Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri Özbək dilində Daşkənddə çapdan çıxıb

Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri Özbək dilində Daşkənddə çapdan çıxıb backend

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri Özbək dilində Daşkənddə çapdan çıxıb.

Qaziler.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi, Şərq ədəbiyyatının korifey mütəfəkkiri Nizami Gəncəvinin Xəmsəsinə aid “Yeddi gözəl” əsəri Daşkənddə çapdan çıxıb.

Nəşrin tərcüməçisi Özbəkistanın xalq şairi, tərcüməçi Camal Kamal, layihənin rəhbəri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, ön sözün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov, məsləhətçiləri Özbəkistan Milli Elmlər Akademiyasının bölmə müdiri, professor İbrahim Haqqulov və Azərbaycanlı alim, filologiya elmləri doktoru Sona Vəliyeva, redaktoru dosent Gülbahar Aşurova, nəşrə məsul filologiya elmləri namizədi Kərimulla Məmməd-zadədir.

“Nizaminin qocalmayan gözəlləri” adlı ön sözdə akademik Rafael Hüseynov Şərq intibahının ən müstəsna simalarından olan Nizamini son min ilin ərəb, fars, türk, hind və digər dillərdə yazıb-yaratmış bütün şairləri ilə müqayisə edərək belə bir nəticəyə gəlir ki, heç bir qələm sahibi özündənsonrakı ədəbi fikrin inkişafına onun qədər müsbət təsir göstərməmişdir. Akademik vurğulayır ki, Nizami pak və təmənnasız məhəbbətin cazibədar mənzərələrini daha əvvəlki məsnəvilərində – “Xosrov və Şirin”, “Leyli və Məcnun”da vəsf edib, növbəti əsəri “Yeddi gözəl” əsərində isə həmin xətti davam etdirir, antik və müsəlman mütəfəkkirlərinin mülahizələrini təzədən işləyib, öz sələflərinin təlimlərindən tamamilə fərqlənən, keyfiyyətcə yeni məhəbbət konsepsiyası yaradır. Tanınmış alim R.Hüseynov Nizami təxəyyülünün bəhrəsi olan və “Həft peykər”i bəzəyən novellaların hər birinin emosional gücü, mükəmməlliyi, xarakterlərin təsvirinin parlaqlığı baxımından bu janrda dünya ədəbiyyatının ən diqqətəlayiq inciləri ilə eyniləşdirir.

Sonda Nizami Gəncəvinin Özbək ədəbiyyatına təsiri, Əlişir Nəvainin dahi Nizamidən bəhrələnərək türk dilində “Xəmsə” yaratması, tarixin müxtəlif sınaqlarından çıxmış Azərbaycan-Özbəkistan dostluğunun, ənənələrin davam etdiyi vurğulanır və dahi şairimiz Nizaminin bu gün Azərbaycanda olduğu qədər Özbəkistanda sevildiyi qeyd olunur.

Özbək dilində hazırlanmış nəşrdə AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinə aid saxlanılan miniaturlar verilmişdir.

Qeyd edək ki, Nizami Gəncəvinin “Xəmsə”sinə aid olan beş əsərin Özbək dilinə tərcüməsi ilə bağlı 2015-ci ildə Daşkənddəki Nizami adına Dövlət Pedaqoji Universitetində Özbəkistanın Xalq Şairi Camal Kamalla Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov arasında müqavilə imzalanmış və ötən beş ildə dahi şairin əsərləri bütövlükdə Özbək dilinə çevrilmiş, Daşkənddə nəşr edilmişdir. S.Abbasov Azərbaycan və dünya ədəbiyyatının unikal incisi olan Nizami Gəncəvinin “Xəmsə”sinin Özbək dilinə tərcüməsi və nəşrinin qardaş ölkə ictimaiyyəti arasında rəğbətlə qarşılancağını və gələcəkdə Nizami irsinin öyrənilməsi, tədqiqi istiqamətində yeni imkanların açacağını ümid etdiyini bildirib. Nizami Gəncəvi şəxsiyyətinin, irsinin bir daha Azərbaycan xalqının istedadını, böyük mədəniyyət, ədəbiyyat yaratdığını söyləyən S.Abbasov onun Şərq poeziyasının, ən əsası türk poeziyasının mədəniyyət tarixində yeni səhifə açdığını və misilsiz poemalar yaratmaqla Yaxın və Orta Şərq ədəbiyyatı və incəsənətinin inkişafına töhvələrini qeyd edib.

Nəşrin Özbəkistan və Azərbaycanda təqdimat mərasimlərinin keçiriləcəyini qeyd edən S.Abbasov “Yeddi gözəl” əsəri ilə “Xəmsə”nin bütövlükdə Özbək dilinə tərcüməsi layihəsinin başa çatdığığını və Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bu nadir əsərlərin hər iki ölkənin kitabxanalarına, elm, tədqiqat müəssisələrinə əvəzsiz olaraq göndəriləcəyini bildirib.
Diaspora