Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayı ərəfəsində yenidən bu qurumla bağlı müzakirə və mübahisələr qızışıb.
AYB sədri yazıçı Anarın “Yeni Müsavat”a verdiyi son müsahibəsi bu mübahisələri daha da kəskinləşdirib. Fikirlər səslənir ki, ümumiyyətlə AYB ləğv edilsin, çünki bu qurum sovet dövründə həmin hakimiyyətin ideologiyasına xidmət edən qurum olub və hazırda belə qurumun fəaliyyətinin davam etdirilməsinə heç bir ehtiyac yoxdur.Bir çoxu demokratik cəmiyyətlərdə yazıçıların dövlətdən maliyyələşən hansısa birliyinin olmadığını əsas gətirərək, AYB kimi qurumun bu gün də fəaliyyət göstərməsini normal qəbul etmir. Bəs tanınmış yazıçı və şairlərimizin, gənc yazarların məsələyə münasibəti necədir?
AYB-nin üzvü, deputat Aqil Abbas digər ölkələrdə də AYB kimi qurumların olduğunu diqqətə çatdırdı: “Bu yanlış fikirdir ki, heç bir ölkədə AYB kimi qurumlar yoxdur. Məsələn, qardaş Türkiyədə “Türkiyə Avrasiya Yazarlar Birliyi” var. O cümlədən Rusiyada və digər ölkələrdə belə qurumlar fəaliyyət göstərir. Onların bəziləri dövlət tərəfindən, digərləri müxtəlif təşkilatlar tərəfindən maliyyələşir. Ümumiyyətlə, soruşmaq istərdim ki, bu AYB-nin kimə nə ziyanı var? Heç olmasa “Azərbaycan”, “Qobustan” jurnalları, “Ədəbiyyat“ qəzeti çap olunur, sonra da oradakı yazılardan qonorar alıb gənc şair və yazıçılara maddi köməklik edir, evlə təmin edir. Gənc yazıçıların kitablarını çap edir, hər il bildiyim qədər 30-a yaxın yazıçılara prezident təqaüdü verir, gənclərə 300, yaşlılar 5000 manat təqaüd verir. İmkan daxilində yardımlar edir. Bir daha sual edirəm, bu AYB-nin xalq, dövlətə nə ziyanı var? İstəmirsənsə, daxil olma. Məsələn, mən şəxsən heç bir partiyanın üzvü deyiləm. Kimsə məni hansısa partiyaya məcburən üzv edə bilərmi? Gənclər istedadlı uşaqlardır, amma bəzən istedadlarını bu cür müzakirələrə xərcləyirlər. Niyə axı ləğv olunsun? Baxın görün orada nə qədər adam işləyir, maaş alır”.
Aqil Abbas AYB-də sədr seçkisinə də münasibət bildirdi: “AYB-də sədr seçimi seçki yolu ilə aparılır. Kim istəyirsə namizədliyini irəli sürsün. Bildiyim qədər 18 yaşından yuxarı hər kəs namizədliyini irəli sürə bilər. Amma bu məsələni qalmaqala çeviriblər. Bu ona, o buna deyir, deyişirlər”.
Rüstəm Behrudi: “AYB-nin ləğv olunmasını istəyəndə Anar dedi ki..”
Şair Rüstəm Behrudi isə qeyd etdi ki, hələ 1997-ci ildə bu qurumun ləğv olunması ilə bağlı təklif irəli sürüb: “Həmin il mərhum prezident Heydər Əliyev ilə görüşdə bu məsələni qaldırmışdım ki, AYB-yə ehtiyac yoxdur. Ümumiyyətlə, hazırda dünya ölkələrində belə bir qurum yoxdur. Yəni bu qurum sovet ideologiyasından yoğrulan bir təşkilat idi, bununla da çalışırdılar ki, yaradıcı adamları öz xidmətlərinə cəlb etsinlər. Yaxın qonşumuz Türkiyədə də dövlət nəzarətində olan yazıçılar qurumu, təşkilat yoxdur. Eyni düşüncəyə malik, eyni yaradıcılıq üslubuna malik yazıçılar özləri belə bir təşkilat yaradır və onun ətrafında cəmləşirlər. Bu zaman özləri də bu təşkilatı maliyyələşdirir, mükafatlar təyin edir, üzvlərinə dəstək olurlar. Bu yəni yaradıcı insanların özlərinin yaratdığı qurum olur. Hətta 1997-ci ildə mərhum prezidentlə görüşdə bu məsələni qaldıranda yazıçı Anar mənə dedi ki, “Sənə kim icazə verib ki, bu sözü deyəsən?” Mən də onda qeyd etdim ki, bu mənim şəxsi fikrimdir. Onu da qeyd edim ki, mən artıq 2-3 ildir ki, AYB-dən imtina etmişəm. Boynuma götürdüyüm missiyanı həyata keçirmək üçün bu quruma nə ehtiyacım, nə də marağım olub. Mən 30-40 il bu qurumun üzvü olsam da, bir dəfə də olsun ora ayağım dəyməyib. Kitablarım xarici ölkələrdə, Azərbaycanda çap olunub, ən azı ədəbiyyatımızda Rüstəm Behrudi imzası var”.
Behrudi Anarla gənc yazarlar arasında baş verən qalmaqala da münasibət bildirdi: “Anar mənim hər zaman hörmət etdiyim yazıçı olub. Məsələn, onun “Otel otağı” əsərini hər zaman sevə-sevə oxumuşam. Düşünürəm ki, əgər Anar olmasaydı, Azərbaycan ədəbiyyatının bir səhifəsi ağ olardı, bunu qətiyyətlə deyirəm. Amma bu ona bəraət vermir ki, gənc yazıçılar barəsində o sözləri desin. Son açıqlamalarını Anara yaraşdırmadım. Düşünürəm ki, Mirzə İbrahimov AYB-nin sədri olduğu dövrdə Anar indi o gənclərin haqqında düşündüyünü İbrahimov haqqında düşünüb. Onun bu yaşda AYB-ə sədr olmasına ehtiyac yoxdur. Çox xoşluqla, hörmətlə həmin kreslonu gənc yazıçılara verib, getmək olar. Hazırda Azərbaycan ədəbiyyatına çox güclü nəsil gəlir. Doğrudur, onlar özlərini indi təsdiq edə bilmir, kifayət qədər tanınmır, amma çox istedadlıdırlar. İndi AYB sədrliyinə namizədliyini irəli sürən yazıçıların bir neçə kitabına ön söz yazmışam. Və mən onların istedadına inanıram. Nəsillər dəyişən kimi kresloların da sahibləri dəyişməlidir”.
Vüqar Əhməd: “Bəs AYB olmasa, necə olacaq?”
Şair Vüqar Əhməd isə AYB-nin ləğv olunması fikirləri ilə razılaşmadığını dedi: “Bu qurumun yazıçılara maddi və mənəvi dəstəyi var. Mən də bu qurumun üzvüyəm və qeyd edim ki, onun fəaliyyətinin davam etməsinə ehtiyac var. Gözümüzü açıb bu qurumu görmüşük. Qeyd edirlər ki, digər ölkələrdə yoxdur. Bizim digər ölkələrlə nə işimiz var? Əgər qurum yazıçılara maddi və mənəvi dəstək olursa, prezident təqaüdü ilə təmin edirsə, ev verirsə niyə də olmasın? AYB olmasa bəs necə olacaq?”
Yazıçı Qan Turalı isə AYB haqqında istənilən müzakirə, mülahizə, polemikaya ehtiyac olmadığını bildirdi: “Hər şey çox aydındır. Orxan Pamuk da gəlsə xeyri yoxdur. Bu yanaşma ilə ədəbiyyatın inkişafına nail olmaq mümkünsüzdür. Orda nəsə məzhəkəyə bənzər bir proses gedir. Şəxsən mənim üçün heç bir halda maraqlı deyil. İnsan beyninə çip yerləşdirildiyi bir zəmanədə AYB haqda danışmaq anoxronik görünür”.
Kəramət Böyükçöl: “AYB qalmalı, sədri də Anar olmalıdır”
Yazıçı Kəramət Böyükçölə görə isə bu məsələdə Azərbaycanı digər ölkələr ilə müqayisə etmək doğru deyil: “Niyə düşünürlər ki, digər ölkələrdə yazıçılar birliyi yoxdur, deməli bizdə də olmamalıdır? Düşünürəm ki, AYB olmalı, sədri yazıçı Anar olmalıdır. Ədəbi mühitdə fəal iştirak edən şəxs kimi deyə bilərəm ki, ədalət baxımından yazıçı Anar ideal olmasa da, ən məqbulu odur. Mənim yazıçı Anardan heç bir umacağım yoxudur, bildiyiniz kimi, bir neçə il öncə hətta AYB-dən çıxarılmışam. Amma məhz onun yaxşılıq etdiyi şəxslərin ona qarşı davranışlarını görüb düşünürəm ki, elə ən demokratik, ədalətli olan odur. Anarı söymək, ona qarşı çıxmaqla özlərini təhqir etməyə çalışırlar. Anar böyük yazıçıdır. Arzu edirəm ki, digər qurultayda da sədr seçilsin”.
Gənc şair Aqşin Evrən isə “AYB ləğv olunsun “ fikirlərinə bu cür münasibət sərgilədi: “Mən AYB-nin üzvü deyiləm. Ümumiyyətlə, heç bir ədəbi-siyasi qurum və təşkilata üzv olmamışam. Amma məncə, AYB-nin ləğv edilməsi ədəbiyyatımıza heç nə qazandırmayacaq. Əksinə, onsuz da zəifləyən prosesi, ədəbi dərgiləri tam aradan qaldıracaq. AYB-nin strukturunda ciddi və faydalı dəyişikliklər edib, böyük uğurlara nail olmaq mümkündür. Hansı yollarla? Düşünürəm ki, bunu oradakı dostlarımız, ağsaqqallar da bilirlər, amma yəqin, istəmirlər. Ona görə də onlara ağıl vermək kimi bir xəstəliyə düçar olmaq istəmirəm. AYB ləğv edilməməlidir, idarəetmə sistemi yenilənməlidir”.
“Yeni Müsavat”