Abituriyentlərə ilk dəfə iki müxtəlif ixtisas qrupu üzrə müsabiqədə özlərini sınamaq şansı verilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2015/2016-cı tədris ili üzrə qəbul qaydalarında edilmiş dəyişikliklərə əsasən, V ixtisas qrupu yaradılıb. Bu ixtisas qrupuna xüsusi qabiliyyət tələb edən ixtisaslar daxildir.
TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, ali təhsil müəssisələrinin I, II, III və ya IV ixtisas qruplarının hər hansı biri üzrə müsabiqədə iştirak etmək istəyən abituriyent, həm də V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilər. Beləliklə, abituriyentlərə ilk dəfə iki müxtəlif ixtisas qrupu üzrə müsabiqədə özlərini sınamaq şansı verilməklə, onlar üçün əlavə imkanlar yaradılıb.Daha bir yeniliyə əsasən, bu ildən tam orta təhsil (11 illik) bazasında kolleclərə qəbul cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə əsasən həyata keçiriləcək. Orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün isə kolleclərə qəbul buraxılış imtahanı səviyyəsində iyulun 2-də keçiriləcək qəbul imtahanının nəticələrinə əsasən aparılacaq.
Ərizə qəbulunun statistikası göstərir ki, bu yenilik minlərlə gənc tərəfindən müsbət qarşılanmışdır. Belə ki, 17802 nəfər abituriyent I-IV ixtisas qrupları ilə yanaşı V ixtisas qrupuna və kolleclərə ərizə təqdim edib. Onlardan 4913 nəfəri V ixtisas qrupu üzrə, 12889 nəfəri isə kolleclər üzrə qeydiyyatdan keçib.
Ümumilikdə, V ixtisas qrupuna 10446 abituriyent müraciət edib. Onlardan 4894 nəfəri cari ilin, 5552 nəfəri əvvəlki illərin məzunlarıdır.
Orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün tam (11 illik) orta təhsil bazasında 17999 abituriyent qeydiyyatdan keçib ki, onlardan da 9213 abituriyent cari ilin, 8786 abituriyent isə əvvəlki illərin məzunlarıdır.
Qeyd edək ki, V ixtisas qrupu üzrə sənəd qəbulu mayın 18-də başa çatsa da, tam (11-illik) orta təhsil bazasında kolleclərə sənəd qəbulu may ayının 31-dək davam edəcək. Kolleclərin müsabiqəsində iştirak etmək istəyən ali təhsil müəssisələrinin I, II, III və IV ixtisas qruplarının hər hansı biri üzrə ərizə təsdiq etmiş əvvəlki illərin məzunu olan abituriyentlər və Azərbaycan Respublikasının orta məktəblərini 2015-ci ildə bitirən abituriyentlər həmin vaxta kimi kolleclərə elektron ərizə təsdiq etməlidirlər.