Gənc şairlər Musa Yaquba görə AYB-ni “topa tutdular” - qalmaqal

Gənc şairlər Musa Yaquba görə AYB-ni “topa tutdular” - qalmaqal backend

Yazıçı Anarın şairin müalicəsi haqda açıqlamasını tənqid edənlərə sərt reaksiya: “Şəhriyar del Gerani adlı milləti məlum olmayan birinin...”; Qəşəm Nəcəfzadə: “Anar müəllim onun fəxri ad alması və müalicə xərcləri üçün yuxarı dairələrə müraciət edib”

Gənc ədiblər şair Musa Yaqubun müalicəsi ilə bağlı AYB sədri Anarın açıqlamasından hiddətləniblər. Yazıçı Anar deyib ki, Musa Yaqub ona müraciət etməyib. Qeyd edək ki, Musa Yaqub uzun müddətdir ağır xəstədir, bu günlərdə mediaya açıqlamasında ona laqeyd münasibətdən gileylənmişdi.

Şair Şəhriyar del Gerani yazıb ki, yazıçı Anarın açıqlamasına oxuyanda adamın əti tökülür: “Daha bir açıqlamasında isə belə deyir, ”Biz onun yubileyini də keçirmişik, başqa nə istəyir, bilmirəm?!"

Əziz qələm dostumuz Anar bəy, yubiley-mubiley kimi tədbirlər sənin kimi adamlar üçün ciddi ola bilər, Musanın məqamından isə o tövr təpələr birmərrə görünmür. Həm Musa müəllim yaşlı adamdı, üstəlik, ağır xəstə. O, bu suala cavab verə bilməyəcək. Ki, o, gerçəkdən nə istəyir?

İcazənlə, ustadın yerinə mən deyim: “Canıma yardım istəyirəm, əzizim qələm qardaşım, şəfa istəyirəm, diqqət istəyirəm. Bu, mənim mənəvi-ruhani haqqımdı...

Prezidentlə görüşdə zatən könüllərdə heykəl olan adamlara heykəl, sağlamlara sanatoriya istəyincə, xəstə müasirlərinə tibbi yardım, müalicə olunmaları üçün kömək istəyə idin".

Şair Qismət isə sual edib ki, Musa Yaqub neyləməlidir, qəbul otağında növbə gözləməli, sonra növbəsi çatanda içəri keçməlidir: “Deməlidir ki, cənab sədr, bağışlayın, gəldim deyim ki, halım pisdir? Ayıb deyilmi? Deməyib, indi demiş oldu, irəli durun, təşəbbüs göstərin. Çünki bəlkə də Tanrı bizi elə Şairə, Şeirə, Sözə görə bağışladı...”

Aqşin Evrən də AYB-ni qınayıb: “Mirzə Cəlilə heykəl qoymaq, ”Nəsimi ili" ilə bağlı tədbirlər keçirməkdən qat-qat faydalı iş görə bilər - böyük şairlərimiz Musa Yaqub və Vaqif Bayatlıya yaşamaq üçün kömək edərək. AYB də, nazirlik də əmin olsun: Mirzə Cəlil, Nəsimi yaşasaydı, onlar da bunu istəyərdilər, o mənasız-məzmunsuz, vitaminsiz tədbirləri yox.

AYB sədri Anar bu quruma ayrılmış 800 min manatdan çox cüzi bir məbləğ ayıraraq, şairlərin müalicəsini həyata keçirə bilər".

M.Yaqubun səhhəti ilə bağlı gənc şairlərin qaldırdığı məsələyə AYB-dən reaksiya gəlib. Təşkilatın mətbuat xidməti bəyanat yayıb:

“Musa Yaqub iddia edir ki, guya xəstəliyi ilə bağlı Anardan kömək istəyib, o etməyib. Musa Yaqubun AYB sədrinə nə yazılı, nə şifahi müraciəti olub.

Təbii ki, Yazıçılar Birliyindən “icra başçısı desin, sonra kömək edək” kimi absurd sözlər də deyilməyib və deyilə də bilməzdi. İllərdir ki, Yazıçılar Birliyinə bəzilərinin münasibəti yalnız yalanlara, uydurmalara və böhtanlara əsaslanır.

Musa Yaqubun Yazıçılar Birliyinə münasibətindən asılı olmayaraq, birlik istedadlı şairə həmişə diqqət və qayğıyla yanaşıb. Onun Bakıda və yaşadığı rayonda keçirilən geniş yubiley tədbirlərində şəxsən iştirak edən Anar, Musanın dediyi kimi, kimdən və nədənsə qorxsaydı şairi ən çətin məqamlarda müdafiə etməz və yüksək adlara təqdim etməzdi.

Şəhriyar del Gerani adlı Azərbaycanda yaşamayan və milləti məlum olmayan birisinin “Anar nə şairi bilir, nə şeiri” adlı moltanı dilində bəyannaməsiylə Birlik sədrini tanış edəndə Anar müəllim “Kimdir bu adam, mən yəni hər yetənin cəfəng fikirlərinə cavab verməliyəm?” - dedi.

Anar müəllimə xatırlatdıq ki, bu, onun İran həbsxanasından qurtardığı adamdır. “Əlbəttə”, - dedi, - “Vicdanı defisit olan yaxşılığın əvəzini elə məhz belə çıxmalıdır”.

AYB İdarə Heyətinin üzvü, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri Qəşəm Nəcəfzadə “Yeni Müsavat”a bildirdi ki, M.Yaqubun 80 illik yubileyi keçirilib:

“Mən də orada iştirak eləmişəm. Tədbiri Əjdər Ol aparırdı, Anar müəllim də ordaydı. Anar müəllim onun fəxri ad alması və müalicə xərcləri üçün yuxarı dairələrə müraciət edib, Musa Yaquba qarşı heç vaxt laqeyd olmayıb.

Mən də onun yanına getmişdim. Yazırlar ki, Musa Yaqub Anarın qorxduğunu söyləyib. Musa müəllim elə söz deməz, jurnalistlər onu belə yazıblar. Allah Musa müəllimə şəfa versin, biz onu çox istəyirik".

“Yeni Müsavat
Diaspora