“444-cü düşərgə” adlı sənədli film çəkilir

“444-cü düşərgə” adlı sənədli film çəkilir backend

Media İnkişaf Mərkəzi İctimai Birliyi “444-cü düşərgə” sənədli filminin çəkilişi adlı layihənin icrasına başlayıb. Lent.az-ın məlumatına görə, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi icra olunur.

Qeyd edək ki, “444-cü düşərgə” filmi 1945-ci ilin sentyabrından 1951-ci ilin əvvəllərinədək Mingəçevir şəhərinin və su bəndinin tikintisində iştirak etmiş alman əsirlərinin taleyindən bəhs edir. Filmdə əsir alman zabiti Villi Deşin sonralar yazdığı gündəlikdən istifadə edilib.

Villi Deş ilk əsirlik günündən, azad olunub Almaniyaya yola salınacan gündəlik yazıb. Həmin gündəlikdə o, müxtəlif peyzajlar çəkib, adı bizlərə məlum olmayan azərbaycanlıların portretlərini kağız üzərinə köçürüb. Deşin gündəliyində Mingəçevirin hələ tikilməmişdən öncəki fotosu, Kürün üzərindəki körpünün və digər obyektlərin dəqiq çertyojları təsvir edilib. Yerli əhali haqda olduqca müsbət fikirdə olan Villi Deş müstəqillik dönəmində Azərbaycana gəlib, Mingəçevirdə olub. Almanların dəfn olunduğu qəbiristanlığın necə abad və səliqəli olduğundan təsirlənib. Yeri gəlmişkən, həmin gündəlik Media İnkişaf Mərkəzinin vəsaiti hesabına tərcümə edilib.

Layihə 2015-ci il iyunun 1-dən avqustun 31-dək icra olunacaq. Sonda filmin təqdimatı keçiriləcək.

Diaspora