Rəsm müsabiqəsinin qalibləri elan edildi

Rəsm müsabiqəsinin qalibləri elan edildi backend

2015-ci il 6 iyunda Bakı şəhərinin Dənuzkənarı Parkındakı Bakı Biznes Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Xəzər Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Gazelli Group kompaniyası, Bakı Biznes Mərkəzi və İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə “Azərbaycanın tarixi – memarlıq irsi gənclərin gözü ilə” rəsm müsabiqəsinin yekun tədbiri həyata keçirilib.

Bu barədə qaziler.az saytına AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Pərviz Qasımov məlumat verib.

Tədbirdə layihənin əsas məqsədi – yeniyetmə və gənclər arasında rəsm müsabiqəsi şəklində uzun bir tarixi yol keçmiş milli maddi – memarlıq irsimizin təbliği və kütləviləşməsi olub.

Sözü gedən tədbirdə müsabiqənin münsif heyətində Azərbaycan Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri üzrə doktor, professor Maisə Rəhimova, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı, Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, Gazelli Group kompaniyasının ümumi məsələlər üzrə prezident köməkçisi Gülarə Əliyeva, rəssam-heykəltəraş Fərman Qasımov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Ramin Cəfərov olublar. Münsiflər heyətinin üzvləri öz çıxışlarında tədbirin milli-mənəvi dəyərlərin qorunması kontekstində əhəmiyyətindən, gənc rəssamların təqdirəlayiq fəaliyyətindən söz açıblar.

Tədbirin sonunda rəsm müsabiqəsinin II mərhələsinin yekunu olaraq qaliblər elan edildi və qaliblər layihənin sponsoru olan Gazelli Group şirkətindən qiymətli hədiyyələrlə və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun diplomları ilə mükafatlandırılıblar.

Müsabiqənin qalibləri sırasında üçüncü yerə “Şirvanşahlar sarayı” rəsmilə Müslimova Lamiyə, ikinci yerə “İçərişəhər” adlı rəsm ilə Saatova Zöhrə və “Azərbaycan” rəsmi ilə Hafizova Aytac birinci yerə layiq görülüblər.
Diaspora