Şəhidlər Muzeyində Türk qəhrəmanlarının büstünün və rəsmlərinin təqdimatı oldu - FOTO

Şəhidlər Muzeyində Türk qəhrəmanlarının büstünün və rəsmlərinin təqdimatı oldu - FOTO backend

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Şəhidlər Muzeyində daha bir maraqlı tədbir keçirilib. Bu dəfə muzeydə hazırlanmış Türkiyənin qəhrəman şəhidlərinin, siyasət adamlarının büst və rəsmlərinin təqdimatı olub.

Təqdimatda Türkiyədən gələn qonaqlar da iştirak edib. Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanalı çıxış edərək Azərbaycan və Türkiyə şəhidləri haqqında danışıb. Sonra o öz repertuarından “Turan ellər var olsun!”, “Yürüyün, əsgər!” mahnılarını ifa edib.

Sonra Türkiyəli şəhid Ömər Xalid Dəmirin, Azərbaycanın Milli Qəhrəmanları Çingiz Qurbanovun və Əliyar Əliyevin büstlərinin açılışı olub.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, 20 yanvar cəmiyyətinin sədri Sultan Əzimzadə, “Qarabağ Qaziləri” birliyinin sədri Asəf Əliyev, Gəncliyə Yardım Fondunun rəhbəri Salman Əliyev, Qaziler.az saytının rəhbəri Rey Kərimoğlu, jurnalist Ötərxan Eltac, Qarabağ qaziləri, şəhid ailələri, veteranlar, muzeyin kollektivi və digər insanlar iştirak ediblər.

Çıxış edənlər Azərbaycan Türkiyə qardaşlığından, muzeyin bu istiqamətdə gördüyü bu işdən danışıblar. Onlar ümumilikdə bu muzeyin yaranmasını və fəaliyyətini çox yüksək qiymətləndiriblər.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Şəhidlər Muzeyinin yaradıcısı və rəhbəri Namiq Əliyev çıxış edərək tədbirdə iştirak edən türkiyəli və yerli qonaqlara təşəkkür edib.

Qeyd edək ki, muzeydə Çanaqqala qəhrəmanı Seyid Onbaşının, türk siyasətçisi, Böyük Birlik Partiyasının yaradıcısı Möhsün Yazıçıoğlunun və digərlərinin rəsmləri də çəkilib.



QAZİLER.AZ saytı tədbirlə bağlı “Qarabağ qaziləri” birliyinin sədri Asəf Əliyevin fikirlərini öyrənib: “Biz dəfələrlə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Şəhidlər Muzeyində keçirilən tədbirlərdə iştirak etmişik. Bu dəfə fərqli bir tədbir oldu. Çünki bu dəfə Azərbaycan şəhidləri ilə yanaşı Türkiyə şəhidlərinin də büstü və rəsmləri hazırlanmışdı. Muzeyin rəhbəri Namiq Əliyevə və tədbirin təşkilatçılarından olan “Qarabağ qaziləri” birliyinin Xətai rayon filialının sədri İlham Həsənova təşəkkürümü bildirirəm.”

Tədbir Ş.Əlizamanlının ifasında “Anayurt” marşı ilə başa çatdı.

QAZİLER.AZ


Diaspora