“Anar da istefa ərizəsi yazmalıdır” - Gənc yazıçılardan AYB sədrinə çağırış

“Anar da istefa ərizəsi yazmalıdır” - Gənc yazıçılardan AYB sədrinə çağırış backend

“Hesab edirəm ki, yaşlı nəslin nümayəndələri vəzifədən getməli və onların yerinə gənc nəslin nümayəndələri gəlməlidir”.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, 81 yaşlı Anar Rzayevin report.az saytına verdiyi bu açıqlama müzakirələrə səbəb olub.

AYB sədri gənclərin yüksək vəzifələrə təyin olunmasını müsbət qiymətləndirdiyini deyib: “Azərbaycanda dövlət müəssisələrində gənclərin təyinat almasını çox təbii hal kimi qiymətləndirirəm. Belə də olmalıdır”.

Qeyd edək ki, sosial şəbəkələrdə, xüsusən də, gənc yazarlar AYB sədrinin istefa verməsi ilə bağlı fikirlər səsləndirilib. Şərhlərdə 1987-ci ildən AYB-sədri vəzifəsində çalışan 81 yaşlı Anar Rzayevin yerini artıq gənclərə verməsinin məqsədəuyğun olduğu bildirilib.

Bununla bağlı da danışan AYB sədri istefa vermək fikrində olmadığını bildirib: “Mən təbii ki, istefa verməmişəm. Ümumiyyətlə, Azərbaycan Yazıçılar Birliyi seçkili orqandır və burada sədr qurultayda seçilir. Azərbaycan Yazıçılar Birliyinə sədr seçilməsi üçün qurultay olacaq və orada kim seçiləcəksə, sədr o olacaq. Qurultayın da gələn il keçiriləcəyi gözlənilir”.

Mövzu ilə bağlı AYB üzvü, gənc yazar Tural Turan musavat.com-a danışıb: “AYB sədri Anar da prezidentin çağırışına cavab verib, istefa ərizəsi yazmalıdır. Ədəbiyyat siyasi hadisə olmasa da, ictimai hadisələrin məcmusudur. Onu obrazlı şəkildə əks etdirir. Fikirlərim ədəbiyyatla siyasətin qarşılaşdırılması və ya qarışdırılması kimi anlaşılmasın, amma hesab edirəm ki, ölkə başçısı İlham Əliyevin kadr islahatları ilə bağlı yaşlı məmurlara çağırışına Azərbaycan Yazıçılar Birliyinin sədri, hörmətli Anar müəllim də cavab verməlidir. Artıq Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bu çağırışı eşitdi və ərizəsini yazdı. Əgər, 85 yaşlı Akif Əlizadə bu addımı atırsa, 81 yaşlı Anar müəllim də AMEA sədrindən iradəsiz olmadığını ortaya qoymalıdır. İstefa ərizəsini yazmaqla iradə nümayiş etdirməlidir. Yolu gənclərə verməlidir. O gənclərə ki, qloballaşan dünya ilə daha yaxşı ayaqlaşa bilirlər. Proseslərdən baş çıxarmağı bacarırlar. Əgər 75 yaşlı Hacıbala Abutalıbov, 71 yaşlı Əli Həsənov dövlət idarəetməsində sürətli manevr qabiliyyətinə malik olmadıqlarını boyunlarına alıb, dinamik proseslərlə əhatə olunmuş dünyanın ictimai-siyasi məsələlərindən baş çıxara bilməkdə çətinlik çəkdikləri üçün istefa ərizələrini yazırlarsa, deməli, onlardan 10-12 yaş böyük Anar Rzayev də anoloji addımı atmalıdır. Çünki dinamik inkişaf və sürətli yeniləşmə ədəbiyyat sahəsində də gedir. İndi Yazıçılar Birliyinə təcrübəli və ahıl sədrdən daha çox enerjili, innovativ yeniliklərə açıq olan gənclər lazımdır. Hesab edirəm ki, Azərbaycan Yazıçılar Birliyinin idarə heyəti təcili toplanmalı, qurultay çağrılmalı və Anar müəllimin ərizəsi həmin qurultayda oxunmalıdır. Ardınca seçki keçirilməli və gənclərin namizədliyi irəli sürülməlidir. Əks halda, dövlət idarəçiliyində və xarici təbliğatda əsas ideoloji maşınlardan biri olan ədəbiyyat sahəsi özünü uçurumdan atacaq.

Onu da qeyd edim ki, mən hələ üç-dörd ay əvvəl Anar müəllimin gənclərə yol açması üçün AYB sədrliyindən getməsi ilə bağlı çağırış etmişdim. Uzun illər Azərbaycanın mədəni-ictimai həyatına töhfə vermiş hörmətli yazıçımız son dəfə prezidentin gənclər siyasətinə də öz dəstəyini verməlidir. Bu dəstək isə istefa ərizəsindən keçir. Düşünürəm ki, AYB-nin idarə heyəti tam tərkibdə istefa verməlidir. Fikrət Qoca da Anar müəllimi tək qoymamalıdır”.

AYB üzvü Emil Rasimoğlu da Anar Rzayevin istefasını istəyib: “AYB sədri Anar ölkə rəhbərinin fikirlərindən nəticə çıxartmalıdır, istefa verməlidir! Bu gün Azərbaycan Yazıçılar Birliyində kadr islahatları, gənclər siyasəti donmuş vəziyyətdədir. Yeni idarəçilik modeli yox, ümumrespublika tərəqqisi yox... Birliyin daxilindəki mövcud problemlər nəyin ki, öz həllini tapmır, hətta günbəgün artır - desəm, yanılmaram. Bütün bunlara səbəb Yazıçılar Birliyindəki idarəçiliyin həddindən ziyadə qüsurlu olması, qurum daxilində dinamikliyin, yeniləşmənin, yeni təyinatların olmaması və Anar müəllimin idarəçilik imkanlarının təbii olaraq, məhdudlaşmasıdır. Amma düşünürəm ki, məqamdır. Örnək, nəticə məqamı... Yaşı 80-i ötmüş AYB sədri Anar da bu günlərdə ölkə rəhbərinin baş nazirin müavini vəzifəsindən azad olunan Hacıbala Abutalıbovla görüşdə “Həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, təqaüd yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm” fikirlərindən bir nəticə çıxartmalıdır, addım atmalıdır. Belə ki, hesab edirəm ki, AYB sədri ilin sonuna qədər təcili qurultay çağırıb, istefa verməlidir. Həm də bu il qurultay ilidir. Qurultayı gələn ilə planlaşdırmaq və ya “Anardan başqa AYB-ni idarə edən olmaz” tipli mühafizakar fikirlərdən əl çəkmək lazımdır. Ancaq qurultay çağırılışı tək Anarın istefası ilə yox, eyni zamanda AYB rəhbərliyində təmsil olunan yaşı 85-ə yaxın olan Fikrət Qocanın, yaşı 60-ı keçmiş Çingiz Abdullayevin, AYB-nin 55 yaşlı Gənclər üzrə katibi Rəşad Məcidin tutduğu postdan istefası ilə tamamlanmalıdır. Bu gün AYB-nin Gənclər üzrə katibinin 55 yaşı varsa, o birlikdə hansı gənclər siyasətindən, gənclərə yol verməkdən danışmaq olar? Başda Anar olmaqla, adlarını çəkdiyim rəsmilərin istefası artıq bütün tərəflərdən mütləqdir! İstər idarəçilikdə yaratdıqları problemlər baxımından, istərsə də kadr islahatları, gənclər siyasətinin yürüdülüb, gənclərə, kifayət qədər potensialı olan yeni kadrlara yol vermək baxımından... AYB postlarının mövcud sahibləri istefaya getdikdən sonra AYB tərkibindəki sektorlarda, bölmələrdə, mətbu orqanlarda köklü islahatlar mərhələ-mərhələ həyata keçirilməlidir ki, bunu da mütləq hesab edirəm. Yazıçılar Birliyi yalnız bu halda məhvdən xilas oluna bilər. Yoxsa ki, hazırkı AYB idarəçiliyi mövcud qurumu dağılmağa aparıb, çıxardır”.

Musavat.com yazıçı Anardan ona ünvanlanan istefa çağırışlarına münasibətini soruşub. AYB sədri bildirib ki, indi başı qarışıqdır və belə məsələlərə münasibət bildirmək istəmir.
Diaspora