Araq, serroz və son rol - Səməndər Rzayevin ÖMÜR YOLU

Araq, serroz və son rol - Səməndər Rzayevin ÖMÜR YOLU backend

Çox qədim bir əfsanə var - Səməndər adlı quş həmişə oda yanır, yanır, amma heç vaxt ölmür.

Özünü odlara yaxmaq onun yaşamaq yanğısıdır, yanır və yaşayır. O vaxt ölür ki, yaxılmağa od tapmır.

Ləqəbi “Aktyor” olan Səməndər

Atası adını Səməndər qoydu, taleyini Tanrı verdi. Tanrı yazdı ki, Səməndər aktyor olacaq, sənəti üçün əbədi odlara yaxacaq özünü. Səhnədə, kinoda misilsiz obrazlar yaradacaq, heç vaxt süni, ürəksiz oynamayacaq. Dublyajda da ürək qoyacaq. Onun səsində başqasının obrazı elə canlanacaq ki, elə bil Səməndər Rzayev özü oynayır, oynayan aktyor onun səsində əriyib itəcək. Sənəti üçün belə yandığına görə cəmi 41 il yaşayacaq.

O, dünyaya gələndə ölkədə Böyük Vətən Müharibəsi gedirdi. 1945-ci ilin yanvarı idi, böyük qələbəyə beş ay vardı. Çoxuşaqlı ailənin sonbeşiyi olan bu uşaq müharibənin qan-qadasından uzaq Ağsu rayonunda doğulsa da müharibə onun da taleyinə təsirsiz ötüşmədi.

Çox çətinliklə, qıtlıq, kasıbçılıqla böyüdü. Anası onu, adının qısaldılmış formasında Səməni – deyib çağırırdı. Kasıbçılığı uşaq hissiyatı ilə duyan Səməni istedadına uyğun işlər tapıb pul qazananda hələ çox balaca idi.

Tay-tuşları ilə kənd klubun yanında oynayanda açıq qapıdan divarlara vurulmuş plakatlar onun marağını çəkir. Klubun müdirəsinin diqqətini isə plakatlara gözlərini zilləyib baxan bu toppuş uşaq cəlb edir.

- Niyə elə baxırsan, oğlum, xoşun gəlir?

- Yox, baxıram ki, mən bunlardan yaxşı çəkərəm, yazaram, rəngləri daha yaxşı yaraşdıraram bir-birinə.

- Çək gətir, baxaq, xoşuma gəlsə, bunların yerinə sən çəkəni asaram.

İki gün sonra iri bir plakatı qucağında güclə tutan uşağı, öz qapısı ağzında görən qadın təəccübünü gizlədə bilmədi. “Bu uşağın məsuliyyətinə bax”,-deyə düşünüb, onun çəkdiyi plakatı klubun ən görkəmli yerinə asdı, üstəlik Səməniyə zəhmət haqqı da verdi. Bu minvalla Səməndər anasına tez-tez belə oğul qazancı gətirdi.

Bir gün qazandığı pulu anasına verib dostları ilə rahatlıqla oynamağa getdi. Hava yağışdan sonra çox gözəl idi, amma yer palçıqdan sürüşkən olmuşdu. Üstündə oynadıqları körpüdən sürüşüb üzüaşağı yuvarlanan Səməndər dizindən ağır zədə alır. Diz qapağı sınan uşaq düz dörd il xəstəxana, sonra isə ev şəraitində müalicə olunur.

Həmin dörd il onun üçün gələcək həyatının bünövrəsini qoyub. Hər gün radio tamaşaları, verilişləri dinləməkdən başqa əlacı olmayan uşaq, tezliklə bu sənətin sehrinə düşür. Xüsusən “Arxib baba və Lyonka” radio-tamaşasındakı Arxib baba rolunda Ələsgər Ələkbərovun səsi Səməndəri aktyor olmaq üçün qərar verməyə tələsdirir.

Şöhrətə doğru

Oxuduğu məktəbdə “aktyor” ləqəbi qazanan Səməndər Rzayev orta məktəbi bitirib İncəsənət İnstitutunun aktyorluq fakültəsinə qəbul olunur. Bəxti gətirir, çünki Rza Təhmasibin kursuna düşür. Daha doğrusu, imtahanı özü götürən Rza Təhmasib kursuna yığdığı uşaqlar arasında Səməndərin adını qırmızı haşiyəyə alır.

Azərbaycan mədəniyyətinə isə bu ad qırmızı haşiyədə yox, qırmızı hərflərlə yazılır – Səməndər Rzayev.

İlk vaxtlar Rza Təhmasib onu filmə çəkilməyə, teatrda işləməyə icazə vermirdi, “hələ püxtələş, tez məşhurlaşıb məhv olarsan” – deyirdi. Ona görə də Səməndər Rzayev yalnız institutu bitirəndən sonra təyinatla Sumqayıt teatrında işləmək hüququ qazandı. Kinoda isə ilk dəfə “Uşaqlığın son gecəsi”ndə ani bir kadra çəkilmişdi, 1968-ci ildə. Ardınca “Tütək səsi” filmində, yenə epizodik rol.

Yalnız 1973-cü ildə artıq teatrdan, televiziyadan tamaşaçıların sevdiyi Səməndər Rzayev ilk dəfə “Nəsimi” filmində böyük rol oynadı-Şirvan şahı rolunu. Həmin filmdəki Nəsimi roluna görə “Ən yaxşı kişi aktyor” olan Rasim Balayevin uğuruna isə ən çox sevinən elə Səməndər Rzayev idi. Çünki Rasim Balayevi əlindən tutub bu sənətə gətirən, ona kömək edən Səməndər Rzayev olub.

Ümumiyyətlə, bu aktyor həyatda heç vaxt özü üçün yaşamayıb, sənəti, bir də dostları onun həyat eşqi idi.

Səməndər Rzayev yaradıcılığında “Babamızın babasının babası" (film, 1981), "Bağ mövsümü" (film, 1985), "Bəyin oğurlanması" (film, 1986) sonrakı illərin filmləri idi. Hər birində fərqli, maraqlı obrazı var. Televiziya tamaşaları deyəndə dərhal gözlərimiz qarşısında Şakir Şəkərov canlanır. Səməndər Rzayev kinoda çəkilməyindən danışanda “Ayə, niyə oynamırsınız?” məşhur ifadəsi yadımıza düşür. Onun teatr səhnəsində oynadığı Xudayar bəy obrazının hələ də təkrarı, yaxud ondan yuxarı pilləsi yoxdur. “Nə deyir ə, bu” – əsərdə bu cümlə yoxdur, onu məhz Səməndər Rzayev yaradıb və qalan bütün Xudayar bəy ifaçıları bu ifadəni ondan öyrəniblər.

Sevgi və evlilik

Sevib-seçdiyi qızla evlənəndə Səməndəri tanımayan yox idi. Qız doğma yurdundandır-Ağsudan. Rayonda qohumlardan birinin toy mərasimində rastlaşmışdılar. Onu demək olar ki, qız özü seçmişdi. Səməndərin çox tanınması və cazibəli gözləri qızı cəlb etmişdi, toy boyu ona o qədər baxmışdı ki, axırda Səməndərin də diqqətini çəkmişdi bu baxışlar. Səməndər Rzayev qadınlara meylli deyildi, amma qızın baxışları onun evlənmək qərarı verməsinə gətirib çıxartdı.

Evləndilər, iki övladları dünyaya gəldi, bir qız, bir oğlan. “Gənclik”də bir otaqlı mənzildə yaşayırdılar. Bu mənzili onlara Heydər Əliyev hədiyyə eləmişdi. Teatrda Səməndər Rzayevin tamaşasına baxıb ona valeh olandan sonra. Gürcüstanın o vaxtkı dövlət başçısı Şevarnadze də Səməndər Rzayevi çox sevərmiş, bir dəfə Tiflisdə qastrolda onun kürəyinə əlini vurub “sən böyük aktyorsan” demişdi.

Onu ölkəsində az sevmirdilər. Sənət dostlarının dediyinə görə ölkənin elə bil rayonu, əyaləti yox idi ki, Səməndər Rzayev ora gedəndə bütün əhali onun pişvazına çıxmasın. Camaat onun ayaqları altında qurban kəsərmiş ki, Səməndər Rzayev bu torpağa ayaqlarını basıb.

Tanıyanlar insan kimi də Səməndər Rzayevi çox sevərmiş. Kimliyindən asılı olmayaraq bir insan onun yanına kömək üçün gələrdisə, Səməndər varından yox olub ona kömək edərmiş. Dəstəyi götürüb bir salam verməyi bəs idi ki, böyük idarə rəisləri, məmurlar onun istənilən xahişini dərhal yerinə yetirsinlər.

Çox savadlı və yalnız aktyor kimi deyil, fitrətən istedadlı insan olub. Yaxşı rəsm çəkməklə yanaşı pianoda gözəl ifa edib. Hərdən özü çalıb, özü də pəsdən oxuyarmış.

Radionun “Bulaq” verilişinin aparıcısı kimi ürəklərə xüsusən bulaq kimi axardı Səməndər Rzayev. Çox vaxt verilişi, mətni özü redaktə edərmiş. Hər hansı bir səhv Səməndərin gözündən yayınıb efirə gedə bilməzdi.

Həm istedad, həm savad-bilik, həm də insanlıq bir arada hər aktyora qismət olan xoşbəxtlik deyil. Bu xoşbəxtlikdir, yoxsa bədbəxtlik-hökm vermək çox çətindir.

Nə yazıq ki bu qədər sevilən, uğurlu insanın taleyi çox ağır olub. Və qəribəsi ondadır ki, onunla eyni nəsildən olan aktyorların hər biri çox istedadlı, böyük sənətkarlardır və belə ağır tale yaşayıblar – Hamlet Qurbanov, Hamlet Xanızadə, Şahmar Ələkbərov və. s.

“Çox içirdi Səməndər, onun güdazına getdi”- söhbət etdiyim bütün həmkarları, dostları ya adını eşidən kimi, ya da onun haqqında danışarkən sonda bu kəlməni dedilər.

Evi həmişə qonaq-qaralı olardı. Dostları çox idi, yeyib-içdiyi dostlar. Bunun üstündə bəzən evdə xanımı ilə söz-söhbət olardı. Xanımı onu qorumağa çalışardı ki, çox içməsin. Görürdü ki, gözgörəti uçuruma gedir həyat yoldaşı. Bu “dostbazlıq” onu ölümə sürüklədi.

Son rol və qaraciyər serrozu

Teatrda bir-birinin ardınca uğurlu rollar oynayır, hər dəfə tamaşaçını heyrətləndirirdi, amma özü də, ətrafdakılar da görürdülər ki, hər gün bir addım geri gedir Səməndər Rzayev. Sənətdə irəli, fiziki cəhətdən geri.

Artıq yeriyəndə yer silkələnən, danışanda gözləri lərzəyə salan Səməndər deyildi, nəfəsi güclə gəlirdi, o qədər arıqlamışdı ki, onu görən kimi xəstə olduğunu hiss etmək asan idi. Qara ciyər hədsiz içkiyə davam gətirə bilmirdi artıq. Fiziki cəhətdən sağlam olması 41 yaşına qədər içdiyi içkilərin ona yıxa bilməməyinin göstəricisi idi, amma artıq geri də yol qalmamışdı.

Bütün ömrü boyu çalışdığı Dram Teatrının səhnəsində “Sizi deyib gəlmişəm” tamaşasında Xudayar bəyi oynayırdı. Tərəfmüqabili Səidə Quliyeva danışır ki, çox möhtəşəm bir səhnəmiz vardı, tamaşanın canı olan bu səhnədə mən Səməndəri sillə ilə vururdum: “Həmin yer gələndə Səməndər yavaşca pıçıldadı ki, Səidə, ölürəm, yola ver, vursan, yıxılacam, halım pisdir. Tamaşadan sonra səhnə arxasından onu xəstəxanaya götürdülər, siması ağappaq, özü də büzüşmüşdü”.

İki gün sonra “Közərən ocaqlar” tamaşasında oynamaq üçün birbaşa xəstəxanadan səhnəyə gəlib Səməndər Rzayev. Onun üçün bilet alıb gələn tamaşaçısını məyus etmək istəməyib. Tamaşadan əvvəl bəsdir demədən içib, bu dəfə ağrılarını unutmaq, tamaşanı oynamaq üçün. O qədər içib ki, ayaq üstdə durmaq belə çətin olduğu halda tamaşanı oynayıb və səhnə arxasında yıxılıb, bu onun səhnədə son rolu olub.

Özündən sonra həyatda onu saysız, yadda qalan obrazları xatırladır, bir də övladları. Qızı Rübabə radioda çalışır. Oğlu Rəşid aktyordur.

Çox qədim bir əfsanə var - Səməndər adlı quş əbədi odlara yanır, amma heç vaxt ölmür. Özünü odlara yaxmaq onun yaşamaq yanğısıdır, yanır və yaşayır. O vaxt ölür ki, yaxılmağa od tapmır.

Ramilə Qurbanlı,
“33 pərdəli dram”
Diaspora