Ədalətsizlikdən narazı aktyor - Adi məzarlıqda dəfn olunan KAMAL XUDAVERDİYEV

Ədalətsizlikdən narazı aktyor - Adi məzarlıqda dəfn olunan KAMAL XUDAVERDİYEV backend

Onun ölüm və doğum günləri bu aylara aprel və maya təsadüf edir...

“Ey ömür qatarım,
belə tələsmə,
Birdə bu dünyaya
gəlməyəcəyəm...”

Nədənsə aktyorun dilindən eşitdiyim bu misralar onun haqqında yazmaq fikrinə düşəndən beynimdə fırlanır.

Tale insanın xarakterindən asılıdır. Birinci əksər halda ikincini, yəni xarakteri müəyyən edir. Xüsusən əgər şəxsiyyətlisən, yarınmağı bacarmırsansa, həyat sənə çətin olacaq, çox çətin. Xarakterinə əks xarakterli insanlar səni hər addımda əzməyə, sındırmağa çalışacqlar, sənin şəxsiyyətin isə onların mənəvi əzilməsi olacaq.

Hamı biləcək ki, sən sınmadın, əyilmədin, yenilmədin, yıxılmadın, bu dünyaya dimdik gəlib, elə də getdin. Qiymətləndirməyi bacaranlar tərəfindən seviləcəksən, sən dünyadan köçəndə simalarda bir təəssüf ifadəsi yaranacaq. İllər ötəcək, hərdən yada düşəcəksən, səni insanlara misal çəkəcəklər, “rəhmətlik yaxşı şəxsiyyət idi” deyəcəklər. O birisinin isə adı çəkiləndə sifətlər əyiləcək, hər kəsin daxilindən dilinə gətirmək istəmədiyi bir söyüş keçəcək.

Ailənin böyük övladı Kamal olub, amma bu Kamal yox, o, tez dünyasını dəyişib, sonra bu dünyaya gəlib və adını Kamal qoyublar. Bir qardaşı daha vardı.

İnqilabdan əvvəl babasının - Hacı Məmmədhəsənin neft mədənləri olub. Kamal Xudaverdiyevin yaşadığı bina əslində bütünlüklə onun ata-baba mülkü imiş. Sovet hakimiyyəti qurulandan sonra hər şey əllərindən çıxıb. Dövlət o binada aktyorun atasına 13 kvadrat metrlik mənzil verib.

Kamal Xudaverdiyev 3 may 1938-ci ildə Bakıda doğulub. Bir il sonra atası dünyasını dəyişib, üç il sonra müharibə başlayıb. Yeddinci sinfə qədər gündüz oxuyub. Səhər saat beşdə yuxudan oyanıb dəri sexinə qaçırmış. Orda dəri təmizləyir, saat səkkizdə məktəbə gedərmiş. Sonradan orta təhsilini 6 saylı fəhlə-gənclər məktəbində başa vurub.

“Beş ili birtəhər yola verdik, anam işə gedirdi. Mənim üçün 300 qram çörək qoyardı ki, yeyib məktəbə gedərəm. Anam gedən kimi o çörəyi yeyir, bir də axşama qədər ac qalırdım”.



“Fəxri adlı çilingər”



Bu sözü ona dostu , həmkarı Eldəniz Zeynalov deyərmiş. Müharibədən sonra Qazaxstana xam torpaqlara işləməyə gedir. Burdan ora basanoşkalarda getmişdi, buna görə də ora düşən kimi ayaqlarını don vurur. Zillətlə işləyib ayaqları üçün məlhəm alır və özü müalicə edir.


Qayıdandan sonra 10 il çilingər işləyir. Bütün bu illər ərzində ən çox sevdiyi iki məşğuliyyət varmış, biri hər gün Xəzər sahilinə gedib içinin bütün dərdlərini ona açıb demək, biri də hər həftəsonu teatra getmək. Bileti də həftənin əvvəlindən alırmış.


Yenilikçi ruhlu 60-cıların nümayəndəsi bu münvalla İncəsənət İnstitutunun aktyorluq fakültəsinə qəbul olunur. Daha doğrusu birinci il rus dili imtahanından keçmir. İkinci il bir də ondan imtahan götürən Adil İsgəndərov soruşur ki, axı sən ötən il qəbul olunmalı idin, mən səni xatırlayıram. Kamal Xudaverdiyev rus dilindən kəsildiyini deyir.

Adil İsgəndərovun kursunda təhsil alır. Onun sevimli tələbələrindən olur. Qüdrətli sənətkarlar Mehdi Məmmədovdan və Rza Təhmasibdən də ixtisas təhsili alır.

1965-ci ildə ali təhsilini başa vuran Kamal Xudaverdiyev Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə oktyabr ayının 1-də truppaya ştata götürülüb.

“Orlean qızı”nda Raul (Fridrix Şiller), “Yalan”da Fərmanı (Sabit Rəhman), “Günahsız müqəssirlər”də Murov.(Aleksandr Ostrovski), “Söz yarası”nda Lətif (Qeybulla Rəsulov), “Antoni və Kleopatra”da Demetr (Vilyam Şekspir), “Kəndçi qızı”nda Aslan (Mirzə İbrahimov), “Hamlet”də Laert (Vilyam Şekspir), “Məhv olmuş gündəliklər”də Ədalət. (İlyas Əfəndiyev), “Ümid”də Tahirov (Maqsud İbrahimbəyov), “Yollara iz düşür”də Loğman (Bəxtiyar Vahabzadə), “Kölgələrin oyunu”nda Sezar (Yuri Edlis), “Qızıl teşt” Hüseynov (Seyran Səxavət), “Kral Lir”də Kral Lir (Vilyam Şekspir), “Ah, Paris... Paris!..”də Süpürgəçi (Elçin), “Şah Edip”də Şah Edip.(Sofokl), “Sokratı anma gecəsi”ndə Çingizxa (Çingiz Aytmatov və Muxtar Şahanov), “Ulduz, yaxud Ədirnə fəthi”ndə İzzət paşa (Cəfər Cabbarlı), “Cəzasız günah”da Salman Tahirov (Bəxtiyar Vahabzadə), “Dar ağacı”nda Aqşin (Bəxtiyar Vahabzadə), “Kəllə”də Dolbanezo (Nazim Hikmət”.

Bunlar dram teatrında onun yaratdığı obrazların yalnız bir hissəsidir.



Şöhrətin yox, sənətin əsiri



Deyirdi, bu sənətə gələndə gərək qazanc məqsədi güdməyəsən:

“Dolanışığın olsa evlən, olmasa ona da cəsarət etmə, çünki fikri ailənin dolanışığının yanında qalan adamdan aktyor olmayacaq”.

Elçinin “Ah, Paris, Paris” tamaşasında yaratdığı süpürgəçi obrazı tamaşanın əvvəlindən sonuna qədər səhnədə olan, yalnız danışmayan, mimikalarla yadda qalan bir obraz idi. Həmin rolu rejissor kimə tapşırmaq üzərində çox düşünüb. Sonda teatrın direktoru “bunu çox böyük aktyor oynamalıdır, ver Kamal Xudaverdiyevə” deyib.

İlk çəkildiyi film isə “İstintaq davam edir” filmi idi. Əlisəttar Atakişiyev baş rola - Çingizov obrazına çəkilmək üçün xaricdən aktyor dəvət etmək istəyirmiş Adil İsgəndərov kinostudiyanın direktoru kimi bu fikrin əlehinə çıxıb və təkidlə həmin rola Kamal Xudaverdiyevi təklif edib.

Ondan sonra da aktyor çox filmlərdə - «Azərbaycanfilm» kinostudiyasında «Sonuncu müsahibə» (Həsənov), «Dağlarda döyüş» (Rüstəmov), «Nəsimi» (Yusif), «Abşeron» (Əli), «Üzü küləyə» (Kombinat müdiri), «Adanı özünlə apara bilməzsən» (Ata), «Otel də bir otaq» (Alim), «Dədə Qorqud» (Ata) - xaraktercə fərqli obrazlara çəkilib.

Tamaşaçıların yaddaşında isə daha çox Azərbaycan Dövlət Televiziyasında hazırlanan tamaşalarda oynadığı obrazlarla qalıb.

İlyas Əfəndiyevin «Atayevlər ailəsində» (İldırım), Ənvər Məmmədxanlının «Şərqin səhəri» (Cavanşir bəy), Mehdi Hüseynin «Alov» (Qaşqay), Əlibala Hacızadənin «Yadigar» (Müəllim), Nazim Hikmətin «Bayramın son günü» (Firuz) və «Şöhrət və ya unudulan adam» (Doktor).

Doktor onun ən çox sevilən obrazı idi. Bir vaxtlar şöhrətdən başı gicəllənən insanın sonradan necə unudulduğunu Kamal Xudaverdiyev elə məharətlə yaradırdı ki, tamaşanı görənlər indi də onu yaddaşlarında saxlayıblar. Televiziyada son rolu Elçin Mehrəliyevin «Yurd yeri» film-tamaşasında Mahal kişi oldu. Aktyor ev-eşiyindən, doğma yurd yerindən didərgin düşmüş milyonların ümumiləşdirilmiş obrazı Mahal kişi ilə o dərdin nə olduğunu anlamayanlara da anlatdı.

Bu o dövr idi ki, teatr tənəzzülə doğru surətlə gedirdi. Ömür boyu şöhrətin yox, sənətinin əsiri olan aktyor bu vəziyyətlə barışa bilmirdi.

Oğlu Hüseyn Xudaverdiyev: “Atam sənəti çox yüksək tuturdu. Çox da şəxsiyyətli insan idi, çətinliklərlə yaşamışıq, amma heç vaxt heç kimdən özü, ailəsi üçün nə isə xahiş etməyib. Yalnız teatrın düşdüyü vəziyyət onu çox incidirdi. Təsəvvür edin ki, Moskvada xəstəxanada yatanda teatr üçün çox darıxırdı. Əməliyyat olunacağını biləndə isə həkimə sualı bir bu oldu ki, mən səhnəyə çıxa biləcəm? Həkim söylədi hə, dedi, onda nə edirsiz edin.

Əməliyyatdan sonra səsini itirdi. Dedi ki, görürsən həkim məni aldatdı. Ağ ciyərində olan problemə görə ciyərin bir hissəsini kəsib götürdülər. Ondan əvvəl isə ürək fəaliyyətini artırmaq üçün ürəyini əməliyyat etmişdilər. Xəstəxanada diaqnozunu özü bildi, amma qətiyyən sınmadı. Onu sarsıdan yalnız teatra gedə bilməməsi idi. Sonra bir az düzələndə gedirdi. Altı ay sonra müayinə olundu. Bu müayinədə ciyərində yenidən yaranan işartıları həkimlər tikiş yerləri kimi qəbul ediblər.

Sonra da Moskva həkimi “artıq gecdir” dedi.

Dəfn günü ömür boyu onu izləyən ədalətsizliyi bir daha hiss etdim.

Ailə onun üçün sənətdən sonra idi. Demirəm bizi sevmirdi, amma ailəni də gec qurmuşdu ki, sənətdə özünü təsdiq etsin sonra. Anamı sevmişdi, ona görə evlənmişdi. Xalamın əri atamın dostu olub. Onların toyunda atam anamı görüb, tez bir zamanda da evləniblər. Atamın 37 yaşı varmış.

25 ildən artıq mənzil növbəsində olub. Bir-iki dəfə öz növbəsinin tamam evsiz olan aktyorlara güzəştə getmişdi. Evi ona xəstələnəndən sonra verdilər. Ədalətsizlikdən narazı idi, teatrın vəziyyətindən nigaran getdi. Ona təqaüd kəsilmişdi, ev də verdilər, diqqətdən kənarda qalmadı. Teatrın düşdüyü ümumi durum onu incidirdi”.

Xalq artisti 70 yaşının tamam olmasına 10 gün qalmış 2008-ci 23 apreldə dünyasını dəyişdi.

Adi məzarlıqda dəfn olundu.

Bu gün ondan qalan iki oğul övladı, özünün hələ sağlığında adını verdiyi nəvəsi Kamal Xudaverdiyev, bir də şəxsiyyətinə hədsiz sevgidir.

Beləcə xarakteri taleyini müəyyən etdi. O tale ki, bu gün də onun ruhunu, xatirəsini izləyir.


Ramilə Qurbanlı,
“33 pərdəli dram”
Diaspora