Musa Yaquba "Xalq şairi" fəxri adı təqdim edilib

Musa Yaquba "Xalq şairi" fəxri adı təqdim edilib backend

Sentyabrın 5-də Mədəniyyət naziri Əbülfəs Qarayev Musa Yaquba "Xalq şairi" fəxri adının nişanını və vəsiqəsini təqdim edib.

APA-nın məlumatına görə, nazir Musa Yaqubu təbrik edərək onun müasir Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən şairlərdən olduğunu bildirib: “Zəngin yaradıcılıq yolu keçən şairin indiyədək çapdan çıxmış 10-dan çox kitabı oxucular tərəfindən maraqla qarşılanıb. Musa Yaqubun xalqımızın milli ruhundan, minillik adət-ənənələrindən qaynaqlanan poeziyası vətənpərvərlik duyğuları ilə zəngindir”.

Əbülfəs Qarayev onu da diqqətə çatdırıb ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu ilin sonunda şairin yeni kitabı işıq üzü görəcək.

"Xalq şairi" kimi yüksək fəxri ada layiq görüldüyünə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Musa Yaqub ölkə başçısının həmişə yaradıcı insanlara diqqət və qayğı göstərdiyini deyib. O, Azərbaycan poeziyasının gələcəyindən nikbin olduğunu vurğulayıb: “Bu gün istedadlı gənc yazarlar böyük ənənələri olan Azərbaycan ədəbiyyatını yeni ideyalarla zənginləşdirirlər”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 25 may 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə görkəmli şair, Yazıçılar Birliyinin üzvü Musa Yaqub "Xalq şairi” fəxri adlarına layiq görülüb.
Diaspora