Mərhum yazıçımız Fərman Kərimzadənin qızı ssenarist Yeganə Kərimzadə atasının "Qarlı aşırım" romanı əsasında ekranlaşdırılmış "Axırıncı aşırım” filminin təqdimat günü baş verən maraqlı bir hadisəni qələmə alıb.
Həmin əhvalat hələ 1971-ci ildə Bakının göbəyində ermənilərin necə azğın olduğunu, içlərində gizlətdikləri düşmənçiliyi məqam düşən kimi necə biruzə verdiklərini aydın göstərir.Qaynarinfo həmin yazını təqdim edir:
"Axırıncı aşırım"ın Nizamı kinoteatrında təqdimatı idi biz də evdə dörd çıqqılı çıqqılı uşaq idik. Nə isə bizi anam geyindirib, həyətdə gözləyin dedi. Erməni qonşularımız hadisəni bilirdilər və göz gözə dayanıb, evdən nə zaman çıxacağımızı gözləyirmişlər. Böyükləri susub, uşaqları qabağa ötürdülər bizi görcək. Mən, məndən iki yaş kiçik bacım Sevinc və qardaşım Əziz. Lap balaca bacım Aybəniz evdə qalacaqdı, çünki o hələ kino nə olduğunu bilmirdi, cəmi cümlətanı 2 yaşı olardı.
Sözün qısası, erməni uşaqları bizi sorğu suala tutdular.
- Kinoya baxmağa gedirsiniz?
- Abbasqulu bəy kimdi?
- Ermənilər haqqında bir şey olsa sizi öldürərik və s. və i. a
Mənim üçün yazıçı ən böyük sənət olduğundan:- Atam yazıçıdı onun paxıllığını az çəkin, dedim.
Sevinc:- Baxarıq kim kimi öldürər, dedi.
Əziz isə lap kökündən vurdu:- Atamın dayısı Xəlil (filmdə atamın dayısının obrazını Həsən Turabov canlandırıb), babam İsmayıl, atamın əmisi Abbasqulu bəy elə erməniləri öldürüb, qəhrəman olublar da...
Bu söz bitər bitməz sən demə xırda daşları əllərinə, ciblərinə dolduran erməni uşaqları bizi daşlamağa başladılar. Hər üçümüz yaralanmışdıq. Təzə paltarımız qana bulaşmışdı. Atam, qonşuluqda yaşayan həmyerlilərimiz gəlməsəydi bizi dövrəyə alan özümüzdən böyük erməni uşaqlarının əlindən salamat çıxmağımız möcüzə olardı. Elə üstü qanlı, başımız yarıqlı kinoya getdik.
Nizami kinoteatrında Şəmsi Bədəlbəylinin bizi "döyüşdən" çıxmış görüb, başımızı sığallamağı, atama baxıb, ah çəkməyi yadımdan çıxmaz. Şəmsi Bədəlbəyli"Axırıncı aşırım"da babamın obrazını yaradıb.
Qonşu kişilər isə biz qayıdana kimi evdə qalanlarımızı qorudular. Evə od vurmaqla hədələmişdilər bizi. O hadisədən az sonra kinostudiya bizə yeni ev verdi Tbilisi pospektində. Ordan Xutordan köçənə kimi də qorxmadıq, çəkinmədik o uşaqlardan yeri gəldi heyfimizi də aldıq, amma çəkinmədik. "Axırıncı aşırım" tv də gedən günü biz artıq ordan köçsək də evimizi satmadıq. Bibim Sara xanımın ailəsi də o geniş həyətdə yaşadığından evimizi ona qoyduq. Bibim deyirdi həmin gün ermənilərin heç birinin işığı yanmadı sözləşmiş kimi saat doqquz olmamış guya yatıblarmış.
1988 hadisələrindən çox çox əvvəl biz bilirdik ki, erməni qonşularımızın əksəriyyəti Ermənistanda hansısa təşkilatın üzvüdülər və ora hər ay pullar köçürürlər. Bunu da öz içlərindən olan biri demişdi atama.
"Axırıcı aşırım" efirə gələn günü başımız qanasa da əslində, filmdə erməni məsələsi yox idi o dövr ola da bilməzdi. Amma erməni Abbasqulu bəyin, Xəlilin, İsmayıl Şeyx Əli oğlunun meydanda daşnaklara qarşı necə döyüşdüyünü yaxşı bilirdi. Dava o dava idi...”
Xatırladaq ki, "Axırıncı aşırım” filmi rejissor Kamil Rüstəmbəyov tərəfindən 1971-ci ildə ekranlaşdırılıb. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilib. Kinoromanda hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Filmdə əsas rolları Həsən Məmmədov, Adil İsgəndərov, Məlik Dadaşov,Hamlet Xanızadə, Həsənağa Turabov, Şəmsi Bədəlbəyli, Tamilla Rüstəmova, Şahmar Ələkbərov, Əbdül Mahmudov və Sadıq Hüseynov ifa edirlər. 1972-ci ildə Tiflisdə V Ümumittifaq kinofestivalında aktyor Adil İsgəndərova "ən yaxşı kişi obrazı"na görə II mükafat, aktyor Həsən Məmmədova "ən yaxşı kişi rolu"na görə mükafat verilib. Ssenari müəllifi də Fərman Kərimzadədir.