Özbəkistanda gənc şair Fərid Hüseynin kitabı işıq üzü görüb.
Qaziler.az bildirir ki, “Səmərqənd divanı” adlı poetik silsiləsi Azərbaycan, özbək rus və dillərindədir.Kitab Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi əsasında nəşr edilib. Layihənin rəhbəri Samir Abbasovdur. Kitabın özbək və Azərbaycan dilindəki variantının ön sözünü görkəmli Xalq yazıçısı Anar yazıb. Nəşrin rus variantının ön sözünü isə tərcüməçi Nicat Məmmədov qələmə alıb.
Kitabı orjinaldan özbək dilinə özbək alim, tərcüməçi Tahir Qahhar, rus dilinə Nicat Məmmədov tərcümə edib. Nəşrin Azərbaycan və rus dilindəki variantlarının redaktoru Səlim Babullaoğludur.
Kitabda Cavanşir Yusifli, Səlim Babullaoğlu, Əsəd Cahangir, Kənan Hacının ayrı-ayrı vaxtlarda dövrü mətbuatda “Səmərqənd divanı” haqqında yazdıqları və bildirdikləri fikirlər yer alıb.
Fərid Hüseynin “Səmərqənd divanı” poetik silsiləsi şairin fanilik hissinə, insan həyatının mənasına ucaltdığı poetik şərh hesab oluna bilər. Dünyanın faniliyi, ötəriliyi, bu şeirlərdə olduqca dərin şəkildə, fərqli məzmunda – bir şəhərin tarixi ekskursu kimi öz əksini tapmışdır.
Kitab iki doğma xalqın, dövlətin – Azərbaycan və Özbəkistanın ruhunun, təfəkkürünün, dünyagörüşünün yaxınlığının poetik ifadəsi baxımından da olduqca qiymətlidir. “Səmərqənd divanı” Azərbaycan və Özbəkistan ədəbiyyatına, ədəbi-mədəni əlaqələrinə dəyərli töhfədir.
Qeyd edək ki, cari ilin 19 aprel tarixində Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzində müəllifin iştirakı ilə kitabın təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.