İyunun 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayevin “Şah İsmayıl” operasının tamaşası keçiriləcək. Teatrdan Lent.az-a verilən məlumata görə, tamaşa xalq artisti, görkəmli opera müğənnisi Ağababa Bünyadzadənin 100 illik yubileyinə həsr edilib.
Tamaşada əsas partiyaları əməkdar artistlər Təyyar Bayramov (Şah İsmayıl), İlahə Əfəndiyeva (Gülzar), Cahangir Qurbanov (Aslan şah) və Gülüstan Əliyeva (Ərəbzəngi) ifa edəcəklər.Dirijor əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Qeyd edək ki, uzun illər Opera və Balet Teatrının solisti olan A. Bünyadzadə teatrın repertuarındakı əksər opera tamaşalarında (“Leyli və Məcnun” (Nofəl), “Koroğlu” (Həsən xan və Alı), “Xosrov və Şirin” (Şapur), “Vətən” (Mərdan), “Karmen” (Eskamilio), “Sevilya bərbəri” (Fiqaro), “Aida” (Amonasro), “Traviata” (Jorj Jermon) və s. kimi yaddaqalan parlaq obrazlar yaradıb. O, “Şah İsmayıl” operasında əsas partiyalardan biri – Aslan şahı ifa etməklə yanaşı, həm də operanın quruluşçu rejissoru olub.