbiş müəllim” filmində epizodik bir rolla. Ardınca Tofiq Tağızadə Hamlet Xanızadəni “7 oğul istərəm” filminə Gizir roluna çəkilməyə dəvət edib. Gizir Gəray bəyin sağ əlidir. Bu kiçik obraz Hamlet Xanızadənin ifasında filmdə əsas simalardan birinə çevrilir.

“Axırıncı aşırım” filmində Abasqulu ağanın silahdaşı Talıbov. Harda olduğunun, nə etdiyinin fərqində olan Talıbovun gözlərindəki qorxu, həyəcan dolu ifadəni Xanızadə necə məharətlə ifa edir.

“Arxadan vurulan zərbə”dəki İmaş əvvəlki obrazlara qətiyyən bənzəmir. Həyatın hər üzünü görüb, daxilində bir insan uyuyan, zahirən qorxunc, cinayətkar İmaş artıq heç kimdən mərhəmət ummur. Yeganə narahatlığı bacısıdır. Onu özünün düşdüyü çirkablardan qorumağa çalışır.

Ümumiyyətlə, Hamlet Xanızadə düşüncə aktyorudur. Bunu sənətşünas Aydın Talıbzadə də deyib onun haqqında. Gözləri ilə yaradır obrazı, mimikaları ilə oynayır. Danışmasa belə, obraz yaradardı. İmaş əsas obrazlardan deyil, köməkçi fiqurdur filmdə. Məhz Hamlet Xanızadənin ifası obrazı yaddaqalan və əsas edə bilir. Yaxud “Babək” filmindəki Xəlifəni İmaşın yanına qoymaq, onunla müqayisə etmək olarmı? Eyni aktyorun yaratdığı fərqli obrazlardır. Onun obrazları Azərbaycan kinosunda və teatrında, həmçinin teletamaşalarda ən mükəmməl kişi obrazlarıdır.

Teletamaşa demiş, iki obrazını müqayisə edəcəm və deyəcəm ki, bu iki obrazı aktyor müqayisəyəgəlməz dərəcədə gözəl yaradıb. Biri “Topal Teymur” tamaşasında yaratdığı Topal Teymur obrazıdır, ikincisi “Qatarda” tamaşasındakı Qasım kişi rolu. Biri tiran, hökmdar, müharibələrdə ölkələr viran qoyan, işğal edən, qırıb-çatan. İkincisi əlinin zəhməti ilə rahat ömür sürən zil sürücüsü, daş daşıyan. Birincisi dünyaya sahib çıxmaq iddiasındadır, ikincisinin heç bir iddiası yoxdur və bu səbəbdən heç kimdən gözükölgəli deyil. Hər ikisini birləşdirən, amma oxşatmayan bircə qüvvə var – aktyor Hamlet Xanızadə.

Sənətinə aludə olduğum aktyorun şəxsiyyəti ilə sənəti o qədər bir-birini tamamlayır ki, şəxsi həyatı onların kölgəsində qalır. Sənətlə nəfəs alan, onu dünyada hər nəsnədən üstün tutan Hamlet Xanızadə bir gün sənət dostu Kamal Xudaverdiyevin eyvanından üzbəüz eyvanda bir qız görür. Heç vaxtı yubatmadan eyvandanca tanış olub qızla. Məlum olub ki, qızın da anası onun anası ilə bir xəstəxanada işləyirlər. Bilmirəm, taleyin işidir, yoxsa anaların, axır ki, Hamlet özündən 8 yaş kiçik “Ofelyası” ilə evlənir. İki qızları gəlir dünyaya – Aygün və Xumar.

Hamlet Xanızadə, Fuad Poladov, Kamal Xudaverdiyev sənətdən kənarda da yaxın dost idilər. Hər üçü 60-cı illərin böyük sənətkarları idi.

1989-cu ildə üç ustad sənətkar Fuad Poladov, Nəsir Sadıqzadə və Hamlet Xanızadə axşam vaxtı rayondan Bakıya qayıdırmışlar. Qaranlıq yolda maşın qəflətən çınqıl topasını üstünə çıxır. Sükan arxasında olan Hamlet Xanızadənin çənəsi sükana zərblə dəydiyindən çənəsi iki yerdən sınır. Başı da zədə alır. Uzunmüddətli gipsdən, müalicədən sonra həkim ona tapşırır ki, bir müddət beynini stressdən, gərginlikdən gözlə. Film çəkilişi olmasa yaxşı olar, özünü qoru. Hamlet Xanızadə isə bu təkidli qadağadan sonra “Qətl günü” kimi ağır filmin çəkilişlərinə gedir. Aktyor filmdə üç ayrı-ayrı mürəkkəb obraz yaradıb.

“Qətl günü" filmindəki Sədi Əfəndi obrazı aktyorun sonuncu işi olur. Film ekranlara çıxanda o artıq həyatda yox idi. Obrazın səsləndirilməsini Fuad Poladov öz boynuna götürür, dostunun yaratdığı obrazı duyub səsləndirəcəyinə əminliklə, onun xatirəsinə ehtiramla.

Həyat yoldaşı Nailə xanım deyir ki, çəkilişlər zamanı, bəlkə də gündə neçə yol ölüb-dirilirdi: “Qorxurdum onun üçün. Filmdəki dövrlə bağlı ədəbiyyatları oxuduqca öz-özünə deyirdi, gör biz necə böyük bir millətin övladlarıyıq”.

1990-cı ilin 20 Yanvarı elə bil onun taleyində “Qətl günü”nün davamı oldu, yaxud tamamladı ömrünü.

Belə bir millət niyə imperiyanın ayaqları altında tapdanır? – sualına heç bir cavab tapa bilmirdi. Ədalətli, vicdanlı insan dünyanın belə ədalətsizlikləri qarşısında aciz qalanda ürəyə çox böyük zərbə dəyir, sarsıdıcı zərbə.

Mütəmadi idmanla məşğul olub, sağlam həyat tərzi yaşayıb Hamlet Xanızadə. Heç vaxt ürəyindən şikayət etməyib. Ümumiyyətlə, şikayət edən adam olmayıb, həmişə susub düşüncələrə qalmağı olmasaydı, deyərdin bu adamın heç bir məsələdə fikri yoxdur.

İnsan bəzən ətrafda anlaşılmamaqdan əziyyət çəkir, içində yaşayır – içindən gedir əvvəl, sonra cismi ruhunun arxasınca düşür.

Hamlet Xanızadə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə aktyor dostu Bürcəli Əsgərovla çıxıb şəhərdəki vəziyyətə baxmağa. Səhərə qədər evə gələ bilməyiblər, düşüblər hadisələrin axarına. Səhərəcən şəhərdə şəhidlərin nəşinin daşınmasına yardım edib, xəstəxanalarda olub, əllərindən gələni etməyə çalışıblar. 20 Yanvar günü günortadan sonra evə gəlib çıxıblar.

Gəlib gəlməyinə, amma evdə özünə yer tapa bilmirmiş. Bürcəli Əsgərov Nailə xanıma deyib ki, onu evdən çölə buraxma, başını qat, yoxsa ürəyi partlayacaq.

Elə də oldu. 1990-cı il fevralın 2-də Şəhidlər Xiyabanına növbəti ziyarətə gedən Hamlet Xanızadənin elə oradaca beyninə qan sızıb. Bir gün sonra xəstəxanada reanimasiyada dünyasını dəyişib.

Ürəyində iki arzusu qaldı Hamleti oynamaq və Cavid Teatrı yaratmaq.

Onu öz vəsiyyəti ilə Şağan məzarlığında dəfn ediblər. Həkim olmalarını arzuladığı iki qızı yolunun davamçılarıdır. Hər ikisi İncəsənət Universitetini bitiriblər. İki nəvəsi var - Nəzrin və İsmayıl. Aygünün övladlarıdır. Xumarın arzusu ailə qurandan sonra övladında atasının adını yaşatmaqdır.

***

Şağan məzarlığında tez-tez bir qadın onun məzarını ziyarətə gəlib, üstünə təzə-tər qərənfillər qoyarmış. Son üç ilə qədər. Üç ildir, o güllər o məzara döşənmir...

Ramilə Qurbanlı
lent.az
Diaspora