Qarabağla bağlı dünya səviyyəli filmimiz yoxdur - Kinorejissor səbəbini açıqlayır

Qarabağla bağlı dünya səviyyəli filmimiz yoxdur - Kinorejissor səbəbini açıqlayır backend

Ermənistan-Azərbaycan münaqişəsini, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün müxtəlif işlər görülür.

Film isə həqiqətləri daha aydın, daha ətraflı çatdırmaq üçün ən uyğun vasitələrdəndir. Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün də bir neçə film çəkilib. Lakin bu kinolar ağrı-acımızı dünya ictimaiyyətinə çatdıra bilirmi?

Son dövrdə çəkilən, mövzusu, məzmunu bəlli olmayan film və serialların əvəzinə reallıqları, milli qəhrəmanlarımızın, şəhidlərimizin mübarizəsini, xalqımızın şahid olduğu müsibətləri əks etdirən filmləri ortaya qoya bilmərikmi?! Gənclərimiz qəhrəmanlığı niyə ancaq sovet filmlərindən öyrənməlidir?! Yaxın keçmişimizin qəhrəmanlarını niyə unuduruq?!

Mövzu ilə bağlı Modern.az-a danışan Xalq artisti, rejissor Şeyx Əbdül Mahmudov Qarabağ həqiqətlərini dünyaya çatdıracaq filmlərin olmamasını belə əsaslandırır:

“Dünya ekranına dünya səviyyəsində ekran əsərləri çıxır. Qarabağ bizim ağrılı-acılı faciəmizdir. Biz deyirik ki, elə Qarabağla bağlı nə varsa, dünya yaxasını açsın, tez bunu bütün dünyaya göstərsin. Əksinə, bütün dünya bizə qarşıdır. Burada xiristian-müsəlman faktoru var, türk, rus, İran məsələsi və sair var. Ona görə də biz ilk növbədə öz sənət əsərimizi, kino tariximizi, kino mədəniyyətimizi elə bir dünya tələblərinə cavab verəcək səviyyədə çəkib, ərsəyə gətirməli və ortaya qoymalıyıq ki, orada söhbət Qarabağdan, Şəkidən, Bakıdan getməsin, yüksək sənət əsərindən getsin. Necə ki, ruslar bugünə kimi Böyük Vətən müharibəsini çəkirlər.

Yəni bizim kino sənətimiz, çəkdiyimiz mövzular, o cümlədən də Qarabağ mövzusu yüksək peşəkarlıqla sənət əsəri kimi çəkilməlidir ki, dünyanın həm də ideoloji baxımdan marağına səbəb olsun. Bunun üçün kino sənayesi, kino texnologiyası bərpa olunmalıdır. Böyük sənət əsəri yaratmaq üçün gərək böyük texnoloji və maddi imkan olsun.

Ozerovun Stalinqrad savaşı ilə bağlı bir filmi var idi. Deməli, o kinonun əsas qəhrəmanı olan alman marşal Stalinqrad müharibəsini uduzub, əsir düşmüşdü. Sonra onu dəyişmişdilər. Gedib, Almaniyada yaşayırdı. Həmin filmi ona göstərmişdilər. Çünki bilavasitə Stalinqradda müharibəyə alman tərəfdən o rəhbərlik edirdi. Deyir, baxıb, başını silkələdi, güldü. Dedi ki, Rusiyanın belə güclü texnikası, ordusu var idisə, onda biz niyə bir ayın içində Moskvaya kimi gəlib çıxdıq? Fikir verirsinizmi, olmayan şeyi dünyaya necə təqdim edirlər. Yalançı erməni təbliğatı var e, mahnımızı, qəzəlimizi, tariximizi, şeirimizi, adımızı, yeməyimizi, oğurlayır, amma adını dəyişə bilmir. Elə dolmanı dolma kimi, tərəkəməni tərəkəmə kimi, “Sarı gəlini” “Sarı gəlin” kimi elə təqdim edir, elə düzüb-qoşub, öz adına çıxır ki, bütün dünya da onu qəbul edir. Sən də dayanıb, ona qıraqdan tamaşa edirsən. Yüksək texnika, peşəkar sənət və böyük maliyyə olsa, həm Qarabağ mövzusu, həm daxili, həm xarici, həm də tarixi problemlər, hətta cəmiyyətlə, məişətlə bağlı filmlər də yüksək sənət əsəri kimi bütün dünyada qəbul olunacaq.

Keçən əsrin 60-70-ci illərinin texnikası ilə çəkməyimizə baxmayaraq, bu gün də “Yeddi oğul istərəm”, “Nəsimi”, “Axırıncı aşırım”, “Qaçaq Nəbi”, “Dəli Kür” kimi filmlər bütün dünyada göstərilir”.

Xalq artisti belə filmlərin kütləvi nümayişində də problemlərin olduğunu vurğulayır:

“Azərbaycanın hər yerində kinoteatrlar yoxdur. Ancaq Bakıda Nizami kinoteatrı var, ona da insanlar hardan gəlib baxsın. İnsanlar Bakıya gəlib-gedə bilmir. Əvvəllər belə idi ki, hər kəndin öz kinotetrı var idi, rayon mərkəzində kinoteatr var idi. Qabaq “kino prakat” deyilən bir idarə var idi, onun da min nəfər işçisi var idi. Kino hazır olan kimi surətləri çoxaldılıb, bütün kinoteatrlara verilirdi və film yayılırdı. Bu gün Azərbaycanda ən yaralı yerimizin biri budur. Kütləvi şəkildə ancaq mərkəzi şəhərlərdə kinoteatr var. Kino nümayişinin kütləviliyi bərpa olunmalıdır. Biz elə deyirik ki, bu film Qarabağla bağlıdırsa, gedək baxaq. Harada baxaq, necə baxaq?!”

Şeyx Əbdül Mahmudov qeyd edir ki, bu mövzuda daha peşəkar filmlərin çəkilməsi üçün müharibə ətraflı analiz olunmalıdır:

“Müharibə mövzusu elədir ki, nə qədər ki, insanlar hadisələrin içindədir, bu hadisələrə qaynayır, qarışır, ona vaxt və kənardan baxış lazımdır ki, müharibənin fəlsəfəsini, mahiyyətini, səbəblərini dərk edəsən. Ona görə də hələ ki, bu qaynar qazan ki qaynamağa davam edir, bizim bəzi kinoçular, şairlər, yazıçılar, ssenaristlər hələlik şapalaqla üz qızardır. Bütün faciəni dərk etmək üçün gərək biz faciəni, bütün beynəlxaq səviyyədə, həm daxildə, həm xaricdə yaşayaq və dərk edək. Biz hələlik onun acısı, ağrısı ilə yaşayırıq. Film çəkən kimi qəhrəmanın əlinə avtomatı veririk ki, ermənini öldür. Elə deyil axı. Yəni, tələm-tələsiklik, bir az da populistlik var. “Filan rejissor da, ssenarist də Qarabağ mövzusunda yazdı, çəkdi” deyilməsi üçün ssenari yazmaq, kino çəkmək lazım deyil. Bu elə bir tarixi faciəmizdir ki, yüksək peşəkarlıqla müharibənin detalları analiz olunmalıdır. Müharibə elmini bilən ssenaristlər, rejissorlar bu əsəri çəkməlidir. Ona görə də bütövlükdə faciəmiz bir neçə tərəfdən dərk olunmalı, daha sonra ortaya qoyulmalıdır.

Məsələn, Azərbaycanda müharibə ilə bağlı iki film deyəcəm. Biri “Tüfəng səsi”, o biri də “Bizim Cəbiş müəllim”. Müharibə var orada? Top-tüfəng yoxdur ki? Amma o müharibənin ağrısı, acısı arxa cəbhədə insanların taleyində, həyatında, güzəranında necə təsvir olunub. Həmin filmlər SSRİ məkanında böyük mükafatlar alıb. Müharibə elə tək adam öldürməkdən, topdan-tüfəngdən ibarət deyil ki?! Baş verən bütün müsbət, mənfi hallar hamısı insan taleyi, insan faktorudur. Ona görə də müharibənin insanlara yaşatdığı faciələr həm mənəvi, həm maddi, həm psixoloji, həm də ideoloji təbliğat baxımından dərk olunmalı və düşünülmüş şəkildə ortaya ciddi əsərlər qoyulmalıdır. Ciddi əsər üçün ciddi texnika və texnologiya, maliyyə olmalıdır, həmçinin kütləvi şəkildə nümayişi təşkil olunmalıdır”.
Diaspora