Allah ruhuna rahatlıq versin
"Televiziya kanallarında atamın hansısa tamaşasını göstərəndə anamla bacımı qoymuram baxsınlar. Dözə bilmirlər, ağlayırlar... Biz hələ də onun yoxluğuna alışmamışıq. Atamın yeri, o boşluq çox hiss olunur. Neyləsək də, o boşluq heç nəylə dolmaz. Bu itki bizi həmişə göynədəcək " - oğlunun dediklərindən.Uşaqlığı və…
Abasqulu kişinin ailəsi Balakəndə sovxozda işləyirdi. Ailədə iki oğlan uşağı böyüyürdü, ailə o vaxtkı Sovet ailələri kimi sadə, xudmani dolanırdı. Elə bir dərdi-sərləri də yox idi, sadəcə özlərini yerlərində hiss etmirdilər, elə bil qəribçilikdə yaşayırdılar.
Adıgözəlovlar ailəsi əslən Ordubaddan idi. Sovet rəhbərliyi o vaxtlar bir çoxlarını Ordubaddan Balakənə nəsillikcə köçürüb. Adıgözəllər ailəsi də bu siyasətin qurbanlarından olub. Bu ailə də daxil olmaqla Balakəndə Ordubaddan olan ailələrin yaşadığı məhəlləyə “Ordubad” məhəlləsi deyirmişlər.
Bir gün ailənin kiçik oğlu Telman möhkəm soyuqlayır, anası onu çimdirdikdən sonra həyətdə oynamağa qaçan uşaq müalicə alır və sağalır. Ancaq uşağın bir qolunda limfalar şişir, irinləyir və sağalmaq bilmirdi. Həkim deyir ki, Balakənin iqlimindən çıxmasa bu uşağın qolu qanqrena eləyəcək, kəsməli olacayıq.
Ailə uşağı da götürüb Bakıya köçməli olur, həm uşağı müalicə etdirmək, həm də nə qədər zaman da keçmiş olsa sürgün həyatının alınlarına vurduğu möhürdən xilas olmaq üçün. Cənnət də olsa Abasqulu kişiyə Balakənə məcburən köçürüldükləri fikri rahatlıq vermirdi.
O vaxt dördüncü sinifdə oxuyan Telman və qardaşı Vaqif üçün Balakən doğma idi, dünyaya gözlərini orda açmışdılar, dostları, doğma məktəbləri vardı.
Bakıya da tez öyrəşdi, tezliklə özünə yeni dostlar tapdı, yarası da sağalıb keçdi.
Bir gün məktəb yoldaşları ilə dərsdən qaçıb kinoya getmişdilər. O vaxt çox sevilən bir hind filminə baxmaq üçün dərsdən qaçmağa dəyərdi, həm də bunun zövqü təkcə kinoya baxmaqla bitmirdi, dərsdən qaçıb kinoya getməyin öz romantikası vardı.
Kinodan çıxanda bir nəfər Telmana yaxınlaşıb ona televiziyaya gəlməyi təklif etdi. Yuxarı siniflərdə oxusa da hələ peşə seçimi barədə müəyyən bir fikrə gələ bilməyən Telman təklifi qəbul etdi. Dövlət televiziyasında çalışan rejissor Nazim Zeynalov onu “Evrika” verilişində fantastik səhnələrə çəkir. “Yasəmən” televiziya teatrında iştirak edir. Yeddinci sinifdə oxuyanda isə Adil İsgəndərovun kinoaktyor kurslarına yazılır. Beləliklə, Azərbaycan incəsənətinə yeni bir ad gəlir – Telman Adıgözəlov.
İlk obrazları
1975-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirəndə Telman Adıgözəlovu tamaşaçı artıq televiziyadan tanıyırdı. Aktyor beş il Tədris Teatrında, televiziya tamaşalarında, səhnəciklərdə işlədi. 1980 –ci ildə Milli Dram Teatrında işə başlayan aktyor ömrünün sonuna qədər bu teatrda çalışdı. Bir-birindən maraqlı, müxtəlif xarakterli obrazlar oynadı. C. Məmmədquluzadənin “Dəli yığıncağı" əsərinin eyniadlı tamaşasında Zəncirvuran obrazından tutmuş , İ.Əfəndiyevin "Xurşidbanu Natəvan"ında Daşdəmir, "Mahnı dağlarda qaldı"da Rəhman, Şekspirin “Maqbet”ində Flins, M. İbrahimovun "Közərən ocaqlar"ında Xanəhməd, H.Cavidin "İblis" pyesində şeypurçu, S.Vurğunun "Vaqif" əsərində təlxək, S.Rəhmanın "Nişanlı qız"ında çeşməkli kişi, E. Baxışın "Qədr gecəsi"ində oyunbaz, Elçinin "Ah Paris…Paris!.."ində Əhməd, "Mənim sevimli dəlim" də professor, R.Novruzun "Hələ "sevirəm" deməmişdilər"ində qumarbaz obrazlarına qədər.
Eyni vaxtda dövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr üzü" kimi filmərdə bəzən xarakterik, bəzən epizodik rollar oynadı. Kinoda bəxti o qədər də gətirməmişdi, öz nəslinin başqa aktyorları kimi onun da çəkilə biləcəyi illərdə kinematoqrafiya tənəzzül dövrünü yaşadı. “Nəsimi” filmində yalnız bir epizoda çəkilib, həmin epizod isə artıq Telman Adıgözəlov siması televiziyadan və teatrdan tanış, sevimli olduğu üçün gözə çarpır.
Şəxsiyyət
Telman Adıgözəlov siması olan, şəxsiyyətli insan olub. Nə öz işi üçün kiminsə qapısını döyər, nə də ev üçün, pul üçün, yaxud fəxri ad, rol xətrinə minnətçi düşərdi. El-obada isə hamının xeyirşərinə yarayırdı. Kim zəng eləsə ki, mənimlə filan işin arxasınca gedək, sənin xətrinə o iş həll olunar, gedərdi. Bilirdilər ki, Telman Adıgözəlovun adı gələn yerdə ən sərt məmur da yumşalacaq. O tay Azərbaycandan uzaq qohumları gəlib Bakıda işlərini Telman Adıgözəlovun köməkliyi ilə yola verirdilər. Heç kimi rədd etməzdi, onlara təmənnasız yardımçı olardı. Balakənlilər, hətta başqa millətlərin nümayəndələr də onun üstünə kömək üçün gələrdilər.
Evdə bütün problemləri təkbaşına həll edərdi. Ailəsi – xanımı və iki övladı atanın hansı çətinliklər bahasına onların firavan yaşayışını təmin etdiyini bilməzdilər. Pis yaşamırdılar, amma xalq artistlərinin hamısı onlardan daha yaxşı yaşayırdı. Niyə hamısına ev verilir, amma Telman Adıgözəlovun mikrorayonda dar mənzili genişləndirilmir ki genişləndirilmir?
Hamıya prezident mükafatı, təqaüd verilir. Siyahıdan Telman Adıgözəlovun adı çıxarılıb, ötən il aldığı pul bu il artıq ona verilməyəcək, deməli ailə maddi cəhətdən geri gedəcək. Üstəgəl oğlu ordudan qayıdıb, nişanlıdır, amma işləmir. Qızı Tibb Uni-versitetini bitirib, işə düzəltmək lazımdır.
Teatrda isə son vaxtlar “Hələ “sevirəm” deməmişdilər” tamaşasındakı rolundan sonra bir rol oynamayıb. Yaş gedir, işləmək, yaratmaq istəyir, rol oynamalıdır, bu gün olmasa sabah gec ola bilər, amma ortada heç nə yoxdur. Teatr təmirə dayandığından “Mir” telekanalında onlar üçün ayrılan bir zalda məşqlər edirlər, tamaşalar isə hələ oynanılmır. Yeni rolu olmadığından Telman Adıgözəlov elə vaxt olur ki, heç ora getmir.
Bütün bu fikirlər ona rahatlıq vermir. Yaxşı ki, arada “Müsyo Jordan Dərviş Məstəli şah” tamaşası bir qığılcım kimi parladı onun yaradıcı ruhunda. Müsyo Jordan rolu ürəyincə idi, həvəslə işlədi üstündə.
Bir gün ürək bütün bu yükə tab gətirməyib – bəsdir məni yüklədin dedi, küt, dözülməz ağrı verdi kürək nahiyəsində.
Telman Adıgözəlov birinci dəfə bu ağrıya elə də böyük əhəmiyyət vermədi. Həm də bu qədər problem içində elə bir həkimim, iynə-dərmanım çatmır – deyə ürəyinə cavab verdi.
İkinci dəfə ağrı elə dözülməz oldu ki, fikir verməyə bilmədi. Getdi həkimə, ürəyinin kardioqramasını çıxartdılar, dedilər ki, ürəyində heç nə yoxdur, həkim – “görünür, duzlaşmadır” deyə müalicə yazdı. Müalicəni keçdi, heç ağlına da gəlmədi ki, bəzən ürəyin çəkdiyini heç bir peşəkar həkim, kardioqrama belə göstərə bilmir.
Müalicə getdi, amma aktyor özündə yaxşılığa doğru bir dəyişiklik hiss etmədi, əksinə…
Yaxın dostu Ramiz Novruz danışır ki, heç bir şikayəti yox idi, amma görürdüm ki, tez-tez təngnəfəs olur, durduğu yerdə tərləyir: “Deyirdim yəqin müalicə duzlaşmanı əridir, ona görə belə olur. Sonuncu dəfə də işə gələndə, girdi içəri, aktyorlar bufetdə nərd oynayırdılar, zarafat elədi ki, ey, nardovşiki, xarakteri nardovşiki. Qaydayın bir filmində işlədilən bu ifadə ilə zarafat elədi, sonra ikimiz oturub mənim məhz onun üçün, qəhrəmanını onu düşünüb yazdığım pyesi müzakirə elədik. Oxumuşdu çox xoşuna gəlmişdi, istəyirdik tamaşanı hazırlayaq. Hər axşam da zəngləşib bu barədə danışırdıq. Həmin axşam da zəng eləmişdi mənə, danışmışdıq”.
Ağrı
Həmin axşam – Telman Adıgözəlov bir qohum toyuna getmişdi, amma nədənsə tez qayıtmışdı toydan. Çəkilib otağa pyesi oxuyurdu. Daxildə narahatlığı vardı. Özünə yer tapa bilmirdi, Səhhəti qaydasında deyildi, mənən də narahat idi, amma bunları heç kimə deməmişdi, xoşlamırdı içini kimlərəsə açmağa.
Ömür boyu kiməsə öz dərdlərini yükləməyi, bir də ailəsi barəsində danışmağı xoşlamazdı. Nə vaxt zəng edərdin, evdə dəstəyi də özü qaldırardı. Şikayət də etməzdi nə səhhətindən, nə daxili problemlərindən, amma simasından hiss olunurdu ki, içində təlatüm var bu adamın, bu adamın haqqı tapdanır. Çünki heç vaxt kiminsə çaldığı havaya oynamazdı, öz musiqisi, sümüyünün öz ritmi vardı, süni havalara girməzdi.
Oğlu Tural danışır: “O gün atamın adi günlərindən biriydi. Həm də həmin gün səhhətində də bir nasazlıq olmamışdı, ağrımamışdı. Mən məşqdən qayıtmışdım. Yorulmuşdum deyə bir az tez yatmışdım. Bir az keçəndən sonra atam yanıma gəldi. Soruşdu: “Özünü necə hiss edirsən? Xəstə zad deyilsən ki?” Dedim: “Yox, yaxşıyam. Sadəcə bir az yorulmuşam.” Vəssalam, bu, bizim son danışığımız oldu. Bir də gecə saat 4-ə işləmiş anamın səsinə oyandım. Uca səslə atamı çağırırdı. Tez onların otağa getdim, gördüm atam xırıldayır, elə bil boğazında nəsə qalıb. Biz əvvəl elə bildik ki, yuxuda təngnəfəs olub. Başladıq silkələməyə ki, yuxudan ayılsın. Amma gördük yox, düşündüyümüz deyil. Artıq rəngi də qaralmışdı. Demə, can verirmiş, biz də bilmirik. Çünki indiyə qədər elə şey görməmişdik. Təcili yardıma zəng vurduq. Nə olduğunu aydınlaşdıra bilmədilər. Təzədən ikinci təcili yardım briqadasını çağırdıq. 10 dəqiqədən sonra ikincisi gəldi. Təzyiqini ölçdülər, sonra da elektroşok elədilər. Amma xeyri olmadı. İki-üç dəfə elədilər, sonra dedilər keçinib. Elə xırıldayaraq canını tapşırdı. Nə bilim, yəqin bu da belə taledir”.
2010-cu ildə aprelin 15-i gecə teatr sənətimiz Telman Adıgözəlovu, yüzlərlə, minlərlə tamaşaçı öz sevimli aktyorunu, ailəsi arxa – dayağını, əzizini itirdi.
Sən demə ürək damarlarında tromblaşma gedirmiş, onu kardioqrama göstərmir, daha müasir aparatlar göstərir, vaxtında düzgün diaqnoz qoyulsaydı, yüngülvari müalicəsi varmış, həkim isə ostroxondrozdan müalicə edib onu. Allah hamımızı pis həkimdən qorusun.
Vida
Xalq artistinin ailəsi nə qədər gözlədi, rəsmi instansiyaların səsi çıxmadı. Yalnız yas mərasiminə gələn Mədəniyyət və Turizm Nazirliyinin işçiləri bəyan etdi ki, Fəxri Xiyabanda yer olmadığı üçün aktyoru ailəsi harda istəsə orda dəfn edə bilər. Çalışdığı səhnədən isə vida mərasimi olmayacaq, çünki teatrda təmir gedir.
Onu sevənlər Telman Adıgözəlovu yaşadığı mənzildən son evinə - Fatmayi məzarlığına qədər yola saldılar. Yol boyu insan axını gedirdi onun tabutunun arxasınca. Hamı onu 57 yaşında itirməyin təəssüfünü yaşayırdı o gün də, ondan sonrakı günlər, illər ərzində də, indi də.
Yas mərasimlərinin xərcini dövlət özü çəkdi, məzarının üstü də dövlət vəsaiti ilə götürüldü.
Qızının sənədlərini özü sağlığında nazirliyə təqdim etmişdi. Qızı çağırıb işə qoydular. Oğlu da indi Fövqəladə Hallar Nazirliyində işləyir.
İki il sonra qızı ailə həyatı qurub, artıq bir övladı dünyaya gəlib. Telman Adıgözəlov həyatdan köçəndə oğlu nişanlı idi, iki il sonra evlənib. Xanımı Büllur xanım da həmişəki kimi bağçada uşaqların tərbiyəsi ilə məşğuldur, qəlbinin yarasına onlarla məlhəm qoyur.
Həyat davam edir. Bircə o, yoxdur həyatda, xatirələrdə obrazları, maraqlı jestləri və bir də şəxsiyyəti ilə qalıb – Telman Adıgözəlov. Allah ruhuna rahatlıq versin.
”Televiziya kanallarında atamın hansısa tamaşasını göstərəndə anamla bacımı qoymuram baxsınlar. Dözə bilmirlər, ağlayırlar... Biz hələ də onun yoxluğuna alışmamışıq. Atamın yeri, o boşluq çox hiss olunur. Neyləsək də, o boşluq heç nəylə dolmaz. Bu itki bizi həmişə göynədəcək ” - oğlunun dediklərindən.
Ramilə Qurbanlı
"33 pərdəli dram"