Milli Qəhrəman Mübariz İbrahimovun şücaətindən bəhs edən operanın premyerası keçirilib

Milli Qəhrəman Mübariz İbrahimovun şücaətindən bəhs edən operanın premyerası keçirilib backend

Yanvarın 17-də Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şücaətindən bəhs edən və şəhidlərin xatirəsinə ithaf olunan “Mübariz” operasının premyerası keçirilib.

Azərtac xəbər verir ki, tədbirdə 20 yanvar gecəsinə həsr olunan rəsm sərgisi də nümayiş etdirilib.

Librettosu şair Şahin Musaoğluna, musiqisi bəstəkar Nərmin Nağıyevaya məxsus olan tamaşanın quruluşçu rejissoru Əməkdar artist İnarə Babayevadır. Operada Baş rolda Əməkdar artistlər Ramil Qasımov, Cahangir Qurbanov, Tural Ağasiyev, həmçinin Səbinə Ərəbli, Taleh Yahyayev, Şaban Cəfərov, Elçin Əhədzadə və Aydan Həsənova çıxış ediblər. Səhnə əsərinin quruluşçu baletmeysteri Əməkdar artist Ceyhun Qubadov, quruluşçu rəssamı Fərid Nəcəfovdur.

Tamaşada F. Əmirov adına Əməkdar kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına xoru (xormeyster Şəhla Ələkbərova) iştirak edib.

Tamaşaçılar mübarizliyə səsləyən operanı həvəslə seyr edib, tədbirdən xoş xatirələrlə ayrılıblar.
Diaspora