Azərbaycanın Əməkdar artisti, tanınmış dirijor Ziya Bağırov dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə sənət xadimləri sosial şəbəkədə məlumat yayıblar.Qeyd edək ki, Ziya Bağırov musiqi məktəbini, 1957-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunu, 1962-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasının dirijorluq fakültəsini bitirib.
1962-1972-ci illərdə Bakı hərbi mahnı və rəqs ansamblında, 1972-1978-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, 1978-1998-ci illərdə filarmoniyanın F.Əmirov adına Azərbaycan Dövlət mahnı və rəqs ansamblında dirijor işləyib. Bu müddətdə fəaliyyəti ilə bağlı bir çox xariсi ölkələrdə qastrol səfərlərində olub, Azərbaycan mədəniyyətini uğurla təmsil edib.
1968-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüş Ziya Bağırov 1999-cu ildən Musiqili Komediya Teatrında fəaliyyət göstərib. Aparıcı dirijor kimi repertuarda olan tamaşaların nümayişində qocaman musiqiçinin böyük əməyi var.